10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Yaraşdırmayanlara...
Tarix: 31-07-2018 17:13 | Bölmə: Nadir QOCABƏYLİ
Yaraşdırmayanlara...

Bu istilərdə kondisionersiz otaqda hər gün 10-12 saat olmaqla düz 30 gün işlədim, hər gün orta hesabla 10 min işarə, 5 səhifə tərcümə etdim. 750 manat qazandım...

Bu yayın istisində sərin bir yerdə heç olmasa 10-15 gün dincəlmək istəyirəm, çünki yorulmuşam. Amma imkan edə bilmirəm...

Çünki aldığım pulun bir hissəsinə (200 manat) qonşudakı mağazanın borcunu ödəyəcəyəm, YPX-ya 250 manat borcum var, onu ödəməliyəm, 130 manat vergiyə ödəməliyəm, 30 manat işıqpulu, 25 manat supulu verməliyəm, 150 manat maşının texniki baxışına və məcburi sığortaya lazımdır. Hələ qabaqdan böyük oğlumun təhsil haqqı gəlir. Ən yaxşı halda 1500 manat olacaq. Balaca oğlum düşüb üstümüzə ki, məni haçan sünnət elətdirəzsiniz?..

Bəzi adamlar mənə deyirlər ki, həyat yoldaşın niyə işləmir? Həyat yoldaşım da səhərdən axşamacan durmadan işləyir. Gündə 3 dəfə yemək hazırlayır, 4 nəfərin pal-paltarını mexaniki paltaryuyan maşında yuyur, özü yaxalayır, sərir, evi yığışdırır, silir-süpürür, mənə gündə 20 stəkan təzədəm çay verir (yoxsa işləyə bilmərəm), yazdığım mətnləri korrektə edir. O mənim köməkçim, ailəmizin qulluqçu xanımıdır. O olmasa, mən bu qədər işləyə bilmərəm. Onu hər hansı 250-300 manatlıq işə göndərsəm, yolpulu ilə, çəkmə, paltar pulunu ödəyə bilməyəcək. Əli aşından da olacağıq, Vəli aşından da...

Böyük oğlum arada, toy olandan olana şadlıq evinə gedir. Günü 15 manata. Bu pulun 4 manatını yolpulu verir. Çünki toy gecə saat 1-də qurtardığından, taksi ilə gəlməyə məcburdur. Uşaqlarla köməkləşib gəlirlər. Ayda cəmi 2-3 toy olur...

Bir sözlə, istirahət etmək şansı sıfır. Keçən il yenə 1 günlük Qəbələyə gedib-gəldik, təxminən 100 manat xərcimiz çıxdı. Düzdür, ona da istirahət demək olmazdı, çünki 1 gündə 550 km. yol sürmək və yol gedib-qayıtmaq istirahətdən çox, işgəncədir. Baxmayaraq ki, uşaqlar da, xanım da Qəbələdən sonra bir az rahatsızlaşdılar, amma hər halda, havalarını bir günlük də olsa dəyişdilər. Bu il o da yoxdu. Odur ki, Allah ümidinə yaşayıram, harda qırıla-qırıla...

Mənim bu durumda yeganə təsəllim içimi feysbuka tökməkdir. Yoxsa çoxdan dəli olmuşdum, ya da ölmüşdüm...

Məsələ burasındadır ki, mənə heç bir çıxış yolu göstərməyənlər, göstərə bilməyənlər, yazdıqlarıma dərhal reaksiya verir, mənə etiraz edir, yol göstərir, ağıl verir, qınayırlar. Bu haqqı sizə kim verir axı? Mən belə yaşadığım halda yaşadığım ölkəni, onun milli liderlərini, onun saxta tarixini, bayrağını, insanlarını, rəhbərlərini (istər sağ, istərsə də ölü) necə sevə bilərəm? Siz mənə etiraz edəndə məgər bunları düşünmürsünüz? Mənə olan fikirləriniz düz deyil, ziyanlıdır, yazanda vicdanınız zərrə qədər sızlamır? Axı mən hansı ovqatla, hansı motivlə filankəs yaxşıdır, yaxşı işlər görüb, yaxşı sözlər danışıb, yaxud indi yaxşıdır, yaxşı işlər görür deyə bilərəm? Bunu nəyin naminə deməliyəm? Nədən ötrü? Nəyə ümid edərək?

Siz məni ancaq qorxuda, həbs etdirə, mənə “torba” tikə, öldürə bilərsiniz. Çünki fikirlərim sizə mane olur. Bu gün olmasa da, sağ qalsam, sabah mane olacaq. Bunu hələ ki dolayı üsullarla edirsiniz. Gələcəkdə başqa üsullara əl ata bilərsiniz. Ancaq mən qorxmuram. Çünki itirəcək çox şeyim yoxdur. Mübarizəm davam edəcək, tək ümidim Allahadır! Lazım bilsə, mənə O kömək olacaq.

Mən özüm və ailəm, övladlarım, bizimlə eyni, oxşar taleyi yaşayanlar üçün çıxış, qurtuluş yolu arayıram. O yolu bizə nə sizin Rəsulzadəniz, nə Elçibəyiniz, nə Heydər Əliyeviniz, nə də İlham Əliyeviniz verə bildi. Siz - onları müdafiə edənlər də sadəcə özünüzü müdafiə edir, öz qarnınızın dərdini çəkirsiniz.

Odur ki, mənə yaraşdırmadım-maraşdırmadım tipli şeylər yazmaqla təsir edə bilməyəcəksiniz. Bəs bu ölkənin ziyalılarının, vətəndaşlarının bu gündə yaşamasını özünüzə necə yaraşdırırsınız? Siz mənim 10 ildir istirahət edə bilməməyimi özünüzə yaraşdırırsınız? İsitirahət etdiyiniz yerlərdən şəkillər paylaşanda mənim kimiləri yada salaraq, kürəyiniz tərləyirmi? İnanmıram. Odur ki, gedin çayınızı için, mənə nəyin yaraşıb-yaraşmadığını hamıdan yaxşı bilirəm...

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}