Şeytanın nökərləri
Tarix: 20-01-2018 11:56 | Bölmə: Mətanət ƏLİYEVA
Şeytanın nökərləri

İntihar edənlərin sayı günü-gündən artır. Bunun bir konkret səbəbi var və yəqin ki, bu səbəbi bilənlər az deyil. Dünyanın informasiya kanallarını əlində saxlayan qüvvələr bu səbəbi gizli saxlamağı lazım bilirlər.

Yaxın günlərdə, səhv etmirəmsə, ARB kanalı bir fransız filmi nümayiş etdirdi. Filmin qəhrəmanları olan manyak ər-arvad 4-5 yaşlı lal qız uşağını oğurlayır və maşında növbəti qətli törətmək üçün “ova” çıxırlar. Yolda 16 yaşlı qızla rastlaşırlar. Qıza deyirlər ki, uşaq möhkəm xəstədir, təcili həkimə göstərmək lazımdır, buralarda heç kimi tanımırlar.

Qız həkimin yerini onlara deyir. Ər-arvad xahiş edirlər ki, qız onlarla maşına oturub həkimin yerini göstərsin. Qız maşına oturur və yolda onu qətlə yetirirlər.

Belə baxanda fikirləşmək olar ki, yaxşı filmdir, yeniyetmələr bu filmə baxandan sonra ehtiyatlı olacaqlar.

Əslində filmin məqsədi başqadır. Film məqsədyönlü şəkildə insanlarda xeyirxahlıq hissini öldürür. Bu filmə baxandan sonra insanlar həqiqətən xəstə uşağa da yardım etməyə qorxacaqlar.

Həyatda hər şey başqa cürdür. İnsan xeyirxahlıq məqsədilə hətta ehtiyatsızlıq etsə belə, Allah onu qoruyur. İnsan əsasən tamahkarlıq səbəbindən tora düşə, faciə ilə üzləşə bilər. Nəfsi tox, xeyirxah insanı tora salmaq mümkün deyil, belə insan Allahın himayəsindədir.

Fransız filmlərində əsasən ümumbəşəri dəyərlər, yüksək insani keyfiyyətlər, o cümlədən xeyirxahlıq təbliğ olunur, hətta mən deyərdim ki, fransız filmləri bu sahədə birincidir. Amma bu filmdə görünür, fransız rejissorları Hollivud yolunu tutublar.

Hollivudun adını çəkmək lazımdır ki, adamın ürəyi bulansın. Fantastik dərəcədə böyük pullar xərclənən Hollivud filmlərində anti-insani dəyərlər, şeytani ehtiraslar incə ustalıqla təbliğ olunur.

Mən deyərdim ki, insanların 99 faizinin özünün düşünüb nəticə çıxarmaq qabiliyyəti yoxdur. İnsanları asanlıqla təsir altına salıb pisə yaxşı, yaxşıya pis dedizdirmək mümkündür. Bu sahədə psixologiya elmi çox inkişaf edib.

Hazırda tez-tez eşidirik ki, insanlar artıq əvvəlki kimi bir-birilərinə inanmır, bir-birilərinə kömək etmirlər, hərə özünə qapanıb. Bunun səbəblərini axtaranda heç ağlımıza da gəlmir ki, yuxarıda bəhs etdiyim filmə bənzər filmlər bunun əsas səbələrindən biridir. Bəziləri bunu fantastika hesab etsələr də, adama belə gəlir ki, həqiqətən hazırki dünyada təşkilatlanmış şeytani bir təşkilat var. Təşkilatın üzvləri hesab edirlər ki, pul dünyada hər şeyi həll edir. Onlar böyük pullar qazanmaq üçün bütün vasitələrə əl atır və həmin pullarla insanlar arasında pozğunluq, şöhrətpərəstlik, homoseksuallıq kimi əməlləri təbliğ edir, terrorçuları maliyyələşdirir, hətta böyük ölkələrdə dövlət başçılarının seçilməsinə də təsir edirlər. Həmin təşkilatın köməyi ilə hakimiyyətə gələn dövlət başçıları öz xalqlarının əleyhinə siyasət aparırlar. Şübhə etmirəm ki, vaxtaşırı dünyanın sonunun gəlməsi ilə bağlı məlumat yayanlar da məhz bu təşkilatın üzvləridir. Onlar hətta başqa planetlərdə özləri üçün torpaq sahələri də alırlar ki, yer kürəsi dağılanda o planetlərdə yaşasınlar. Azərbaycandan olan şeytan xislətli adamlar da bu təşkilatın fəaliyyətinə dəstək verirlər.

