23:03 / 15-12-2018
Şərqi necə xilas etməli?
YAP-çıların çömçəsi
Tarix: 17-01-2017 18:05 | Bölmə: Mətanət ƏLİYEVA

YAP-çıların qurduğu müstəqil dövlətimizdə 2016-cı Meymun ilini yola salıb 2017-ci Xoruz ilinə qədəm qoyduq.

2016-cı il ağır il olduğu kimi, çox çətinliklə təhvil oldu. Meymun ilinin əvvəlindən başlayan iqtisadi çətinliklər ilin sonunda ağır yolxucu xəstəliklə insanların kələyini kəsdi.

Mən, 53 illik həyatımda belə ağır xəstəliyi bəlkə də keçirməmişdim. Qızdırma, titrətmə, öskürək, yuxusuzluq... Özümü indiki kimi halsız, bədbin, ümidsiz hiss etməmişdim. Az qala bir ay olub, hələ də özümə gələ bilmirəm.

Ümumiyyətlə, mənim xəstəliyə dözümüm yoxdur. Xəstələnəndə ölmək istəyirəm ki, rahatlaşım.

Gözümü açandan xəstələnəndə dərman görməmişəm. Turşulu, istiotlu kəsmə əriştə, keçi piyi ilə kürəyi ovxalayıb banka qoymaq, tərləyib sağalmaq bizim müalicəmiz olub.

36 ildir anam, ondan 40 gün sonra nənəm rəhmətə gedib. O vaxtdan sonra nə banka qoyan olub, nə də əriştə bişirən. Yəqin ona görə hər dəfə xəstələnəndə depressiyaya düşürəm və xəstəliyim aylarla çəkir.

Səhiyyəmizin vəziyyəti elədir ki, yalnız türkəçarəyə ümid edə bilərik.

Əvvəlki yazımda Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdən xahiş etmişdim ki, icbari tibbi sığortanın tezləşdirilməsi məqsədilə kütləvi etiraz aksiyası təşkil etsin. Əli Əliyev bu təklifdən imtina etdi.

Hərdən adam fikirləşir ki, bəlkə yolunu azmışlar ağıllanar, haqqın yoluna qayıdar. Amma görünür, bu, mümkün deyil.

İcbari tibbi sığortanı 2 rayonda təcrübə kimi başladılar, halbuki dünyada uğur qazanmış bu üsulu bütün ölkədə tətbiq etmək olardı.

Mənə dedilər ki, 2 rayonda bunu tətbiq etməkdə məqsəd vaxtı bir qədər də uzatmaq, səhiyyə mafiyasının bir müddət də milyonlar qazanmasına imkan yaratmaqdır.

İldən-ilə ölkəmizdə ləyaqətini qoruya bilən adamların sayı azalır. Əksəriyyət sınır, mənliyini itirir, qəddarlaşır, şəraitə uyğunlaşır. Ləyaqətli adamların sayı barmaqla sayılacaq qədər qalıb. Şükür ki, bütün xalqı sındırmaq mümkün deyil. Bütün xalqı sındırsaydılar gələcəyimiz bundan da faciəli olardı.

Mən bu ərəfədə iki şeyə sevindim. Prezident Hacıqabul rayonunda 5 kəndə yol çəkmək üçün 14 milyon manat ayırdı. Yol, su mədəniyyətdir, inkişafdır, insanların rahatlığı, firavanlığıdır. İndi bu puldan nə qədər oğurlayacaqlar deyə bilmərəm. Bizim məmurlar oğurluqdan utanmırlar.

İkinci sevindiyim hadisə Cahangir Novruzovun (rəhmətlik Nəsibə Zeynalovanın oğlu) Mədəniyyət kanalına verdiyi müsahibə oldu.

Dahi aktrisamız Nəsibə xanım xalqımıza yalnız sənətilə misilsiz xidmət göstərməyib. İndiyə qədər gördüyüm öz sözünü deyən ziyalını da xalqımıza Nəsibə xanım bəxş edib. Əsil-nəcabət buna deyərlər. 9 milyonluq xalqın içərisində öz sözünü deyə bilən ziyalı qalıbsa, demək, gələcəyə ümidlə baxmaq olar.

