16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Bizim Əkrəm Əylisli
Tarix: 19-04-2016 21:07 | Bölmə: Nadir QOCABƏYLİ
 
Bu gün görkəmli yazıçımız Əkrəm Əylislinin Prezident İlham Əliyevə  ünvanladığı və ölkənin əksər saytlarında dərc olunan müraciətini ürək ağrısı ilə oxudum. 79 yaşlı ahıl qələm adamına qarşı son bir neçə ildə istər cəmiyyətin müxtəlif təbəqələri və nümayəndələri, istərsə də dövlət tərəfindən göstərilən münasibət həqiqətən düşündürücü və təəssüf doğurucudur.

Məlum "Daş yuxular” romanından sonra yazıçıya qarşı təşkil olunmuş etiraz aksiyaları, daş-qalaq kampaniyaları bəs deyilmiş kimi, təəssüflər olsun ki, o, dövlət təltifləri və təqaüdlərindən də məhrum olundu.

Əkrəm Əylislinin kim olduğunu, Azərbaycan ədəbiyyatında, bədii nəsrində hansı yeri tutduğunu, ölkəmizin ədəbi-ictimai həyatında hansı rolu oynadığını uzun-uzadı yazmağa, çox güman ki, ehtiyac var, çünki bir neçə il əvvəl sosial şəbəkələrdə ona qarşı elə adamların elə səviyyəsiz şeylər yazdığını gördüm ki, istər-istəməz düşündüm: bu adamların həm Əkrəm Əylislini oxuyub tanımasına, başa düşməsinə, həm də ümumiyyətlə öz səviyyələrinin qayğısına qalmalarına ciddi ehtiyac var. Ancaq Əkrəm Əylisli, onun yaradıcılığı, ictimai fəaliyyəti və şəxsiyyəti bir köşə yazısına sığmaz. Həm də o özü son müraciətində bu haqda bəzi şeyləri ötəri qeyd edib, maraqlananlar oxuya bilərlər.

Sadəcə onu deyə bilərəm ki, Azərbaycan xalqına, onun dilinə, onun yaxşı adamlarına olan sevgi payımın böyük bir hissəsində məhz Əkrəm Əylislinin böyük rolu var. Heç nə demirəm, elə götürün onun "Gilas ağacı” hekayəsini oxuyun, "Nənəmin tütün kisəsi” hekayəsini oxuyun, "Mənim nəğməkar bibim”, "Kür qırağının meşələri” povestlərini, başqa əsərlərini oxuyun. Əgər əsil azərbaycanlısınızsa, bu ölkəni, bu vətəni, onun insanlarını sevirsinizsə, mütləq gözləriniz dolacaq, bədəninizdən şirin bir gizilti keçəcək. Bunlar olmayıbsa və olmayacaqsa onda nəƏkrəm Əylislini, nə də bu yazıdakıları anlamayacaq, Vətəni də həmişə kampaniya xatirinə, boğazdan yuxarı sevəcəksiniz.

"Daş yuxular” romanına görə daş-qalaq kampaniyasına qoşulanları o zaman da, indi də iki qismə ayırıram: siyasi konyukturadan çıxa və yazıçını şəxsən həzm edə bilməyənlər, bir də onu anlamaq səviyyəsində olmayan və küyə gedənlər.

