23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Əcəli çatmamış ölənlər
Tarix: 25-09-2018 19:38 | Bölmə: Kənan HACI
Əcəli çatmamış ölənlər

Şair həssaslığı... Bu, insanı məhv edən bir duyğudur. Türk şairi Ahmet Arhan demiş, bu duyğu “alıb alkola götürür insanı”. Bu tale azmı şairimizi əlimizdən alıb?!

Cahit Sıtkı Tarançı çox sevdiyim şairlərdəndir. Vaxtilə Əhməd Həmdi Tanpınar onun haqqında belə yazmışdı: “Onun alkola gedişi hamımızdan fərqli idi, sanki içində bir başqası vardı, onun susuzluğunu, yanğısını yatırmaq üçün içirdi”.

Bizim ədəbi cameədə də şairin içki içməyinə bir az tühaf yanaşmalar olurdu və elə indi də var. Guya içki ancaq şairlər üçünmüş. Şairin meyə aludə olmağı nədənsə toplumun diqqətini daha çox çəkir. Nə sirdisə...

Huşyarlıqdan məstanəliyə bir qədəhlik yol var. Əliağa Vahid deyirdi “biz gərək badeyi-gülguni həkimanə içək, pozmayaq rövnəqini məclisi-məstanəmizin”. Şairlərin içindəki tükənməz şərab sevdası, badəpərəstlik nədən qaynaqlanır? Aşırı həssaslıq ayıq başla yaşamağı işgəncəyə çevirir – şairlərin başının bəlası budur. Onlar sanki bu dünyanın adamı deyillər, şərab istemal etməklə qısa müddətliyə özlərini yad hesab etdikləri bu məkandan uzaqlaşdırırlar. Qəribədir, Ahmet Arhanı alkol xəstəsi olduğu üçün əsgərliyə də aparmayıbmışlar. Özü gedib yalvarıbmış ki, məni əsgərə yollayın, lütfən!

Qaraciyər serrozu... Buna şair xəstəliyi deyirlər. Şairlərin ən zəif yeri qaraciyəridir. Türk şeirinin azman isimləri Cemal Sürrəya serrozdan öldü, Turqut Uyar serroza təslim oldu, ünlü şairimiz Adil Mirseyidin qaraciyəri içindəki bulud adamın ağırlığına dözmədi, funksiyasını itirdi... Lənkəranda yaşayan istedadlı bir şair vardı – Anar Həbiboğlu. Gənc idi. “Mən də öləcəyəm qaraciyərdən”,- yazdı və yazdığı başına gəldi. Deyilənlər gəldi başa... Onda mən yazmışdım:

“Qoruya bilmədik” söyləyəcəklər,
sonra birdəfəlik unudacaqlar.
Kiminsə ciyəri şişəcək yenə,
Qaraciyəriylə oynayacaqlar.


Sübh tezdən oyanıb yorğunluq qəhvəsi içə-içə bu yazını yazıram, neçə gündən bəri beynimdə dolaşan fikirləri yazmadan rahatlaşa bilmirəm.

Əllərim beynimə alkol səpir,
niyə belədir, nədən,
soruşmuram artıq.
Yalnızlıq, yalnızlıq,
Bir dəfə olsun qağayıların türküsünü
tərsinə oxuyaq,
ölümsə ölüm,
yaşamsa yaşam.
Ayna elə o ayna... o ayna.


Ahmet Arhan yazır bunu. Sərxoşluq uçurumundan sağ çıxmış şair.

Biz ağrılarımızdan xilas olmağa çalışırıq; son nəfəsəcən bizi təqib edən ağrılardan. Amma dərmanımız alkol deyil. Şərab müvəqqəti ağrıkəsici kimidir, təsiri bitincə daha öldürücü ağrılar başlayır. Huşyar ikən bunu anlayanlar xilas olur. Sonu ölümlü dünyada əcəlimiz çatmamış niyə ölək axı?! Türklər demiş, içginin çoxu zərər, azı qərardır. Arzu edək ki, həmişə şərabdan deyil, həyatın sevinclərindən xumarlanaq. Qaraciyərdən ölməyək!

Müəllifin bütün yazıları - Kənan HACI



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}