23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ölü karvanı
Tarix: 11-06-2017 15:57 | Bölmə: Mətanət ƏLİYEVA


Bakı-Şamaxı magistralı ölü karvanını xatırladır.

Bizdə qayda belədir ki, ölü dəfn edilmək üçün qəbiristanlığa aparılan zaman cəsədin qoyulduğu yük maşını ən aşağı sürətlə qarşıda gedir, onun arxasınca maşın karvanı irəliləyir. Təsadüfən maşın karvanı ilə rastlaşan sürücülər də ölü maşınını keçmir, karvanın arxasınca hərəkət edir. Karvan məzarlığa dönəndə kənar maşınlar sürəti artırır.

Bakı-Şamaxı magistralında hər gün belə vəziyyətdir. Yolda 10 kilometrlərlə düz xətlər çəkildiyi üçün saatda 20 kilometrlə gedən yük maşınının arxasında karvan düzülür, qırıq-qırıq xəttə çatana kimi heç kim yük maşınını ötə bilmir. Düz xətt olan yerlərdə yol polislərinin maşınları şütüyürlər, səbri çatmayıb ötən sürücünü dərhal cərimə edirlər. Cərimə böyükdür - 50 manat.

Sürücülərin iddiasına görə, belə vəziyyəti yol polisləri qəsdən yaradırlar ki, pul qazansınlar. Hətta deyirlər ki, bəzən yük maşınları ilə sövdələşərək onları qəsdən yola buraxırlar.

Problem bununla bitmir. Heç bir səbəb olmadan magistral yolda sürəti qəflətən 60-70-ə salırlar. Bakı-Şamaxı magistralında maşın sürmək üçün böyük səbr və böyük pullar lazımdır.

Ölkədəki böyük problemlərin içərisində bu məsələ çox kiçik görünə bilər. Amma belə kiçik problemlər hər addımda vətəndaşları təqib edərək, onların əsəbələrini pozur və bunlar üst-üstə yığılaraq ümumilikdə cəmiyyətdə aqressiya yaradır.

Bakı-Şamaxı magistralında sürücülərin əsəblərini pozmaq və ciblərini soymaqla pul əldə edən bəzi polis əməkdaşlarının və onları himayə edənlərin şüursuzluğunun kökünü özümün dərk etdiyim səviyyədə izah etmək üçün başqa faktları misal göstərmək istəyirəm. Şüursuz adam əməlinin nəticəsini dərk etmir və nəzərə alsaq ki, insanla heyvanı fərqləndirən birinci şərt şüurdur, bəzi şüursuz adamların polis orqanlarında işləməsi xalqın faciəsidir.

Şamaxıda dövlət idarələrinin birində tualet (ayaqyolu ) pis gündə idi. Qapı bağlanmırdı, işıq yanmırdı, unitaza su tökmək üçün vedrə qoyulmuşdu. Regionda lider olan dövlətin idarələrində belə vəziyyətin olması biabırçılıqdır.

Amma ictimai tualetlərin pis gündə olmasının səbəbkarları təkcə bu məsələyə görə məsul olan şəxslər deyil. İctimai tualetlərdən və yaxud magistral yolların ətrafındakı obyektlərdə olan pulsuz tualetlərdən istifadə edən bir çox vətəndaşlar sonda işığı söndürmür, əlini yuyandan sonra suyu bağlamır, unitaza su tökmür, pampersi, siqaret kötüyünü, su butulkasını, polietilen torbanı tualetdə yerə atıb gedirlər. Belə adamlara görə normal ictimai tualet saxlamaq mümkün deyil.

Psixoloqlar adətən belə problemlərin səbəbini və həllini axtarırlar. Mənə belə gəlir ki, bu, sadəcə olaraq, övladına vaxtında valideyn tərəfdən tərbiyə verilməməsinin nəticəsidir.

Narkotik maddə qəbul edib bahalı maşınlarda yüksək sürətlə insanları əzib keçən bəzi vəzifəlilərin uşaqları da şüursuz heyvan kimidir. Valideynləri onlar üçün milyonlar xərcləsə də, müsbət nəticəsi olmayacaq, çünki vaxtında övladlarının şüurlarını inkişaf etdirməyiblər. Uşağın şüurunu necə inkişaf etdirmək konkret mövzudur, bunun üçün savadlı psixoloqlar var.

Şüursuz adam özünü bütün münasibətlərdə biruzə verir. Son dövrlər borc üstündə adam öldürmək faktları artıb. Şüurlu adam borcu vaxtında qaytara bilməyəndə qarşı tərəfdən üzr istəyir, bir qədər gözləməyi xahiş edir. Şüursuz adam isə pulunu geri istəyəni təhqir edir, bəzən pulu olsa belə borcunu qaytarmaq istəmir, borc verən adamı o həddə çatdırır ki, o ya pulundan əl çəkir, ya da cinayətə əl atır.

Məntiqlə yanaşanda cəmiyyətdə inkişaf getməlidir. Bizdə isə əksinədir, bəzi insanlar gündən-günə vəhşiləşir, qəddarlaşır və mənəvi deqredasiya sürətlənir. Bunun konkret səbələri var. Mən əsas səbəbi dövlət idarəçiliyində görürəm. Məmurlar vətəndaşları alçaldırlar, vətəndaşlar da digərlərini alçaltmaqla özlərini sakitləşdirirlər.

Yeri gəlmişkən, şikəst vətəndaşlar rüşvətsiz müavinət ala bilmədikləri halda sağlam adamlar rüşvət verib müavinət alırlar. Mən bir neçə nəfərə şikəst adamların haqqını yeməyin haram olduğunu deyəndə belə cavab verdilər:

"Yuxarıdakılar büdcənin milyardlarını dağıdırlar. Bizə də qəpik-quruş çatır”.

Ölkəmizdə hazırda vəzifə dəyişiklikləri baş verir. Hökumət adamları bunu xalqa islahatların başlanğıcı kimi təqdim edirlər.

Əvvəllər vəzifə dəyişikliyi belə gedirdi. Məsələn, bir rayonun icra başçısını dəyişəndə o, ilk növbədə rayondakı sahibkarların əmlaklarını əllərindən alırdı. Sahibkar əmlakını verməyəndə başçı deyirdi ki, bu ərazidə tikinti-abadlıq işləri aparılacaq və həmin sahibkarın əmlakını sökdürürdü. İnşallah, budəfəki islahatlar belə olmaz.

 

 

 


Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

{sape_links}{sape_article}