Müstəqillik zəhəri
Tarix: 24-10-2016 14:14 | Bölmə: Mətanət ƏLİYEVA

"Keçmiş müstəqillik bayramınız mübarək!"

Bu sözləri gülmək üçün yazıram. Oktyabrın 18-də bəzi adamlar bir-birini ələ salmaq üçün qımışa-qımışa bu sözləri deyirdilər. Bu sözləri deyəndən sonra, rəhmətlik Nəsibə xanım Zeynalova demişkən, qəşş edib gülürdülər. İronik tərzdə deyilən bu təbrikin arxasında gülmək üçün çox hadisələr, əməllər var...

Müstəqillik bayramına təsadüf edən gündə telekanallarımız o qədər eyni yalanları təkrar etdilər ki, axırda zəhərləndim. Fikirləşdim ki, görəsən mən nədən zəhərləndim? Axı zəhərlənməyə səbəb olacaq bir şey yeməmişdim. Sonradan dərk etdim ki, televiziyaların danışdığı yalanlardan ürəyim bulanıb (oxuculardan üzr istəyirəm) zəhərlənmişəm, yalanları həzm edə bilməmişəm. Ciddi deyirəm, psixoloji gərginlikdən də mədə pozuntusu ola bilər. O qədər yalan danışdılar ki, axırda zəhərləndim. Hələ də özümə gəlməmişəm.

Xəstələnəndə çalışıram özüm sağalım, həkimə getməyim, çünki xəstəlikdən çox həkimlərdən qorxuram. Pul qoparmaq üçün elə diaqnoz qoyurlar ki, adamın zəhri yarılır. Bunun da əvvəli savadsız həkimlər buraxan Azərbaycan Dövlət Tibb Universitetindən başlayır.

Xəstə olmağıma baxmayaraq, müstəqillik gününün səhəri Tibb Universitetinin müəllimi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "Reytinq" qəzetində (16 oktyabr 2016) dərc olunmuş "Rektorun seçimi və ya Tibb Universitetinin problemləri" başlıqlı yazısını oxuyub müəllifə dərhal zəng etdim və təşəkkürümü bildirdim.

ƏliƏliyev Tibb Universitetinə 6 ay bundan qabaq rektor təyin olunmuş Gəray Gəraybəyliyə edilən (həm də mətbuat vasitəsi ilə) təzyiqlərdən yazır. Yazıdan məlum olur ki, yeni rektor Universitetdə maliyyə dövriyyəsində şəffaflıq yaratmaq istəyir.

Yazıdan bir neçə cümləni olduğu kimi qeyd etmək istəyirəm:

"Hiss olunur ki, anonim müəlliflər nədənsə Universitetin gəlir nöqtələrini yaxşı bilirlər", "İndi "yem" əlinizdən çıxdığından "anonimşikliyə" başlamısınız", "Bu ilin yaz mövsümündə Rezidentura şöbəsinə qəbul imtahanı keçirilib. 500 vakant yerə ərizə vermiş 1295 nəfər, əsasən fərqlənmə diplomu iddiaçılarından ibarət heyətdən təqribən 850 nəfəri imtahanın birinci pilləsindəcə kəsilib".

Ə.Əliyev yazır ki, yeni rektorun "Hər şey qanun çərçivəsində olmalıdır, kadr məsələsində rüşvət olmayacaq",- devizini Universitetin dəhlizində ara-sıra qeyri-leqal toplaşan nadanlar "Universitet bizimdir, heç kəsə vermərik!"- şüarı ilə qarşılayırlar.

Ə.Əliyev yazır ki, G.Gəraybəylini belə yırtıcı qüvvələrlə üz-üzə qoysaq, onun gücü çatmayacaq, yenidən əsasən küt, lakin diplomlu həkimlər ordusu çoxalmaqda davam edəcək.

Bu yazını oxuyandan sonra çox fikirləşdim. Əvvəla, Gəray Gəraybəyli bir ad çəksin ki, konkret olaraq kim ona mane olur, həmin adamı Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafi kimi saqqalından tutub sürüyək, Universitetin binasından küçəyə ataq.

İkincisi, fikirləşdim ki, Gəraybəylini həmin vəzifəyə prezident İlham Əliyev təyin edib və onda belə çıxır ki, prezidentin səhiyyə mafiyasına gücü çatmır.

ƏliƏliyevin nəzərdə tutduğu adamların əməllərində konkret cinayət faktları var. Niyə hüquq-mühafizə orqanları onları həbs etmir?

25 illik jurnalist təcrübəm mənə çox dərslər verib. Belə məsələlərdə qolumuzu çırmalayıb meydana girmişik, sonra başa düşmüşük ki, sən demə, klanların pul davasında vətən, xalq vasitə imiş.

Jurnalistlər problemləri qaldırmaqla çox vaxt işverənlik edirlər. Öz təcrübəmdən bir neçə fakt danışım. Bir neçə il əvvəl sanitariya (heç bir fəaliyyəti olmayan idarənin adını təxmini yazıram) idarəsinə zəng edib dedim ki, qəzetimizin yerləşdiyi həyətdə siçovullar artıb, gəlin zirzəmiləri dərmanlayın. Bir nəfər yaşlı qadın gəlib çantasından bir qutu zəhər, bir dilim kolbasa çıxartdı, kolbasanı zəhərləyib zirzəmiyə qoydu. Dedi ki, zəhəri və kolbasanı öz puluna alıb, idarədən onlara heç nə vermirlər.

Bu haqda qəzetimizdə yazı çıxandan iki gün sonra "Yeni Müsavat" qəzetində xəbər dərc olundu ki, həmin idarənin rəisi həbs olunub. Amma onun nə məhkəməsi keçirildi, nə də sonrakı taleyi ilə bağlı bir məlumat verildi. O vaxtdan həşaratlar artmaqda davam edir, sözün həqiqi mənasında siçanlar artıq adam yeyirlər. Sonradan bildim ki, mətbuatda gedən məlumatlardan sonra MTN əməkdaşları belə adamların başına torba keçirib aparır və oğurladıqlarını alıb buraxırlar.

Cəbhə bölgəsində cərrah işləyən bir qohumum danışdı ki, ağır yaralıəsgəri gətirirlər, onu təcili Bakıya aparmaq lazım gələndə görürəm ki, maşınlarda benzin yoxdur, benzini öz vəsaitimləalmalı oluram. Bu haqda yazandan sonra da benzin oğrularının tutulması haqqında məlumat oxudum, məhkəmə faktlarına rast gəlmədim.

İndi cəbhə zonasında vəziyyətin necə olmasından xəbərim yoxdur. Qohumlarım mənim yanımda belə söhbətlər etməyə qorxurlar. Daha doğrusu, mənim yazmağımdan və işlərini itirməkdən çəkinirlər.

Başımın daşdan-daşa dəyməsinə baxmayaraq səhiyyəmizin düzəlməsi xatirinə Gəray müəllimə kömək etməyə hazıram. Həm də inanmıram ki, böyük sənətkar Ağasadıq Gəraybəylinin nəvəsi klanların əlində alət olsun.





Bölməyə aid digər xəbərlər