O dünyadan məktub
Tarix: 08-04-2018 19:09 | Bölmə: Mahir Qabiloğlu
O dünyadan məktub

Oğlum Mahir! Sənə o dünyadan salamlar. Burda hər şey yaxşıdır. Qohumlar, dostlar – hamımız yaxşıyıq. Hamı can deyib, can eşidir. Problem də ki yox… Haqq-hesab deyilən şey ki var e… O çox da qorxulu deyil. Biz şairlər üçün ümumiyyətlə yol açıqdır. Axı peyğəmbərlərdən sonra biz gəlirik. Nasirlərin isə işi ağırdır. Mənə sual verəndə dedim ki, peyğəmbərlərdən sonra şairlər gəlir, yaxud da ki, bir rübaimi dedim bağladım Hinkir-Minkiri. Hüseyn Abbaszadəyə isə bir sual verdilər, başladı "General” romanından parça oxumağa, onların da hövsələsi çatmadı, hirsləndilər. Basdılar yazığı Cəhənnəmə. Güc bəla ilə, Yazıçılar İttifaqının təqdimatını göstərəndən sonra yazığı çıxartdıq ordan. İndi də peşmandır ki, axı niyə mən şeir yazdığım halda, sonra nəsrə keçdim. Ona görə də Anar, Elçin, Çingiz Abdullayevə, İntiqam Qasımzadəyə de ki, işlərini ehtiyatlı tutsunlar. Onu da çatdır ki, burada Təhminə-zad, Poçt idarəsində xəyal, yaxud da ki detektiv keçmir. Burada elələri var ki, Təhminəni cibinə qoyar, xəyalları alt-üst edər, bossları mat yox, pat qoyar.

Mən öləndən sonra eşitdim ki, çox pis olmusan. Nəbadə. Əksinə sevin. Ruhum azad olub. Sənin də bu dünyada arxan çoxalıb. Buradakı arxalar daha güclü, sizin dilinizlə desək, arxalıdır. Siz bilməzsiniz belə şeyləri.

Demə mənə əziyyət verən bədənim imiş. İndi nə şəkərim, nə təzyiqim var, nə ürəyim ağrıyır, nə qara ciyərim. İstəyirsən səni də başa salım. Uşaq idin. Sənə sual verdim ki, radio nə ilə işləyir? Dedin, batareya ilə. Bir də sual verdim. Dedin, tokla. Əsəbiləşib səni vurdum. Necə yəni sən bilmirdin ki, radio dalğa ilə işləyir? İndi səni başqa cürə başa salıram. Radio da, televizor da həm elektrik enerjisiylə, həm də dalğa ilə işləyir. Tok onların cismi, dalğa isə ruhudur. Xarab olanda onların cismini qurdalayıb, bərpa edirlər. Ehtiyat hissələri tapılmayanda isə zibilə, yəni "qəbiristanlığa” atırlar. Dalğa isə göydə gəzə-gəzə qalır. İndi biz də göydə gəzə-gəzə qalmışıq. Ruhumuzu azad buraxmışıq. Ay oğullar, Sizin buraxdığınız səhvləri görürük e, sadəcə müdaxilə edə bilmirik. Heydər də, mən də, Rəsul da, İlyas da, Səməd də, Nəbi də, Bəxtiyar da.

Bəxtiyar o gün pis olmuşdu, qanı qaralmışdı… Soruşdum ki, alə, niyə qanıqarasan? Dedi ki, Qabil, mənə heykəl qoyublar hər şeyim var – bədənim, başım, kostyum-şalvarım. Ayaqlarım isə yoxdur. Ay məni qranitdən yonan k…, 100 min manat hökumət pul verib sənə. Hər şeyim var, ayaqlarımı niyə ixtisara salmısan? Sənin təxəyyülün, modernizmin mənə qalmışdı?

Mən də ona ürək-dirək verdim ki, ay Bəxtiyar, səndə ayaq yoxdur, məndə, Rəsulda, İsmayıl Şıxlıda, Səməd Vurğunda, Bülbüldə təkcə başdır, Mirzə İbrahimovda, Nəbi Xəzridə, neçə-neçə başlar yaradan Fuad Əbdürrəhmanovda heç o da yoxdur. Mən, onlar onda gərək özlərini öldürsünlər. Ondan sonra Bəxtiyar sakitləşdi.

Ay oğul, oradakı yaxınlara, hamıya de ki, əmmamə qoysunlar, bir də 200 manatlıq üzük taxsınlar. Deyəcəksən niyə? Çünki müsəlmana qalan budur. İndi bilmişəm ki, əmmamə - kəfən, üzük isə halallıqdır. Yəni ki çölün düzündə ölsən, yanından keçən səni kəfənləsin, basdırsın, üzüyü də götürsün – halallıq üçün. Oliqarxlara da, kasıblara da qalan budur. Bunu bu yaxınlarda bilmişəm. Sonra da gedib Fələstinin lideri Ərəfatdan üzr istəmişəm. Yanındadırmı həmişə onu televizorda görəndə deyirdim – "Başına ləçək dolayan oğraş”. Yaxud da bütün ərəb dünyasına "Başı əmmaməli oğraşlar, balaca İzraillə də bacarmırlar!”