Bu həyata iki yol var – Allahın qoyduğu çətin, amma sonu işıqlı yol və bir də şeytanın göstərdiyi parıltılı, amma sonu faciələrlə dolu olan yol. Hərə öz yolunu seçib gedir. Allahın buyurduğu yolu seçənlər Allahın himayəsindədir, şeytan onları yoldan çıxara bilmir.

İnsanları pis yola çəkənlər qadın cildinə girmiş şeytanlar olur. Kişiləri də həmişə qadınlar idarə edirlər. Nə vaxtsa, şeytanın yolunu tutmuş insanlara Allahdan böyük bəla gələndə qoy onlar deməsinlər ki, bizə qarşı soyqırımı olub. Həyatda heç nə elə-belə olmur.

İndi də ölkəmizdəki konkret hadisələrdən yazmaq istəyirəm.

Yanvarın 11-də Rus Dram Teatrında “Lalələr” rəqs ansamblının konserti oldu. Ansambl 160 saylı Klassik Gimnaziyanın nəzdində fəaliyyət göstərir. Konsertdə gimnaziyanın şagirdləri mahnılar oxudular, milli və dünya rəqslərini nümayiş etdirdilər. Çıxış edənlərin gözəl kostyumlarına baxmaq ləzzət edirdi. Biletlərin demək olar ki, 90 faizi satılmışdı, şagirdlərə, valideynlərə gimnaziyanın istedadlarını görmək maraqlı idi, biletlərin hamısını onlar almışdılar. Belə tədbirlər həm uşaqlarda teatrlara getmək vərdişləri yaradır, həm şagirdlər peşəkar səhnədə istedadlarını nümayiş etdirə bilirlər, həm də teatr əlavə pul qazanır, gözünü dövlət büdcəsinə dikmir.

Teatrın aktyorları da konsertin maraqlı keçməsinə kömək etdilər. Qar kraliçası, Şaxta baba, xeyirxah “Feya” uşaqları sehirləmişdi. Qar kraliçası kinli səsi ilə deyəndə ki, “uşaqlar sevinəndə mən qəzəbimdən dözə bilmirəm”,- mən özüm qorxdum, bir uşaq isə qorxudan qışqırıb ağlamağa başladı. Sonra da deyirik ki, nə üçün valideynlər uşaqlarını şəhərin o başından 160 saylı gimnaziyaya gətirirlər? Bu gimnaziyada yüksək səviyyədə bilik verməklə yanaşı şagirdlərin digər qabiliyyətlərinin üzə çıxması üçün də şərait yaradılır. Bütün uğurların kökündə gimnaziyanın direktoru Faina Ələkbərovanın yüksək idarəçilik qabiliyyəti dayanır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da, nəhayət, normal tamaşalar göstərməyə başlayıb. Yanvarın 13-də teatrda “Qətibə İnanc” tamaşası böyük alqışlarla qarşılandı. Tamaşa 12-ci əsrdə Atabəylər dövlətində baş verən hadisələrdən bəhs edir. Atabəylər dövlətini yaradan Şəmsəddin Eldəgezin oğlanları Cahan Pəhləvanın və Qızıl Arslanın dövründə dövlət yüksək inkişafa nail olur. Həmin dövrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu dövlət başçılarına təsiri güclü olur.

Cahan Pəhləvanın həyat yoldaşı Qətibə İnanc məşuqu Hüsaməddin vasitəsilə əvvəl həyat yoldaşını, sonra onu əvəz edən Qızıl Arslanı öldürtdürür. Oğlu Qutluqla bərabər üsyanlar təşkil edir, xarici düşmənlərlə əlaqəyə girib dövləti daxildən dağıdır və tədricən Atabəylər dövlətinin süqutuna nail olur.

Qətibədən fərqli olaraq onun qayınanası Mömünə Xatun Atabəylər dövlətinin yaranmasında və qüdrətlənməsində böyük xidmətlər göstərib. Bu müdrik qadının şərəfinə 12-ci əsrdə Şəmsəddin Eldəgezin və Cahan Pəhləvanın sifarişi ilə Naxçıvanda memar Əcəmi tərəfindən inşa olunan Mömünə Xatun türbəsi Azərbaycanın qiymətli tarixi abidələrindən biridir.

Bir qadın dövləti yaratdı, biri məhv etdi. Bu fakt göstərir ki, dünyanı qadınlar idarə edir. Uşaqların tərbiyəsi də 100 faiz anadan asılıdır. Mömünə Xatun Cahan Pəhləvan, Qızıl Arslan kimi şəxsiyyətlər tərbiyə edib, acgöz, əxlaqsız Qətibə İnanc isə Qutluq İnanc kimi satqın əyyaşlar böyüdüb.




Bölməyə aid digər xəbərlər