23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Fuad Poladovun ölümünə sözardı...
Tarix: 06-05-2018 12:28 | Bölmə: Nadir QOCABƏYLİ
Fuad Poladovun ölümünə sözardı...

Fuad Poladovun ölümünə siyasi rəng vermək istəyənlər var. Yazırlar ki, o bu "iyrənc rejimin"" qurbanı oldu. Bunlara baş əymədi deyə cəzalandırıldı və s.

Müxalifət ondan divindend götürmək çabasındadır. Onu özününküləşdirməyə çalışır.

Xalq, yəni onun müxlifətin təsirində olan və nə baş verdiyini anlamayan hissəsi küyə düşüb. Çoxu onu tanımadan nəsə deməyə, özünü mühüm persona kimi göstərməyə çalışır.

Çox adam da sadəcə başqasının faciəsindən feyziyab olur. Fuad bunlara baş əymədi, kişi kimi yaşadı, kişi kimi öldü-filan. Deməli, bunlara Fuadın ölməsi lazım imiş ki, qəhrəmanlıq dastanı düzəltsinlər, sonra da ondan həzz alsınlar.

Dünən yas yerindən bir süjetə baxdım. Orada gənc bir oğlan danışdı, üzdən tanıyıram, amma adını və kim olduğunu bilmədim. Müğənni, ya da aktyordur, məncə. Dedi ki, Fuad Poladova hər cür kömək təklif olunub, amma qəbul etməyib. Niyəsini demədi. Niyə qəbul etməsin? Bəlkə, lazımi şəkildə təklif olunmayıb?

Yusif Səmədoğlu ölüm yatağında olanda Heydər Əliyev ona baş çəkməyə getmişdi. Televiziyada göstərdilər. İlahi, ölüm ayağında olan insan dövlət başçısının gəlişindən necə məmnun olmuşdu. Necə ümidlənmişdi. Məgər Yusif balaca adam idi, şəxsiyyətsiz idi, yaltaq idi? Qətiyyən! Onun yaradıcılığı, "Astana" hekayəsi, "Qətl günü" romanı müasir ədəbiyyatımızın ən gözəl nümunələrindəndir. Onun ziyalı mövqeyi də daha güclü idi, o, proseslərdə daha fəal idi, ictimai-siyasi, qlobal məsələlər haqqında daha çox fikirlər müəllifidir.

Bəlkə, İlham Əliyev də Fuad Poladovu ziyarət etməliydi. Bəli, etməliydi. Amma bunu təşkil etmək lazım idi. Prezidentin işləri həddən artıq çoxdur, onun bizim hər birimizin problemindən xəbər tutmaq, bizimlə maraqlanmaq imkanları yoxdur. Bunu daha aşağı vəzifələri, məqamları tutanlar təşkil etməli, onu məlumatlandırmalı, ona təkliflərini verməlidir. Bunu azərpaşalar etməlidir. Aktyorlarla intriqa aparmaqdansa, bunu etmək lazımdır.

Bu günlərdə "Ədəbiyyat qəzeti" ilə bağlı yüngül bir iradımdan sonra, qəzetin baş redaktoru mənə zəng vurdu, əməkdaşlıq təklif etdi. Onunla heç düz-əməlli tanışlığımız da yoxdur, bircə dəfə epizodik görüşmüşük. Rəhbər belə olmalıdır. Rəhbər yazıçının, aktyorun, başqa sənət sahiblərinin onun ayağına getməsini, ona baş əyməsini gözləməməlidir.

Dünən yazmışdım. Fuad Poladovu yaxından tanımıram, imkanlarına, evinə, ailəsinə, yaşayışına bələd deyiləm. Odur ki, nəsə desəm yalan olar. Xəstəliyi və müalicə olunduğu haqda oxumuşdum. Hansı yardımları, təklifləri rədd etdiyini bilmirəm. Yenə də, nəsə deyə bilmərəm.

Dünən mətbuat Azərpaşa Nemətovun açıqlamasını yaydı. Deyəsən, o, rus dram teatrının müdiridir, baş rejissorudur-nəyidir. Açıqlama mənim də xoşuma gəlmədi və hiss elədim ki, onların arasında nəsə intriqa olub. Bu intriqalar hər yerdə var və bundan qabaq da hər yerdə həmişə olub. Aktyorlar, rejissorlar, yazıçılar, şairlər, tərcüməçilər, tənqidçilər bir-birinin boğazını gəmirməyə hazırdır. 37-ci ildə də özümüz bir-birimizi ölümə göndərmişik. Bəli, sisyasi sistemlərin rolunu danmaq olmaz, amma istənilən siyasi sistemi də xalqın iradəsi formalaşdırır. Elə, ya da belə. Vəzifələrdə, məqamlarda xalqın övladları, nümayəndələri oturur.

Bu ölkədə çox şeyi, hətta hər şeyi Azərpaşa kimi adamlar həll edir. Və əsas problem də o adamların hər yanda, istər yuxarıda, istərsə də aşağıda çoxluqda olmasıdır. "Qara-qara qarışqalar kəpənəyi neylədiniz?.." Yəni problem siyasi olmaqdan çox, ictimaidir, Azərbaycan xalqından, özümüzdən qaynaqlanır.

Mən Fuad Poladovun təklif olunan yardımları qəbul etməsini, mümkün qədər çox, əziyyətsiz yaşamasını istərdim. Şəxsən mənə kiminsə qəhrəmanlığı lazım deyil, çünki yeri gəlsə qəhrəmanlığa-filana o qədər inanmıram da. Heç bir igidin üzünü görməmişəm, ancaq adları çox eşitmişəm...

Müxalifət yönümlülər onu özününküləşdirməyə, böyük ziyalı kimi təqdim etməyə çalışırlar. Bəli, o şəxsiyyətli adam idi, yaxşı aktyor idi. Amma mən onun bir ziyalı kimi, ölkəmizin, xalqımızın problemləri, düşdüyümüz durum haqqında hansısa özünəməxsus, dərin, cəsarətli fikirlər söylədiyini, hakimiyyətin və müxalifətin həqiqətlərindən kənar nəsə dediyini eşitməmişəm. Bir neçə dəfə üstüörtülü və ötəri narazılığını oxumuşam müxlifət mediasından, vəssalam. Bu mənada adını çəkdiyim Yusif Səmədoğlu daha fəal, prinsipial və müstəqil idi.

Ümumiyyətlə götürəndə isə, bizdə bu sahə - ziyalı sahəsi boşdur. Çünki ziyalının dayaq nöqtəsi, yapışacağı yer , ayağının altında möhkəm zəmin yoxdur. Çünki iqtidar və müxalifət ondan ancaq istifadə etmək istəyir. Xalq isə ondan ancaq "kayf" tutur, xüsusilə də, onun faciəsindən.

Ruhu şad olsun!

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}