23:03 / 15-12-2018
Şərqi necə xilas etməli?
Xoruzlar haqqında...
Tarix: 21-03-2016 17:34 | Bölmə: Seymur BAYCAN
Neçə aydır yatanda pəncərəni açıq qoyuram. Çox gözəl bir şeydi. İndi yaşadığım binanın ətrafında xeyli həyət evləri var. Hər gün səhər xoruzların səsini eşidirəm. İnanın, səhərin sakitliyində xoruzların səsini eşidəndə Markesin "Polkovnikə məktub yoxdur" vəMirzə Cəlilin "Pirverdinin xoruzu" əsərlərini xatırlayıram. Sonra "Göyçək Fatma" nağılındakı, gözəlliyin qələbə çalmasını istəyən xoruz yadıma düşür:

 

Quqqulu-qu,

Fatma xanım təndirdə,

Əl-ayağı kəndirdə.

 

Sonra hansısa nağıl kitabından yaddaşıma həkk olunmuş bir rəsm gözlərim önündə canlanır: qaraqaş, qaragöz, balaca bir oğlan uşağı qoltuğunun altında xoruz tutubdur. Uşağın ağıllı sifəti var. Hər ikisi - uşaq da, xoruz da - irəliyə baxırlar, amma irəlidə nə var, bilinmir.

Bunları xatırladıqdan sonra İkinci Dünya müharibəsindən bəhs edən, Sovet zamanı çəkilmiş "Geriyə yol yoxdur" adlı üçseriyalı filmdən bir kadr yadıma düşür.

Faşistlər kənd sakinlərini məhv ediblər. Adamsız qalmış kənddə qorxulu bir sakitlik hökm sürür. Müharibədən əvvəl bu kəndi görmüş bir partizan yiyəsiz qalmış evlərə baxır və partizan dostuna deyir: Bilirsən bu kəndə əvvəllər necə qaynar həyat var idi? Bilirsən burda necə yarmarkalar keçirilirdi?

Bu zaman bir ağ xoruz çəpərin üstünə çıxıb banlayır. Bu ağ xoruz kənddə sağ qalan yeganə canlı idi.

Daha sonra həyatın müxtəlif dövrlərində müxtəlif kəndlərdə, qəsəbələrdə, rayonlarda gördüyüm, səsin eşitdiyim xoruzlar yadıma düşür. O məkanların sayı bir deyil, iki deyil, üç deyil... Beləliklə, həyatın müxtəlif dövrlərində gördüyüm xeyli adamı, evləri, həyətləri xatırlamalı oluram.

Bir qohumumuz var idi. Balacaboy, yığcam bir kişi idi. Biz uşaqlar ona "Cıqqılı kişi” deyirdik. Bığı olan bir kişinin belə balaca olması əlbəttə ki, biz uşaqların təəccübünə səbəb olurdu. Ona hədsiz maraqla baxırdıq və bu maraq bitməz-tükənməz idi. Bu kişi gedib yekəpər, iri sümüklü, atsifət, həyasız, həm də olduqca zirəkə bir arvad almışdı. Arvad deyildi ey, od parçası, yıxılı evin dirəyi idi.

Nədənsə balacaboy kişilər yekəpər, əndamlı, baldırı yoğun arvadlara meyl edirlər. Yəqin özlərində olmayanları arvadlarda axtarırlar. Bu cıqqılı kişiylə arvadı arasında çox böyük fiziki uyğunsuzluq var idi. Arvad istəsəydi ərini asanlıqla qucağına alıb gəzdirə bilərdi. Necə deyim, bu arvadın bir budu kişi boyda, kişi ağırlıqda olardı.

Bu mövzuda konkret bir lətifə də var. Balaca bir kişiyə yekə bir arvad alırlar. Toy gecəsi kişi arvadın üstünə dırmaşır, başlayır arvadın üstündə ora-bura qaçmağa və sevinclə qışqırır: "Doğrudanmı bütün bunların hamısı mənimdi?"

Atalar düz deyib, qadın istəsə kişini vəzir də edər, rəzil də. Pah atonnan, bu yekəpər, həyasızarvad bu cıqqılı kişidən bir çəkinirdi, bu cıqqılı kişinin bir qayğısına qalırdı, bir hörmət edirdi ki, gəl görəsən.

Adamda bəxt yaxşı şeydi. Axtarmaqla deyil, gərək özü qarşına çıxsın. Sən istəməklə deyil, gərək ziyarət özü də istəsin.

Bu yekəpər arvad cıqqılı kişini qaldırıb qoymuşdu dağın başına. Bu azmış kimi, hələ bu balaca kişisin başqa arvadlara da qısqanırdı. Nə bilim, ola bilsin bu cıqqılı kişinin yekəpər arvadı qane edən biz bilmədiyimiz cəhəti, hətta cəhətləri var imiş. Həyatdı, hər şey ola bilər. Hər şeyi bilə bilmərik ki... Heç bilmək də lazım deyil. Qərəz, bu yekəpər arvad heç nədən özünə bir kişi düzəldib həyatını yaşayırdı.