O dünyadan məktub

Ay oğul, mən deyirdim e sənə… nə var elə o siz tərəfdədir – Cəhənnəm də, Cənnət də. Burda isə elə o dünyadır. Mən bura təzə gələndə elə deyildi. Sonra mizan-tərəzi burada da itdi. Belə getsə o biri üçüncü dünyanı kəşf edəcəklər.

O vaxt Azərbaycandan kənara çıxan bütün azərbaycanlılar öz bacarıqları ilə fərqlənirdilər. İstər ticarətdə, istər ağılda, istərsə də elmdə. İndi də burada başlayıblar. Heş kim onlarla bacarmır. Çox məntiqlidirlər. Hətta mən də onların bu işlərindən xəbərsiz olmuşam. Yoxsa "Ömür həbləri” romanımın 2-ci hissəsini çoxdan yazmışdım. Sən ağıllı oğlansan. Məqsədim sənə öyüd-nəsihət vermək deyil. Bunlardan səni də agah edirəm ki, ayıq olasan. Qorxub eləmə. Sadəcə başa düş, başını götürüb ölkədən çıxma. Buna həyat deyirlər. Nəbadə buna qarşı mübarizə aparasan. Sadəcə olaraq yeni yollar axtar. Təşəbbüskar ol. Öz təkliflərini ver. Elə et ki, milyoner milyarder olsun. Milyarder trilyarder.

Trilyarder isə… Yox… elə bilmə ki, sən də bunun müqabilində varlanacaqsan? Çörək pulun olacaq. Bu isə ən vacibidir. Ən vacibi isə mənəviyyatını qoru. Bir də ordakılara dəfələrlə onu da başa sal ki, bura hamı 2-3 metrəlik kəfənlə gəlir. Amma çox keyfiyyətlidir. Yox, yox işarə etmirəm a… Birdən kəfən alverinə başlayarsan a… Nəbadə yenilik edib ağ kəfənə zərdən-biserdən qatasan. Mərhumun şəklini, adını üstünə həkk edəsən. Onsuz da hər şeyi dəyişdiriblər. Ehsanı da, qəbiri də, başdaşını da, çadırı da.

Burada bir lətifə yadıma düşür: Keşiş görür ki, bir göyərçin hər gün gəlib oturur kilsənin başındakı xaça və onu mundarlayır. O da gedib xaçı təmizləyir. Bu hər gün davam edir. Axırda keşiş bezir. Çörəyi arağa doğruyur, qoyur xaçın yanına. Göyərçin də içir dəm olub yıxılır. Keşiş də quşu tutub deyir ki, ay göyərçin, xristiansansa xaçı niyə mundarlayırsan, müsəlmansansa niyə araq içirsən?

İndi lətifəsi bizdən uzaq. Burada indi məəttəl qalıblar. Bilmirlər ki, Azərbaycanlılar müsəlmandır, bütpərəstdir, atəşpərəstdir, yoxsa xristian. Yasin, Quran oxunanda, kəfənlənəndə müsəlmandır. Məzarı üstünə büst, heykəl, şəkilli başdaşı qoyanda bütpərəst. Novruz bayramında alovun üstündən hoppananda, şam yandıranda atəşpərəst. Qəbirin üstünə gül düzəndə, ehsan məclisində su butulkasında araq gətirib içəndə xristian. Mən də içmişəm e… Amma ehsanla zakuska eləməmişəm. Qıraqda gedib belə qələtlər eləmişəm. Ona görə də burada azərbaycanlılara metis deyirlər. Yəni həftəbecər. Hələ Göy məscidin yanında növbəyə duran qara maşınları demirəm… Ən keyfi onlardır.

Burdakılara danışmışam, mənə paxıllıq edirlər. Sağ olsunlar, məni də onlar gətirdilər. Üstünə yazmışdılar ki, "Maşın kondinsionerlidir”. Elə rahat gəldim. Ruhum da incimədi. Sərin idi. Lap adamın vurmağı gəlirdi. Belə getsə Cənnətə qəbzlər satmağa başlayacaqlar. Az qalıb. Ondan sonra bax dünyanın axırı çatacaq. Dostum Hacıbala demişkən: İnsan pulu idarə etməlidir, pul insanı yox. O dünya ilə bu dünya arasında bərabərlik yaranmağa başlayıb. Ən çoxu isə Hinkirlə-Minkirə yazığım gəlir. Hərdən bekar olanda gedib otururam yanlarında. Axı bu sahədə təcrübəm var. Bir müddət məhkəmədə xalq iclasçısı olmuşam e... Bəzən vəziyyət elə olur ki, burunlarının qanını axıdırlar yazıqların.