Anlamaq lazımdır ki, yazıçı (mənə görə bu çox böyük bir sözdür) hökmən siyasi konyukturaya uyğun yazmaq zorunda deyil. Nəinki zorunda deyil, ümumiyyətlə, belə yazmamalıdır. Əgər o, hakim ideologiyanın ruporu olmaqdan zərrə qədər kənara çıxa bilmirsə, ona heç yazıçı demək də mümkün deyil. İkincisi, yazıçı kütlənin ani ehtiraslarının əsiri də ola bilməz və olmamalıdır. Yazıçı xalqa təsir etmək, onu yönləndirmək gücündə olan şəxsiyyətdir. Üçüncüsü, tarix boyu ipə-sapa yatmayan, qəliblərə sığmayan sənətkarlar, şairlər, yazıçılar öz millətlərinə daha çox xeyir verib, onu daha çox tanıdıb, adını daha yüksəklərə qaldırıblar.  Və nəhayət, yazıçı milli, məhəlli duyğularla yaşayan, vurub-tutmağı təbliğ edən yox, bəşəri ideyalara xidmət edən, sülhü, əmin-amanlığı, dostluğu təbliğ edən insandır. Əlbəttə, dövlətlər çox zaman birincilərin xidmətinə ehtiyac duyur, ancaq geniş anlamda və mədəni millət olmanın uzaq perspektivində ikincilər həm dövlət, həm də millət üçün daha mühüm iş görmüş olurlar. Mən Tomas Vulfdan və Teodor Drayzerdən ABŞ-ın apardığı müharibələrə ironik münasibət oxumuşam, əgər dövlətin hərbi ideologiyasının ruporuna çevrilsəydilər, yəqin ki, bu gün Amerikanı bu qədər tanıda bilməzdilər. Çünki bunu edənləri bu gün heç kəs tanımır.

Biz çox zaman "Biləcəridən o yana” keçməyi çox arzulayır, yazıçılarımızın Nobel, filmlərimizin Oskar almasını istəyirik, ancaq düşüncəmiz, təxəyyülümüz Biləcərini keçə bilmir.

Gürcü rejissoru Rezo Çxeidzenin bundan düz 51 il qabaq, 1964-cü ildə çəkdiyi "Əsgər atası” filminə Azərbaycanda vaxtilə sovet vətəndaşı olub baxmayan və bu filmi sevməyən çox az adam tapılar. Yeni nəsilin əksəriyyəti, bəlkə də, baxmayıb, amma baxmayıbsa, çox şey itirib.

O filmdə belə bir epizod var: sovet qoşunları artıq Berlinə giriblər, şəhər uğrunda şiddətli döyüşlər gedir. Bu zaman Berlin ətrafında dayanan tanklardan biri əsərin baş qəhrəmanı, əsgər atası Maxaraşvilinin təsadüfən görüb, öz şirin gürcü ləhcəsində nəvazişləəzizləyib-oxşadığı üzüm tənəklərinin üstündən keçmək istəyir. Ancaq Maxaraşvili buna imkan vermir, hətta onun sözünə baxmaq istəməyən rus əsgərin qulağının dibinə bir şapalaq da ilişdirib deyir: "Məgər onların canlı olduğunu görmürsən, sənə yol azlıq edir?” Əsgər qayıdır ki, bəs onlar bizim ölkəmizin başına nələr gətiriblər! Bunu eşidən əsgər atası ona deyir: "Onlar faşistlərdir! Sən də faşistsən? Əgər faşitsənsə, al bu silahı, – deyəəlindəki avtomatı rus əsgərinə uzadıb, bir az aralıda dayanmış iki səfil alman uşağını göstərir, – güllələ onları.” Əsgər pərt olub, silahı almır və dodağının altında mızıldanır: "Sən nə danışırsan, faşist-zadam, bəyəm?!”

Bu film sovet dövründə və təbii ki, sovetlərin xalqlar dostluğu ideologiyası əsasında çəkilib. Sövet dövləti bununla bütün dünyaya sadə almanlara kin bəsləmədiyini, irqçi olmadığını, faşizmə qarşı vuruşduğunu bəyan edirdi. Amma biz iki qonşu xalqın, onun sadə adamlarının tarixən dost olduğundan, elə indi də bir-birinə qarşı kin bəsləmədiyindən bəhs edən bir romana görə, ədəbiyyatımız, xalqımız qarşısında böyük xidmətləri olan ahıl yazıçını daş-qalaq edir, ölkədən çıxmasına mane olmaq üçün onu nəvəsi yaşda birini döyməkdə (!) ittiham edir, haqqında cinayət işi qaldırırıq...

Amma bütün bunları görən dünyanın haqqımızda nə düşünəcəyini fikirləşmirik.

Mənə elə gəlir ki, Əkrəm Əylisli Prezidentə etdiyi müraciətində də özünü düşünməkdən çox, cəmiyyətə məhz bu mesajı vermək istəyib...



Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}