Putin variantı və miskin qullar
Tarix: 23-12-2017 11:40 | Bölmə: Mətanət ƏLİYEVA
Putin variantı və miskin qullar

“Reytinq” qəzetindən oxudum ki, Beyləqanın hazırkı icra başçısı Vaqif Abdullayev 40 yaşında ali məktəb bitirib, iki il sonra elmlər namizədi, 6 il sonra elmlər doktoru adını alıb. Ali məkltəbi bitirdikdən 11 il sonra Ali Attestasiya Komissiyasının qərarı ilə professor olub.

Elmi adların hansı yolla, nə üçün alınmasını açıqlamağa ehtiyac görmürəm. Yəqin hamıya məlumdur ki, yüksək vəzifədə çalışanlar ilk növbədə elmi adlar alırlar ki, vəzifələrini itirəndən sonra ali məktəblərdə dərs desinlər.

Adı ali məktəblərdə işçi kimi gedən məmurlar da çoxdur. Bu adamlar ali məktəblərə gənclərə elm öyrətmək üçün getmirlər. Onların öz dilindən eşitmişəm, deyiblər ki, ali məktəbdə müəllim işləməklə maddi cəhətdən gələcəyini tam təmin etmək mümkündür. Təəssüf ki, ölkəmizi idarə edənlər gələcəyi belə təsəvvür edirlər. Təhsili düzəltmək üçün bu məsələ də həllini tapmalıdır. Bunu yalnız dövlət başçısı edə bilər, necə ki, Putin bu məsələni asan yolla həll etdi.

Rusiya prezidenti sərəncam verdi ki, elmi dərəcəsi olan məmurlar vəzifədən çıxarılsınlar, gedib elmi işlə məşğul olsunlar.

Hesab edirəm ki, bizdə heç kim vəzifəni qoyub elmi işlə məşğul olmayacaq, çünki alim məmur qədər çirkli pul qazana bilmir, hərçənd, kollec müəllimləri var ki, milyonçu kimi yaşayırlar. İlham Əliyev 14 illik prezidentliyi dövründə bu problemi həll edə bilməyib. Ona görə də Zahid Orucu haqlı hesab edirəm. O təklif verib ki, prezident seçkiləri gələn ilin oktyabrında deyil, mart ayında keçirilsin. Seçki nə qədər tez keçirilsə, problemlər bir o qədər tez həll olunar. Sözsüz ki, gələnilki seçkidə Mehriban Əliyevanın da prezident seçilmək şansı böyükdür və ümid etmək olar ki, o, idarəçilikdə köklü dəyişiklik edə bilər.

Hazırda dünyanın gündəmində duran əsas məsələ Qüdsün İsrailin paytaxtı elan olunması ilə bağlı Trampın verdiyi qərardır. Bu məsələ mənim heç vecimə də deyil. Əgər müsəlmanlar öz dövlətlərində aclıq çəkirlərsə, qaçmağa başqa ölkə axtarırlarsa, 5-10 şeyx dövlətin sərvətlərini talayıb pozğun həyat tərzi sürürsə, o dövlət müsəlmanların nəyinə lazımdır? Qoy fələstinlilər İsrail dövlətində firavan yaşasınlar!!!

Qüdslə bağlı müsəlman dövlət başçılarının Türkiyədə keçirilən toplantısında bəzi oğru prezidentlərə, krallara baxmaq ikrah hissi doğururdu. Dövlətinin zəngin-kasıb, yaxud böyük-kiçik olmasından asılı olmayaraq, xalqı səfalət içərisində yaşayan oğru dövlət başçılarına ləyaqətli insan kimi baxmaq olmur. Ləyaqətli insan oğurluq etmir, öz nəfsinin qulu olmur. Bəli, oğru kralları yalnız miskin qul hesab etmək olar.

Türkiyəyə toplaşan bəzi müsəlman dövlət başçıları Qüds barədə fikirləşə bilməzlər, onlar yalnız növbəti milyardları necə qazanmaq haqqında fikirləşirlər. Bunu Qarabağa da aid etmək olar. Əgər bizim böyük ərazilərimiz istifadəsiz qalıbsa, insanlar toyuğuna verməyə arpa, inəyinə verməyə yonca tapmırsa, Qarabağ nəyimizə lazımdır? Dədə Qorqud deyib ki, torpağı əkib-becərmirsənsə, onu qorumağa dəyməz. Torpaq ona görə dünyada ən qiymətli sayılır ki, insanın firavan yaşaması torpaqdan çıxır. Ona görə torpağın hər qarışına görə ölürlər ki, torpaq olmasa, çörək də olmaz.

