İlham Əliyevi dəstəkləməliyik!
Tarix: 03-04-2018 19:09 | Bölmə: Nadir QOCABƏYLİ
İlham Əliyevi dəstəkləməliyik!

Prezidentin köməkçisi Əli Həsənovun bir neçə gün öncə mətbuatla bağlı tədbirdəki çıxışında səsləndirdiyi fikirlər, cəmiyyətə verdiyi mesajlar ölkəmizdə böyük rezonans doğurub və ciddi müzakirə olunmaqdadır.

Nə baş verir? Hansı proseslər gedir və yüksək vəzifəli hakimiyyət sözçüsü niyə belə narahat bəyanatlar verir?

Bildiyimiz kimi, 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev “balanslaşdırılmış” bir siyasətin təməlini qoyub və bu gün də həmin siyasət prezident İlham Əliev tərəfindən davam etdirilir.

Nədir bu “balanslaşdırılmış siyasət”? Bir neçə kəlmə ilə ifadə edəsi olsaq, 20-ci yüzildə dünyanı iki qütbə bölərək, ona nəzarət edən Qərblə (əsas etibarilə Britaniya-ABŞ imperiyası), Rusiya imperiyası arasında tarazlığı qorumaq. Bir az da sadələşdirsək, iki nəhəngin arasında qalıb əzilməmək, tapdağa çevrilməmək üçün hər ikisinin könlünü almaq siyasəti.

Vaxtilə SSRİ-nin, Kommunist partiyasının önəmli rəhbərlərindən olan mərhum Heydər Əliyev niyə bu yolu seçdi? Uzun illər bir çatı altında olduğumuz, qaynayıb-qarışdığımız, acılı-şirinli bir çox şeyləri bölüşdüyümüz, xeyli ortaq dəyərlərimizin formalaşdığı böyük qonşumuza üstünlük vermək daha doğru olmazdımı?

Suala cavab verməzdən əvvəl qeyd edim ki, həmişə bunun tərəfində olmuşam. Səbəbləri haqda çox dərinə getmirəm, məni tanıyanlar onları yazılarımdan dəfələrlə oxuyublar, tanımayanlar da tapıb oxuya bilərlər. İndiyədək yazdıqlarıma bircə şeyi əlavə edirəm ki, Qərbin hər şeyi mənə saxta təsir bağışlayır, onlarla aramızın açıldığı bu 30 ildə nə qədər çalışdımsa da, onların dəyərlərini sevə bilmədim, sadəcə, qanım qaynamadı onlara. Xoşuma gələn bəzi şeylərini araşdıranda da altından, içindən tamamilə özgə nəsnələr çıxdı. Amma SSRİ, Rusiya, sovet xalqı, rus xalqı ilə bağlı çoxlu yaxşı müşahidələrim, xatirilərim var.

Heydər Əliyevin də bu cür düşündüyü qənaətindəyəm. Ancaq bizə hər zaman sevdiyimizi, xoşladığımızı etməyə, bəyəndiyimizi seçməyə icazə verirlərmi? Yox! Odur ki, Heydər Əliyev də ağıllı, təcrübəli, müdrik bir siyasətçi olaraq məhz bu yolu seçdi. Bu yolun seçilməsində onun öz sələflərinin taleyindən ibrət götürməsini də ehtimal etmək olar. Birmənalı olaraq Rusiya yönümlü siyasət aparan Vəzirov və Mütəllibovun, birmənalı olaraq Qərb yönümlü xətt yürüdən Elçibəyin siyasi talelərini xatırlamaq yetər. Hərəsi cəmi bircə il hakimiyyətdə oldular, ölkədə it yiyəsini tanımadı, torpaqlarımız getdi, hətta ölkənin taleyi, müstəqilliyi təhlükə altına düşdü.

Amma Heydər Əliyev apardığı məhz bu ağıllı balans siyasəti sayəsində ömrünün sonuna kimi həm hakimiyyətini, həm sabitliyi, həm də torpaqlarımızı qoruya bildi. Sonra da onu etibarlı varisinə ötürdü.

Doğrudur, biz Qarabağı hələ də azad edə bilməmişik, sosial-iqtisadi problemlərimiz yetərincədir, arzuladığımız firavan həyata çatmamışıq, ancaq nailiyyətlər də yox deyil və inanın ki, bunu bizim əlimizdən almaq istəyirlər. Biz itirilmiş böyük əraziləri qaytara bilməmişik, amma yeni torpaqlar da itirməmişik, hətta xırda irəliləyişlərimiz var. Sosial-iqtisadi durumumuz o qədər ürəkaçan olmasa da, acınacaqlı da deyil, aclıq, çörək problemi yoxdur, insanlar yaşam uğrunda mübarizə aparırlar, müəyyən quruculuq işləri gedir, ölkəmiz xeyli abadlaşıb. Necə deyərlər, qayğılarımızla, dərdlərimizlə baş-başayıq.

