Tutulmayan oğru...
Tarix: 29-05-2017 16:39 | Bölmə: Mətanət ƏLİYEVA


Bu yazımın heç nəyi dəyişməyəcəyini bilsəm də, yazmağı özümə borc bilirəm.

Saleh peyğəmbərin əhvalatında deyildiyi kimi, pis əməlləri törədənlərlə həmin əməlləri görüb susanlar Allah qarşısında eyni cəzaya malikdirlər. Görünür, elə ona görə də ölkəmizdə cinayət törədən adamlarla cinayətə susanlar eyni əzabı yaşayırlar.

Cinayətkarların cəzasız qalması ölkəmizi cəhənnəmin qır qazanına döndərib. Hamımız qır qazanında yanırıq. Əksəriyyət ölkədən qaçmaq barədə fikirləşir. Oturub gözləyənlər də var. Gözləyirlər ki, kimsə ölkəni cənnətə döndərəcək, onlar da cənnətin meyvələrindən yeyib ağacların kölgəsində əylənəcəklər.

Ağıllı adamlar bilirlər ki, havayı pendir yalnız siçan tələsində olur. Necə ki, bir çox ərəb ölkələrində insanlar inandılar ki, Qərb gəlib onlar üçün cənnət yaradacaq və ona görə də ölkələrinin işğalında Qərbə kömək etdilər. Hazırda bombalar altında qalan, qaçqın düşən ərəblər öz satqın əməllərinin cəzasını çəkirlər.

Azərbaycanda heç bir dövlət strukturu öz vəzifəsini layiqincə yerinə yetirmir, onların əsas vəzifəsi qeyri-qanuni yollarla pul əldə edib mafiya qarşısında öhdəliklərini yerinə yetirməkdir.

Səhiyyə naziri Əli İnsanov məhkəmədə demişdi ki, məmurlar 30 faizə işləyirlər. Yəni xalqdan taladıqları pulun 30 faizini özlərinə saxlayır, 70 faizini mafiyanın kassasına verirlər. Bu hesabla götürəndə dəhşətli faktlar ortaya çıxır. Məsələn, 20 ildən artıq nəqliyyat naziri olmuş Ziya Məmmədov dəmir yolu sistemini yerli-dibli məhv etdi. Bu gün məlum olur ki, hətta onun şəxsi təyyarəsi də var. 30 faizə işləyən Ziya Məmmədov bu qədər oğurlayıbsa, gör yuxarıdakılar nə qədər oğurlayıblar.

Cinayətkarları cəzalandırmalı olan dövlət strukturlarından biri polisdir. Hacıqabul rayonunda baş verən cinayətləri əlimdə əsas tutaraq polislərin hazırkı fəaliyyəti və əhalinin polisə münasibəti barədə yazmaq istəyirəm. İki ay bundan əvvəl Hacıqabulda qohumlarımın evinə oğru girdi. Bir qohumumun evindən bütün əşyalarını (təxminən 5-6 min manat dəyərində) oğurladılar.

Bir faktı qeyd edim ki, qohumum 700 manat dəyərində olan kondisionerin kredit borcunu ödəməmiş onu qutusu bağlı vəziyyətdə aparıblar.

Oğurluq faktı qeydə alınsa da, indiyə qədər heç bir xəbər yoxdur. Rayonumuzda demək olar ki, hər həftə oğurluq olur, amma oğrular tutulmur. Polisin vəzifəsi oğrunu tutmaqdırsa, bəs polis niyə öz vəzifəsini yerinə yetirmir? Bəlkə polisdə işləyənlər cinayətkarlardan pul alıb cinayəti ört-basdır edirlər? Bəlkə cinayəti açmağa savadları çatmır?

Əslində bunlar da səbəb ola bilər. Çünki, yalan-doğru deyirlər ki, polis orqanlarına işədüzəlmək üçün, Polis Akademiyasına qəbul olunmaq üçün bəzən külli miqdarda rüşvət vermək lazım gəlir.

Hacıqabul rayonuna təzə polis rəisi təyin olunub. İddialara görə, rəis xırda bir xətaya görə vətəndaşlardan külli miqdarda rüşvət tələb edir. Vətəndaşlar onun bu hərəkətini anlaşma ilə qarşılayıb deyirlər: "Rəis verdiyi pulu çıxartmaq istəyir.”

Polisi cinayət etməyə və cinayətkarı cəzasız buraxmağa məcbur edən əsas səbəb ölkənin mafiya qanunları ilə idarə olunmasıdır. Yuxarıda yazdığım kimi, məmurlar, o cümlədən polis rəisləri 30 faizə işləyirlər. Hər ayın sonunda rəislər mafiyanın haqqını çatdırmalıdırlar. Rəis vəzifəsində qalmaq üçün bu pulu toplamalıdır. Belə olduqda isə, bütün vasitələrə əl atılmalı, vətəndaşlar şərlənməli, cinayətkarlar himayə edilməlidir və s.

Yeri gəlmişkən, Hacıqabul narkomanların sayına görəölkədə ən qabaqda gedən rayonlardan biridir və oğurluğun baş alıb getməsinə görə əhali əsasən narkomanlardan şübhələnir. Sonradan yaranan bu rayon kasıb olduğu üçün rəislərin əsas gəlir yeri narkotik alverçilərindən alınan "aylıqdır”. Rayonda narkotik alverçilərini hamı tanısa da, polisin guya onlardan xəbəri yoxdur. Bu baxımdan məntiqlə yanaşanda mənim qohumlarımın evindən oğurluq edənləri polis tapmayacaq. Əhali arasında deyildiyi kimi, bəlkə də polis çoxdan oğruları tapıb, pulunu alıb buraxıb.

Mənim yazdıqlarım həqiqət olsa da, onları sübut etmək mümkün deyil. Bu da bir həqiqətdir ki, mafiyanın qulluğunda duranlar sadə vətəndaşlar kimi cəhənnəmin qır qazanında qaynayırlar.(Mənbə: impulsqazeti.az)






Bölməyə aid digər xəbərlər