12:32 / 15-10-2018
Prezident Lənkərana gedib
08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
Ən etibarlı sərvət
Tarix: 15-11-2015 17:28 | Bölmə: Seymur BAYCAN


Hər bir xalqın mədəniyyəti onun ən etibarlı milli sərvətidir. Bilirəm, bu söz bir az "körpü yolun bir hissəsidir”,- sözünə oxşadı, amma nə etməli, hal-əhval doğrudan da belədir. Körpü yolun bir hissəsi olduğu kimi, mədəniyyət də hər bir xalqın ən etibarlı milli sərvətidir. Məhz buna görə, hətta iqtisadiyyatda, texnologiyada çox böyük nailiyyətlər əldə etmiş xalqlar belə heç cür arxayınlaşmırl, öz mədəniyyətləriniqorumaq, daha da inkişaf etdirmək, təbliğ etmək üçün ətək-ətək pul xərcləyirlər. Onlar çox gözəl başa düşürlər ki, klassik dildə desək, qılınc qələmsiz heç nəyə yaramır. Yanında qələmi olmayan qılıncın hakimiyyəti uzun müddət davam edə bilməz.

Gəlin, bir anlıq fransızları balzaksız, Flobersiz, Moppasansız, Viktor Hüqosuz, Voltersiz, Didrosuz, ingilisləri Şekspirsiz, Dikkensiz, almanları Şillersiz, Hotesiz, italyanları Dantesiz, ruslari Puşkinsiz, Qoqolsuz, Tolstoysuz, ispanları Servantessiz təsəvvür edək, Bu zaman biz bu xalqların nə qədər cılızlaşdığının və yetimləşdiyinin, maraqsızlaşdığının şahidi olarıq.

Mən hər kəsə məlum olan bu adları sadaladım. Siyahı açıqdır. Hər bir adam öz zövqünə uyğun olaraq bu siyahıya müxtəlif dövrlərdə yaşamış rəssamların, heykəltəraşların, bəstəkarların, şairlərin, yazıçıların, filosofların adını əlavə edə bilər. O zaman nə demək istədiyimiz daha aydın olar.

Əlbəttə, sənət dünyasında saysız-hesabsız əfsanələr və miflər var. Amma məhz sənət dünyası ilə, sənətkarlarla bağlı bu miflərin və əfsanələrin sayəsində sənətkarların yaşayıb-yaratdıqları məkanlar, qəsəbələr, kəndlər, şəhərlər, küçələr, kafelər, hotellər, evlər də şöhrət qazanır, tanınır, dünyanın müxtəlif yerlərində yaşayan adamların diqqətini cəlb edir. Bir ev, bir qəbirbir şəhərin, qəsəbənin, bəzən bütöv bir ölkənin rəmzinə çevrilir.

Anderson və Danimarka bir-birindən ayrılmaz, artıq bütövləşmiş anlayışlardı. Əgər Tolstoy olmasaydı, Yasnaya Polyananı bütün dünyada necə tanıyacaqdılar? ƏgərVan Qoq olmasaydı, adamların çoxu dünyada Borinaj adlı bir yerin olduğunu bilməyəcəkdi.

Viktor Hüqonun Volterin ölümünün yüzilliyi ilə bağlı etdiyi çıxışda gözəl bir söz var. V.Hüqo həmin çıxışında deyir: "Voltеrə qədər əsərlərə dövlət başçılarının adlarını vеrirdilər. Voltеr dövlət rəhbərindən də ali mərtəbədə idi – o, idеyaların rəhbəri idi. Voltеrlə birlikdə yеni əsr başladı. Hiss olunurdu ki, bundan sonra bəşər nəslini idarə еdəcək ən ali mühərrik – fikir olacaq".

Dahiyanə vəuzaqgörənliklədeyilmiş bir sözdür. Təəssüf ki, hələ də bizim insanlarımız incəsənətin, düşüncənin nə qədər böyük silah olduğunu dərk edə bilməyiblər. Halbuki fəxr etdikləri Hüseyn Cavid bunu çox gözəl ifadə etmişdi:

 

Türk ordusu daim basaraq ölkələr almış,

Ən sonra siyasətdə basılmış da bunalmış.

İdrakı sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq.

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

 

 

(Adam bundan aydın, bundan artıq nə yazsın?)

 

Bəli, mədəniyyət kollektiv şüurun sayəsində yaşayar, tanınar, inkişaf edər, sərhədləri aşar. Biri kitab oxuyar, biri kinoya gedər, biri teatra gedər, biri uşağını musiqi məktəbinə,o biri rəsm dərnəyinə, lap o biri reqsə göndərər, başqa birisi mesenantlıq edər və mədəniyyət yaşayar, inkişaf edər. Yoxsa, bütün xalq toya və yasa getsin, mağazaları gəzsin, oğul evləndirib, qız ərə versin və beş-altı adam da xalqa heç nəsiz, dəstəksiz, resurssuz, yoxdan mədəniyyət düzəltsin? Belə şey olmur.

