Xəcalət - Nadir Qocabəyli yazır
Tarix: 20-02-2019 10:24 | Bölmə: Nadir QOCABƏYLİ
Xəcalət

Məni yaxından tanıyanlar ekspromt hərəkətlərimin olduğunu yaxşı bilirlər. Yəni əvvəlcədən qətiyyən planlaşdırmadığım halda, səhər tezdən oyanıb deyə bilərəm ki, hazırlaşın, gedirik rayona gəzməyə. Ya da illərlə təxirə saldığım hansısa cərrahi əməliyyata bircə günün içində qərar verər və həmin gün də yerinə yetirə bilərəm və s.

Tələbə ikən iki qrup yoldaşımla tez-tez universitetin yataqxanalarının həyətindəki "Kvant" adlı kafedə çay içər, çörək yeyərdik. Orada o vaxtlar bizə çox dadlı gələn "doktorski" kolbasa, "acıka" verirdilər.

O vaxt Yasamalda babamgildə qalırdım və yolum da yataqxanaların həyətindən keçirdi. Universitetdən çıxıb yorucu pillələrlə M. D. Hüseynov küçəsinə qalxır, təxminən 300 metr getdikdən sonra evə çatırdım.

Amma arada dostlarla "Kvant"da çay içib, kolbasa-acika-çörək yeyir, ondan sonra pillələri qalxırdım.

Bir gün yenə dərsdən çıxanda gəlib, Məhəmmədəmin Rəsulzadənin heykəlinin qoyulacağını bildirən lövhənin yanında dayandıq. Uşaqlar dedi neyləyək? Dedim ki, mən evə gedirəm. Və sağollaşıb ayrıldıq. Yavaş-yavaş və fikirli-fikirli yataqxanalara doğru qalxdım. "Kvant”ın yanından keçəndə nəsə ürəyimdən ora girmək keçdi. Səbəbini doğrusu xatırlamıram. Bilmirəm, həmin gün nənəmin evdə olmaması və mənə kiminsə çörək verməyəcəyi yadıma düşdü, yoxsa elə sadəcə, qəfil aclıq hiss elədim və pillələri qalxmağa heyim olmadı. Hər nə isə, döndüm “Kvant”a ki, nahar eləyim sonra gedim. Öz-özümə düşündüm ki, uşaqlara evə getdiyimi söylədim, indi məni burda görsələr, elə biləcəklər ki, onları aldatmışam. Ancaq onları aldatmaq qətiyyən ağlıma gəlməmişdi və buna səbəb də yox idi. Sadəcə, 10 dəqiqə sonra qəfil aclıq hiss etmiş, fikrimi dəyişmişdim, vəssalam...

Elə təzəcə yeməyə başlamışdım ki, dostlarım qapıdan girdi. Onlara "nə yaxşı siz də fikrinizi dəyişib gəldiniz",- dedim və çayın, yeməyin miqdarını artıraraq birlikdə davam elədik.

Ertəsi gün dostlarımdan biri mənə dedi ki, dünən məndən ayrılandan sonra aralarında belə bir söhbət olub. Biri o birinə deyib ki, gəl mərc gələk, Nadir evə yox, “Kvant”a gedəcək. O biri də deyib ki, ola bilməz. İnanmırsan gedək baxaq, - ikinci deyib və gəlib məni burda görüblər...

Mən bu söhbətdən çox utandım. Onlara yalan demək həqiqətən ağlımın ucundan keçməmişdir. Buna səbəb də yox idi. Yeməyin pulunu verməklə bağlı da heç bir problem yox idi, yəni məni tanıyanlar pulum olanda xərclədiyimi, olmayanda açıq etiraf etdiyimi bilirlər.

Lakin faktlar mənim əleyhimə idi. “Kvant”a getməyə qəfil qərar verdiyimi izah etməkdə çətinlik çəkirdim...

Aradan illər keçib, ancaq bu hadisə heç vaxt yadımdan çıxmır. Mən o qəfil qərara görə, hələ də xəcalət çəkirəm. Dostlarımın mənə inanmaması (hərçənd, biri mənə inandığını söylədi, o biri də “Unut getsin, boş şeydir”,- dedi), onlardan gizlin yemək yeməyə getdiyimi düşünməsi məni üzür. Çünki belə şeyi heç vaxt özümə sığışdırmamışam...скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}