17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Əlinin bayramı
Tarix: 31-03-2018 07:11 | Bölmə: Mətanət ƏLİYEVA
Əlinin bayramı

Yazın gəlişi mənim üçün həm də torpaqda işləməkdir. Martın 20-də Şamaxının Qızmeydan kəndində kartof əkdim, çiyələkləri seyrəltdim.

Torpaqda işləmək mənə sonsuz xoşbəxtlik verir. Hava qaralır, amma mən torpaqdan ayrılıb bağdan, bostandan çıxa bilmirəm. Həyat yoldaşım bu xasiyyətimi bildiyi üçün bayramda məni səyahətə, restorana aparmır, kəndə aparır.

Novruz bayramı mənim yadımda nənəmlə qalıb. Nənəm bayramdan qabaq bir kasa xına isladıb xınalanırdı, təzə paltar tikdirirdi, böyük xonça tutub qırmızı güllü yaylığa bükürdü, qohumlarına qonaq gedirdi. Nənəm ona görə bayram etmirdi ki bahar gəlir. Nənəm deyirdi ki, martın 21-də Həzrəti Əli taxta çıxıb. Nənəm Əli aşiqi idi. Əlinin taxta çıxdığı gün nənəm üçün ən əziz bayram idi. Mən bu haqda heç vaxt yazmamışam, fikirləşmişəm ki, bu sünni-şiə qarşıdurması yaradar.

İslam dinindən az xəbəri olanlar hesab edirlər ki, İmam Hüseyn hakimiyyət üstündə qətlə yetirilib. Bu məsələnin tarixi dərindir. İslam dinini yaradan, onu dinsiz tayfalara qəbul etdirib böyük xilafət yaradan Məhəmməd peyğəmbər olub. Xəlifəlik bütün dövrlərdə nəsildən nəsilə ötürülüb. Bu baxımdan Məhəmməd peyğəmbərin varisi Əli olmalı idi. Çünki onun oğlu yox idi, Əli həm onun yeganə qızı Fatimənin həyat yoldaşı idi, həm peyğəmbərin əmisi oğlu idi (atasız qalan Məhəmmədi əmisi böyütmüşdü), həm də xilafətin yaranmasında böyük sərkərdə Əlinin Zülfiqari qılıncının əvəzsiz rolu olmuşdu. Lakin peyğəmbər rəhmətə gedəndən sonra Əlini xəlifə olmağa qoymadılar. Əbubəkr,Ömər və Osmandan sonra Əli dördüncü xəlifə oldu və onu qətlə yetirdilər. O vaxtdan Əlinin tərəfdarları olan şiələrlə sünnilər arasında düşmənçilik başladı. Şiələr hər il Əlinin qətlə yetirilmiş oğlu Hüseynə 40 gün yas saxlayırlar. Artıq sünnilər də Hüseynə yas saxlayırlar. Haqq gec-tez öz yerini tutur.

Novruz bayramı şiələrin ən əziz bayramıdır. Şiələr Novruzda yumurtanı qırmızı (xoşbəxtliyin rəmzi) boyayır, sünnilər əvvəllər qara (kədərin rəmzi) boyayırdılar, indi qırmızı boyayırlar. Kəlmeyi-şəhadətdə şiələr deyirlər ki, Allahdan başqa Allah yoxdur, Məhhəmməd onun rəsuludur, Əli Məhəmmədin varisidir. Sünnilər isə Əlinin varis olmasını demirlər. Yas məclislərimizdə qadınlarımızın bəhərbaşılarında (bayatılar) Əlinin varis olmasını Segah üstündə oxumalarına tez-tez rast gəlirəm:

Aşiq Əli eşqinə

Əli vəli (varis) eşqinə

Ürəkdən şaxsey vurun

Cənab Əli eşqinə.

Ölünü bayatı ilə, ritmlə (şiə qadınlar dizlərinə döyərək ritm tuturlar) oxşamaq Əlinin qızı, Hüseynin bacısı Zeynəbdən qalıb.Əliyə, Hüseynə sonsuz sevgi mənə də genlə gəlib.

Türkiyədə - Top qapı sarayında Əlinin Zülfüqari qılıncını görəndə gözlərimin yaşını saxlaya bilmədim. Demək istəyirəm ki, sünni ilə şiələrin fikir ayrılığı yalnız Əlinin xəlifəliyini qəbul edib-etməməklə bağlıdır. Mən hesab edirəm ki, Əli xəlifə olsaydı və xəlifəlik onun qoyduğu varisin xətti ilə təyin olunsaydı, müsəlman dövlətlərində indiki kimi acgöz, qəddar dövlət başçıları olmazdı.

Nənəmin dediyi kimi, Əlinin bayramı olan Novruzda dünyada misli-bərabəri olmayan bir adət var. Bayram axşamı insanlar gedib istədikələri qapıya qurşaq ata bilərlər və həmin evin sakinləri varlı-kasıb olmasından asılı olmayaraq, onu paysız qaytarmayacaqlar. İndi “papaq atdı” deyirlər, mən uşaqlıqdan bunu “qurşaq atdı” bilirəm.

Qədimdə kişilər bellərinə Məşədi İbadın bağladığı qurşaq kimi parça dolayırdılar. Novruz axşamı bir otaqdan ibarət olan çiy kərpicdən tikilmiş balaca daxmaların damına çıxıb qurşaqlarını baçadan içəri sallayırdılar. “Dəli Kür” filmində bu düzgün formada çəkilib. Evdəkilər bayram payını qurşağa bağlayırdılar. Bunu kim fikirləşibsə, o, dahidir. Təsəvvür edin ki, hazırkı günümüzdə bir ailənin başçısı qul bazarına gedir ki, 5-10 manat qazanıb bayram azuqəsi alsın. Bütün günü dayanır, onu işləməyə aparan olmur. Evə əliboş qayıdır. Süfrə açmağa heç nə yoxdur. Bu ailənin uşaqları qurşaqatdıya gedib əlidolu qayıdırlar və zəngin süfrə açırlar.

Son vaxtlar papağa pul qoyanlar da var. Bu pula düyü, yağ alıb plov bişirmək olar. Əlinin bayramında heç kimin süfrəsi boş qalmır.

Oxucularım deyə bilər ki, Mətanət bayrama həsr etdiyi yazısında yas məsələsinə çox yer verdi. İnsan müdrik olanda o, ölümü də nikbinliklə qarşılayır. Mən o qədər nikbinəm ki, kədərdə də nikbinlik axtarıram.

Martın 17-də Könül Xasıyevanın konsertində oldum. Könül xanımın musiqisindəki kədər məhz nikbin kədərdir. O məni həm ağladır, həm də mənə həyat eşqi verir. Rübabə Muradova, Nəzakət Məmmədovadan sonra mənim ən çox sevdiyim xanəndə Könül Xasıyevadır. Könül xanım dərin hissiyata malik olan müdrik insandır. Elə xanəndələr var ki, güclü səsləri olsa da, dayazdırlar, insan hisslərini dərindən yaşaya bilmirlər. Onlar öz dayazlıqlarını bahalı paltarlar, makiyaj, saç düzümü, dekor, əcayib hərəkətlərlə gizlətməyə çalışırlar. Allah Könül xanıma 50 il də ömür versin, səsini əlindən almasın.

Əziz oxucularım, sizə Əli əzəməti, Əli müdrikliyi, Əli ədaləti arzulayıram.

Bayramınız mübarək!

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

{sape_links}{sape_article}