Mənlə işləri yoxdur. Axı bir nəfərin dostu olmuşam, ona görə də qorxurlar. Gördüklərimi sənə də əyan edirəm. Yaz, qohumlara da çatdır. Heç kimdə taqsır görməsinlər. Buralardan da bir şey umub eləməsinlər. Sadəcə olaraq xalqımız çox istedadlı xalqdır. "Çəkirəm, haa…” verilişi var idi e ATV-də…bu elə belə söz deyil. Böhran belə davam etsə, azərbaycanlılardan biri gedib atom bombası icarəyə götürəcək. Bir-bir ölkələrin ərazisindən keçərək bircə söz deyəcəklər: "Ataram, haa…” Dövlətlər də tökəcəy e, pulu ayaqlarının altına. Amma bir şey var da. Hər şey ağıllarına gələcək… bir şeydən başqa. Ermənistandan keçmək yadlarından çıxacaq. Deməyəcəklər ki, "Ay erməni, çıx torpağımdan! Yoxsa, ataram, haa…” Bir də ki, niyə etsinlər. Axı onların aksiyası iqtisadi aksiyadır. Erməninin çıxmağı siyasi məsələ, Qarabağ isə "Vanka-stanka”. "Donuz qripi” fason xəstəliklərdən qorxub eləməsinlər. Növbəti oyundur. Kimsə dərman icad edib. Ona uyğun da xəstəlik yaradıb ki, dərmanı xod getsin. Necə yəni ola bilməz? Vasif, Emin, Tofiq və başqa bəstəkarlar özləri burda Hinkir-Minkirə etiraf etdilər ki, birinci mahnını yazırdılar, sonra ona uyğun şer zakaz verirdilər.

İqtisadiyyatımız da belədir. Birinci malı istehsal edirlər, sonra bazarı yaradırlar. Əvvəlcə cavanları evləndirirlər, sonra məhəbbət gəlir. Əvvəl hamilə qadınları UZİ-yə salırlar, əgər oğlandırsa , uşaq onda dünyaya gəlir. Kütləvi İnformasiya Vasitələri böhtanı qara, böyük hərflərlə birinci səhifədə yayır, bir aydan sonra isə axırıncı səhifədə, kiçik hərflərlə təkzibini verir. Məhkəmələr günahsızı tutur, üç ildən sonra bəraət verərək azadlığa buraxır.

Bu yaxında gülməli bir şeylə rastlaşmışıq. İndiyəcən gülürük. Eşitmişik ki, Mətbuat Şurası reket qəzetlərin siyahısını elan edib. Yəni ki, bu qəzetlər bizim dillə desək rüşvətxordur. Belə çıxır ki, dövlət idarələri də elan verməlidirlər ki, ay camaat filan rayonlardakı nümayəndələrimiz əliəyridirlər, filan rayondakılar rüşvətxor?! Ora müraciət etməyin və sairə… Gülməlidir, elə deyilmi? Bəs onda Mətbuat Şurasına nə gəlib? Yəqin qəzetlərin incitdikləri adamlar onların bığının altından keçiblər. Ay oğul, sənə bir dənə də şey öyrədim. Sözün düzünü demək istəyəndə sualla de. Məhkəməyə sala bilməsinlər. Onsuz da hər şey bizə agahdır. Bizə isə…

Ay oğul, burada böyüyümüz Abdulla Şaiqdir, yəni avtoritetdir. Çox hörmətli adamdır. Bu yaxında o dünyada buraxılan səhvi düzəldiblər. Nobel qardaşları ona "Nobel mükafatı” verib. Yazdığı nağıllara görə. "Tülkü həccə gedir” ən çox oxunan əsərdir. Mənim "Səhv düşəndə yerimiz” şerim də məşhurdur. Heyf "Nəsimi” poemamdan. 10 ilə yazmışdım onu. Burda Nəsimiyə biznesmen kimi baxırlar deyə, səsimi çıxara bilmirəm. "Nəsimi bazarı” açmışdı, indi də heykəlinin ərazisində 4 mərtəbəli stoyanka, ticarət, iaşə mərkəzi tikdirib.

"Məndə sığar iki cahan, mən bu cahana sığmaram” deyə-deyə gəzir. O dünyadan da əl çəkmir, bu dünyaya da sığmır. Bir əldə iki qarpız tutmaq istəyir. Özün bilirsən də alverçinin hörməti olmur. Mirzə Ələkbər Sabir yanıb tökülür. Bəhri-təvillərini oxuya-oxuya qalıb. Hamı da deyir ki, bəsdir də "rep” oxudun… Cavanlıq eləmə. Meyxana müsabiqəsindəsən? Yaxşı ki, vaxtında öldün. Yoxsa sənin bu şerlərinə bir dənə də SMS göndərməzdilər. Sübut edə bilmir ki, "rep”i mən hələ 19-cu əsrin axırında icad etmişəm, adı da rep deyil, bəhri-təvildir.

Nə deyim. Deməklə qurtarmır. Yaxşı ki, məktub yazmağa qoyurlar. Heç olmasa ürəyimi boşaldıram.

Hörmətlə: Atan Qabil.

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}