Müstəqil dövlət bizə ona görə lazımdır ki, ömründə 5 kitab oxumayan adamlar elmlər doktoru adını alsın, 200 min nəfərlik rayonu işsiz, ac qoysun? Qarabağ torpağını oğlanların qanı bahasına azad edək ki, Heydər Əsədov o torpaqlarda pambıq əkib valyuta qazansın, sonra da həmin valyutaya xaricdən kərə yağı alıb bizə kiloqramı 19 manatdan satsın?

Ölkədəki biabırçılığı hamı dərk edir, amma söz deyə bilən adamlar susur, bilirlər ki, deməyin mənası yoxdur.

Mən nəsə deyirəmsə, demək, inanıram ki, ölkə düzələ bilər. Mən son dərəcə nikbin adamam.

İndi mənim ən böyük arzum Bakıdan birdəfəlik rayona qaçmaqdır. Hökumətimizdən xahiş edirəm ki, torpaqlarımızı su ilə təmin etsin, mən jurnalist diplomumu, 25 illik jurnalistlik fəaliyyətimi atıb rayonda yer şumlayım, torpağı əkim, firavanlıq, gözəllik yaradım, “ölü” rayon dirilsin.

Bakıda qarın-qarına tikilməkdə davam edən göydələnləri görəndə ürəyim sıxılır. Deyəsən, bütün xalqı Bakıya köçürmək fikrindədirlər. Bakıda tikinti bitmir, təzə binaların zibili köhnə binaların hər il qaşınan divarlarının zibilinə qarışıb ciyərlərimizə hopur. Hər il büdcədən külli miqdarda pulu divarların qaşınmasına, balkonların sökülüb təzədən tikilməsinə sərf edirlər. Yəqin, büdcə pullarını oğurlamağın ən rahat yolu tikintidir.

Mən genişliyi və sakitliyi, torpağı sevirəm. Gözləyirəm ki, torpaqlarımız su ilə təmin olunacaq, torpağı becərib firavan yaşayacağıq. Hələlik isə susuz torpaqları becərmək mümkün olmadığından rayonumuzun əhalisi Bakıya qaçır. Kirayə mənzil tutub tikintidə fəhlə, kafe-restoranlarda ofisiant, mağazalarda satıcı işləyirlər, qadınlarımız qutab, yayma çörək bişirib satır, xadimə işləyir, acından ölməmək üçün hər işə gedirlər. Fikriləşirlər ki, nə vaxtsa rayonda vəziyyət düzələr, ev-eşiklərinə qayıdıb bir işin qulpundan yapışarlar.

Amma iqtisadçı Qubad İbadoğlunun araşdırması başqa şeylər vəd edir. Qubad İbadoğlu bildirib ki, 2003-2017-ci illərdə regionların inkişafına 62 milyard manat pul xərclənib. Onun fikrincə, bu pullar hesabına regionlarda istehsal gəlirləri artmalı, büdcəyə daxil olan vergi gəlirləri bunu sübut etməli idi. Lakin ildən-ilə büdcə gəlirləri azalır.

İqtisadçı bildirib ki, rayonlara ayrılan pullar məktəb, xəstəxana, olimpiya komplekslərinin, mərkəzlərin tikintisinə sərf olunub, onlar isə gəlir vermir, əksinə, onları saxlamaq üçün pul lazımdır.

Mənim fikrimcə, bu proses indi də davam edir və nə qədər sürətlə getsə, pik nöqtəsinə bir o qədər tez çatar, sonradan yeni proseslər başlayar. Ona görə də prezident seçkilərini tezləşdirmək lazımdır ki, ya o yanlıq, ya bu yanlıq olaq. Yəni ki, ya korrupsiya daha da sürətlənib pik nöqtəsinə çatsın, ya da korrupsiya dayansın. Bu, seçkidən sonra dəqiq məlum olacaq.




Bölməyə aid digər xəbərlər