İnanıram və hər zaman yazılarımda qeyd edirəm ki, əgər aralarında tarazlıq yaratmağa məcbur olduğumuz böyük güclər olmasaydı, nailiyyətlərimiz indikindən qat-qat artıq olar, torpaqlarımızı çoxdan işğaldan azad edərdik. Çünki hakimiyyət ölkə iqtisadiyyatına sərf etməli olduğu enerjini, potensialı, maliyyəni bu balansın pozulmamasına sərf etməyə məcbur qalmazdı, çünki Qarabaq münaqişəsinin özü də həmin super dövlətlər arasında həll olunmayan ziddiyyətlərdəndir.

Bu məsələləri zaman-zaman yazmışıq, demişik, rəsmi dairələr məlum səbəblərdən bunlara reaksiya verməyib, bu məsələlərə aydınlıq gətirməyiblər. Ancaq görünür, artıq bıçaq sümüyə dayanıb. Əgər prezidentin köməkçisi bu məsələlərə böyük bir çıxış həsr edirsə, vəziyyətə “üstüörtülü” də olsa, aydınlıq gətirirsə, geniş ictimaiyyətə, siyasətçilərə, ziyalılara mesajlar verirsə, deməli, durum ciddiləşib. Hakimiyyətdən konkret, birmənalı mövqe tələb olunur, elə bir mövqe ki, ikisindən birini tutmaq ölkəmizi ötən əsrin 90-cı illərinin əvvəllərini geri qaytara bilər. O illəri ki, başımıza 20 Yanvar, Xocalı kimi faciələr gəldi, Dağlıq Qarabağı və yeddi rayonumuzu itirdik. Bizi odla su arasında qoyublar.

Əli Həsənovun çıxışındakı məqamları “üstüörtülü” adlandırmaq da mümkün deyil. Əslində o kifayət qədər aydın açıqlamalarla çıxış edib: ”Bəzi dövlətləri Azərbaycanın balanslaşdırılmış xarici siyasəti qane etmir – onlar Azərbaycanı öz yanlarında görmək, müəyyən layihələrə cəlb etmək istəyirlər. Bəzi dövlətlər isə daha da irəli gedərək, hətta Azərbaycanın milli sərvətlərindən ƏVƏZSİZ PAY TƏLƏB EDİRLƏR!” O, Rusiyada “Milyarderlər İttifaqı” adlandırılan qurumun yaradılmasını xatırladaraq, “Bu gün də onlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar”, - deyib.

Avropada Azərbaycan hakimiyyəti əleyhinə aparılan təhqir kampaniyasının baş nazirin sabiq birinci müavini Abbas Abbasov tərəfindən təşkil və himayə olunduğu haqda söhbətlər dolaşır, hətta Azərbaycanın xüsusi xidmət orqanlarının Abbasovla təhqir kampaniyası aparan mühacirlərin əlaqələrini aşkarladığı da söylənir. Abbas Abbasov, təbii ki, müstəqil fiqur deyil və hazırda yaşadığı ölkədə kimlərdənsə təlimat aldığı heç kəsə sirr deyil.

Çox qəribədir, necə olur ki, Rusiyada sığınacaq tapan, Azərbaycanın maraqlarını daha çox bu ölkəylə uzlaşdıran, Azərbaycanın xarici siyasətində şimal qonşumuzu prioritet sayan bir şəxslə, Avropada oturub, daim Rusiyanı söyən, Azərbaycandakı qərbpərəst, anti-rusiyaçi müxalifətlə eyni mövqedən çıxış edən mühacirlər balans siyasəti yürüdən iqtidara qarşı birləşir, hətta qurşaqdan aşağı, çirkin kampaniya aparırlar? Məntiqlə qəbpərəstlə rusiyapərəstlər bir-birinə ən azından rəqib olmalıdırlar və üzdə zatən belədirlər. Ancaq gizlində birləşərək müəyyən qara işlər çevirirlər.

Deməli, bunlar üçün nə Qərb, nə Şərq, nə də Avrasiya anlayışı yoxdur. İki toqquşan nəhəng arasında Azərbaycanın sağ qalmasının təmin olunması, suverenliyinin, sabitliyinin qorunması da bunların vecinə deyil. Bunları əlbir olaraq nəyin bahasına olursa-olsun (torpaqlarımızın itirilməsi, sabitliyin pozulması, ölkədə qarşıdurma yaranması, qardaş qırğını düşməsi və s.) hakimiyyəti ələ keçirməkdən başqa heç nə düşündürmür.

Hesab edirəm ki, hazırkı durumda hamı bütün narazılıqları, umu-küsüləri, “razborkaları”, “sən yedin, mən qaldım” söhbətlərini kənara qoyub, müstəqilliyimizin, sabitliyimizin və gələcəyimizin həqiqi qarantı olan prezident İlham Əliyevi dəstəkləməlidir.




Bölməyə aid digər xəbərlər