23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Bir günlük sevgi
Tarix: 17-03-2018 16:04 | Bölmə: Mətanət ƏLİYEVA
Bir günlük sevgi

Çoxdandır yazmıram deyə fikirləşdim ki, azsaylı oxucularım narahat olar, birdən fikirləşərlər ki, yəqin Mətanət ölüb. Ona görə də yazmaq qərarına gəldim. Əvvəlcə bir məsələyə münasibətimi bildirim, sonra yazmamağımın səbəbi məlum olacaq.

Ötən həftə Sumqayıtda zirzəmidə kirayədə qalan 6 nəfərlik ailə dəm qazından boğularaq öldü. Onların üçü azyaşlı uşaq idi. Mətbuatın yazdığına görə, ailə Füzuli rayonundan məcburi köçkün olub. Zirzəminin pəncərəsi olmayıb. Adətən belə məsələləri araşdıran jurnalistlər dərinliyə getmədilər, çünki bu hadisə ölkədəki fəlakət həddinin göstəricisidir.

Bəzi satın alınmış jurnalistlər yuxarıların göstərişi ilə yazırlar. 25 narkomanın yanaraq ölməsinə görə hətta xarici ölkələrin başçıları başsağılğı verdilər, prezident İlham Əliyev özü məsələ ilə maraqlandı. Görəsən, zirzəmidə qazdan boğulan üç uşaq narkomanlar qədər dəyərli deyilmi?

Bakıda o qədər bina tikilib ki, 10 milyon əhalinin hamısına çatar. Binaların tikintisi yenə də davam edir. Yeni mənzillərin 50-60 faizi boş olduğu halda niyə insanlar zirzəmilərdə yaşayır? Niyə insanlar artıq pullarını banklara qoymur, əlavə mənzil alıb saxlayırlar? Bütün bu faktlar ölkənin idarəçiliyindəki qüsurları göstərir.

Mən ona görə köşə yazmıram ki, ssenari kursuna gedirəm. Ssenari yazmaq istəyirəm. Mənim yalnız bir ssenari yazmaq fikrim var. Bu yazımda sübut etmək istəyirəm ki, pis millət yoxdur, onu pis idarə edən rəhbər var.

Tutaq ki, ssenari yaxşı alınacaq. Onun əsasında film çəkmək üçün pul lazımdır. Bu pulu mənə kim verəcək? Mən ancaq həyat yoldaşımdan bu pulu gözləyə bilərəm. İmkan versələr, həyat yoldaşım böyük pullar qazana bilər, Allah işgüzarlıq qabiliyyətini ona verib, amma indiki vəziyyətdə bizim ölkədə bu, mümkün deyil.

Əsl iş adamları bu ölkədə 500 min manatı qazanmaq üçün illərlə əziyyət çəkirlər. Hansısa bir məmur isə bir sənədə imza atmaqla 500 min manatı asanlıqla qatlayıb qoyur cibinə.

Məsələn, dövlət sifarişi ilə film çəkmək üçün dövlət büdcəsindən bir milyon manat pul ayrılır. Ona imza atan məmur yəqin ki, pulun yarısını özünə götürür. Əksər sahələrdə belədir.

Lap o filmi çəkməyə pul tapsam belə, indiki məmurların eybəcərliyini, iyrəncliyini, qəddarlığını göstərən həmin filmi nümayiş etdirməyə mənə şərait yaratmazlar. Bununla belə, mən bədbin deyiləm. Bu günün sabahı da var. Mən istədiyimə nail olacam. Nail olmayacamsa, bu da Allahın qismətidir. Mən qismətimlə barışan insanam.

Ssenarimin adı “Bir günlük sevgi” olacaq.

Ssenari kursu keçdiyim ofisdə rejissorluq kursu da var. Mən öz rejissorumu orada axtarıram.

Rejissor Cavid Təvəkkülün “Dərs” filminə baxdım. Mövzu xoşuma gəldi. Hadisə təxminən 5-ci sinifdə oxuyan şagirdlər arasında baş verir. Saf, xeyirxah, bilikli Xalidi sinifdə incidirlər. Riyakar, qəddar şagirdlərdən özünü qorumaqda Xalid acizdir. Xalid qəddar, ambissiyalı uşaqların xoşuna gəlmək üçün onların arxasınca qaçır, onlara şeir yazır.

Təbii ki, təbiətində ziyankarlıq olan, düzgün tərbiyə almayan uşaqları bu yolla dəyişmək mümkün deyil. Mən hesab edirəm ki, ssenarist başqa yol tapmalı idi. Şəxsən mən Xalidi başa salardım ki, o, həmin uşaqlardan hər cəhətdən üstündür. Həmin uğaqlar onun səviyyəsinə çatmaq üçün səy göstərməlidirlər. Hər bir insan lap uşaqlıqdan öz dəyərini bilməlidir. Babası Xalidə bunu başa salmalı idi.

Filmdə həyati səhnələr əvəzinə pafoslu səhnələr var. “Bizim Cəbiş müəllim” filmində də oxşar mövzu var. Orada Makedon obrazının həyatiliyi filmi yaddaqalan edib.

“Dərs” filmində aktyorlar rolları yaratmırlar, oynayırlar. Yaxşı aktyor, yaxşı ssenari olsa, Cavid Təvvəkkül gözəl film yarada bilər. Mən indidən fikirləşirəm ki, ssenarim alınsa, film çəkilməli olsa, baş rolda kimi çəkmək olar? Mənim qəhrəmanımın xarakterində vətənpərvərlik, mübarizlik olmalıdır. Aktyorun xarakterində bunlar yoxdursa, o, rolu yarada bilməz. Hazırkı aktyorların arasında beləsini görmürəm.

Mən yenə də o fikrimə qayıdıram ki, pis xalq yoxdur, onu pis idarə edən rəhbərlər var. Xalq da öz dəyərini bilməlidir.

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

{sape_links}{sape_article}