Xalqlar öz mədəniyyətləri ilə tanınır. Bir uğurlu film, bir uğurlu roman, sənətlə bağlı yaxşı təşkil olunmuş bir festival ölkəni və xalqı bir neft quyusundan daha artıq tanıda bilər. Bir uğurlu film ölkəyə və xalqa bir neft quyusundan daha artıq xeyir verə bilər. Əgər təkcə pulla hər şey həll olunsaydı, onda ərəblər dünyanın ən hörmətli xalqlarından biri olardı. Amma hər kəsə bəlli olduğu kimi, ərəblər dünyanın heç də ən hörmətli xalqlarından deyillər.

Mədəniyyətin çox funksiyaları var. Bu funksiyalardan biri də dünyanın müxtəlif coğrafiyalarında yaşayan insanları bir-biri ilə tanış etməkdir. Biz filmlərin, romanların sayəsində müxtəlif düvrlərdə, müxtəlif məkanlarda yaşamış adamların həyatı, hissləri, arzuları, istəkləri ilətanış oluruq.

Mədəniyyət - insanların ünsiyyətə girməsinə şərait yaradan, ünsiyyəti sürətləndirən ən işlək, sınaqdan çıxmış vasitələrdən biridir. Mədəniyyət - biz insanlara müxtəlif tarixi dövrləri, həmin dövrlərin adamlarını hiss etmək, tarixdə ərimək və əbədiyyətəqovuşmaq şansı tanıyır.

Deyəsən, çox yuxarıdan götürdük, bir az aşağı düşək. Qələmin işi sadələşdirməkdi, mürəkkəblişdirmək deyil.

Deməli, "Bir tay” restoranına getmişdiim. Salonda eşitdiyim musiqi diqqətimi çəkdi. Ofisiantdan soruşdum: bu oxuyan qadın Ora Taidir? Qadın sualımdan açıq-aşkar təəccübləndi. Özü də elə təəccübləndi ki, qaşları qalxıb alnının ortasında dayandı. Sevinclə soruşdu: siz Ora Taini tanıyırsınız?

Dedim, bəli, tanıyıram, çox sevirəm Ora Tainin mahnılarını. Ofisant getdi. Bir də gördüm yanında başqa bir qadınla qayıtdı.

O da sual verdi: siz Ora Taini tanıyırsınız? Dedim ki, hə, tanıyıram. Onun mahnılarını çox sevirəm. Yalan danışdınsa, gərək məcbursan yalanı dərinləşdirəsən. Ora Taini tanımağıma görə bu qadın çox sevindi. Beləliklə,restoranda özümə qarşı böyük diqqət və qayğı gördüm.

Hərçənd, sözün doğrusu, Ora Tainin oxuduğu mahnını başqa bir məkanda eşitmişdim. Mahnı xoşuma gəldi, soruşdum, bu oxuyan kimdir? Dedilər Ora Taidir.

Mahnı və mahnını oxuyanın adı ordan yadımda qalmışdı. Ta bilmirəm, Ora Tai oraların Aygün Kazımovasıdır, Röyasıdır, Nüşabəsidir, Rəqsanəsidir, Təranəsidir, Şəbnəm Tovuzlusudur, Nazpərisidir, yoxsa Mətanəti. Əsas odur ki, qürbət bir yerdə Ora Taini tanımağım adamların çox xoşuna gəldi və onların böyük qayğısı ilə əhatə olundum.

Bu kimi əhvalatlar çox olub. Başqa xalqların mədəniyyətləri ilə tanışlıq çox köməyimə çatıbdır. Bunun sayəsində müxtəlif adamlardan diqqət və hörmət görmüşəm. Nəhayət, nəyi demək istəyirəm. Biz bir xalq kimi öz mədəniyyətimizə qarşı çox laqeydik. Mədəniyyətimizi təbliğ edə bilmirik. Mədəniyyətə kollektiv dəstək yoxdur. Fədakarlıq yox dərəcəsindədir. Sanki hələ də mədəniyyətin necə böyük güc olduğu bizə gəlib çatmayıb. Nizaminin qəbri gürcülərdə olsaydı, min hoqqa çıxarıb, min oyun qurub, bütün dünyanı il boyu gətirib ora tökərdilər.

Mən birini yazdım, bu kimi xeyli faktlar sadalamaq olar. Biz etmirik, edə bilmirik, sonra da şikayətlənirik ki, bizə hörmət yoxdur, bizə qarşı münasibət pisdir, filan, filan, filan... Özümüz özümüzə hörmət qoymasaq, heç kim bizə hörmət qoymayacaq. Özümüz özümüzü maraqlı etməsək, hec kim bizə maraq göstərməyəcək.

Belə mövzularda yazı yazanda necə boşboğazlıq etdiyimi hiss edirəm. Bunun fərqindəyəm. Doğrudan da neftin qiymətinin aşağı düşdüyü, ixtisarların getdiyi, adamların təşviş içində olduğu bir vaxtda mədəniyyət söhbəti etmək nə qədər yersiz və lazımsız görünür.

 





Bölməyə aid digər xəbərlər