Bizim YAP-çıların qurduqları dövlətin qüdrəti ilə öyünmələri yadıma bir lətifəni salır.

Bir gün bir evə qonaq gəlir. Evin adamları süfrə arxasına keçib nahar edirlər. Evin xanımı çömçə ilə qazandan hamının qabına yemək çəkir. Bu vaxt evin kişisi xanımı əsəbiləşdirir, xanım çömçəni kişinin başına vurur.

Qonaq görür ki, kişi pərt oldu, deyir:

"Sən kefini pozma. Sizdə hələ yaxşıdır. Mənim arvadım hirslənəndə saqqalımdan tutub məni sürüyür".

Ev sahibi özünü çəkib deyir:

"Özünə fikrin getməsin. Mən saqqal ələ verən kişilərdən deyiləm".

Torpağının 20 faizi 25 ildir işğalda olan, dövlətin təhlükəsizliyini qoruyan generalları quldurluqla məşğul olan bir dövlətin məmurlarının gecə-gündüz xalq üçün işləmələri barədə yalanlar danışması çömçə söhbətinə oxşayır.

Yəqin ki, 2017-ci Xoruz ili YAP-çılara düşərli olar. Onların lideri Heydər Əliyev ilk dəfə 1969-cu ildə - Xoruz ilində dövlət başçısı təyin olunub.

Heydər Əliyev ikinci dəfə - 1993-cü ildə hakimiyyətə gələndə də Xoruz ili idi.

Münəccimlik elmi həmişə olub və hər bir insan həyatının ötən illərini təhlil etsə, mütləq maraqlı faktlar aşkar edə bilər.

Mənim Xoruz ilində böyük bir arzum var. Bu il birdəfəlik rayona köçüb orada yaşamaq istəyirəm. Şəhər həyatı mənim üçün işgəncədir. Hər gün yuxudan duranda həyəti, bağı gəzmək, şehi, dumanı görmək, torpağın ətrini duymaq, uzaqlara tamaşa etmək mənim üçün ən böyük xoşbəxtlikdir.

Şəhərdə ətrafa baxanda hündür binaları, asfaltı görmək dəhşətdir. Rayonda torpağı əkmək, heyvan saxlamaq, firavanlıq, gözəllik yaratmaq mənim həyatımın mənasıdır.

Birdəfəlik rayona köçmək üçün bir-iki problemi həll etməliyik, bu problemlərin həlli də bir qədər çətin görünür. Arzuma çatıb rayona köçsəm, çalışacam ki, ümumiyyətlə, televizora baxmayım, ölkədəki haqsızlıqdan, əxlaqsızlıqdan xəbərim olmasın.

Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam",- misralarını tez-tez xatırlayıram. Bu boyda ölkədə özümə yer tapa bilmirəm.

Yazımın sonunda Qubadan olan 10 yaşlı Nurayın məsələsinə münasibət bildirmək istəyirəm. Körpəlikdən anasını itirmiş bu qızı xalası qəyyumluğa götürüb, böyüdüb. 10 ildən sonra ata peyda olub, məhkəmə qızın atasına verilməsi barədə qərar çıxarıb, məhkəmə icraçıları qərarı icra etmək üçün qızı sürüyüblər.

Qızın xalası deyib ki, ata ona görə qızı istəyir ki, kənddə yaşayan anası tək qalıb, qızı kəndə qoymaq istəyir ki, nənəsinə baxsın.

Bu məsələdə məmurlar çoxlu cinayətlər ediblər. Baş həkim atanın (ata həkimdir) aliment verməsi barədə iş yerindən saxta arayış verib. Hakim qeyri-qanuni qərar çıxarıb. Qəyyumluq idarəsi qanunu pozub. Məhkəmə qərarlarının icraçıları qıza qarşı zorakılıq ediblər.

Hüquq müdafiəçiləri, deputatlar, jurnalistlər, məmurlar özlərini reklam etdilər, pafoslu sözlər dedilər, amma heç kim məmurların cinayətindən danışmağa cəsarət etmədi. Halbuki cəmiyyətimizdəki bütün bəlaların, faciələrin kökündə əksər məmurların rüşvətxorluğu durur. Bunu bilib susmaq əxlaqsızlıqdır.





Bölməyə aid digər xəbərlər