Bir dəfə evdən məni ərzaq mağazasından qənd, çay, günəbaxan yağıalmağa göndərmişdilər. O vaxtlar indiki kimi hər addımda, hər binanın altında, hər künc-bucaqda ərzaq mağazası olmurdu. Hər rayonda beş-altıərzaq mağazası olurdu. Vağzalda, bazarda, xəstəxananın, milis idarəsinin yanında...

Bir mağaza bağlı oldumu, yaxud almaq istədiyin ərzağı bir mağazada tapa bilmədinsə, gərək zəhmət çəkib o biri mağazaya gedəydin.

Ən yaxınlıqdakı ərzaq mağazasından qənd və çay aldım, amma günəbaxan yağı olmadı. Məcbur qalıb başqa mağazaya getdim. Çünki evdən bir şey tapşırırdılarsa, gərək yerinə yetirəydim. Evə əliboş qayıtmırdım.

Növbəti ərzaq mağazasına gedəndə gördüm bir kişi oturubbalaca taburetin üstündə. Bu kişi qəssab idi. Elə qəssab mağazası da evinin yaxınlığında yerləşirdi. Qəssab əlindəki çörəyi ovub toyuqlara atırdı. Toyuqların arasında balaca, bapbalaca bir xoruz var idi. Ömrümdə belə balaca xoruz görməmişdim. Oyuncağa oxşayırdı. Xoruzun boyu olardı bir qarış, amma nə deyirsən, boyu bir qarışolan bu xoruz özündən dörd dəfə, beş dəfə böyük toyuqların arasında elə ədalı-ədalı gəzirdi ki...

Qəssab gördü ki, balaca xoruza diqqətlə baxıram, dedi:

- İstəyirsən bu xoruzu verim sənə?

Bildim ki, sözdən tonqal qalayır, heç vaxt xoruzu mənə verməz, istəmirəm,- dedim.

Evə qayıdanda gördüm nənəm də bizdədi. Gördüyüm balaca xoruzdan danışdım. O xoruzdan danışmamaq olmazdı. Uşaq olasan, boyu bir qarış xoruz görəsən, axı necə danışmayasan? Danışdım, danışdım... Axırda da dedim ki, yəqin o xoruz da toyuqların cıqqılı kişisidi. Elə bunu demişdim ki, ağzımın üstündən bir şillə dəydi. Ana-bala düşdülər üstümə. Anam dedi ki, bir də bu sözü heç yerdə demə. M. eşidər (cıq-qılı kişinin yekəpər arvadı), gəlib bizi cırar.

Nənəmdedi ki, bu uşaq danışanda qorxudan mənim qarnım ağrıyır.

Doğrudan da, mən qohumlarımız haqqında müxtəlif əhvalatlar uydururdum. Araya dava-dalaş düşürdü. Qohumlarımızelə bilirdilər ki, danışdığım əhvalatları evdə danışıblar, mən də eşitmişəm. O and yeri qalmırdı and içməyə, anam, nənəm hamısına and içib deyirdilər ki,vallah bizim heç nədən xəbərimiz yoxdur, özü quraşdırır...

...Cıqqılı kişi yekəpər arvadından tez öldü. Birdən birə ölmədi. Xeyli xəstə yatdı. Uşaqları artıq böyümüşdü. Böyük oğlu evlənmişdi. Arvad bu cıqqılı kişiyə igidlərə layiq bir yas saxladı. Kişinin cavanlıq şəklini böyütdürüb asdı evin yuxarı başından. Tanımayan olsaydı cıqqılı kişinin şəkilinə baxıb heyfsilənərdi ki, bu dünyadan Rüstəm Zal kimi boylu-buxunlu bir igid gedib.

Arvad oturub-durub kişidən danışıb, ağlayırdı. Sözünün əvvəli də "rəhmətlik" idi, axırı da. Tez-tez nənəmgilə gəlirdi.

Bir dəfə arvad kişidən danışıb ağlayanda nənəm ona dedi; özünü çox üzmə. Vallah öldü, canın qurtardı. Sən də çox əziyyət çəkirdin.

Arvad da dedi ki, xəstə olsa da, bilirdim ki, evdə kişi var. Alıb-verdiyi nəfəs mənə bəs idi. Uşaqlar sözümə baxmırlar...

Hər gün səhər xoruzların səsin eşidəndə yuxarıda yazılan söhbətləri xatırlayıram. Səhərin sakitliyində xoruzların səsin eşitmək olduqca xoşdur. Əvvəllər səhərlər yuxudan oyanan kimi beynimdə qara fikirlər dolaşırdı. Gün problemləri, dərdləri bir-bir yada salmaqla, beynimdə çıxış yolları axtarmaqla başlayırdı. Çıxış yolu da yox. Dərd çəkmək, düşünmək özünə qalır. Havayı yerə adam özünə zülm edir. İndi hər gün səhər xoruzların səsini eşidəndə dərdlər, problemlər başıma yaxın gəlib, beynimə girə bilmir. Xoruzların səsi qulaqlarımda "ancaq işləmək lazımdır",- şüarı kimi səslənir. Xoruzun səsi zəhmətin, bərəkətin, həyatın, təbiətin, sülhün və əminamanlığın səsidir.Qoy kimin imkanı, şəraitivarsa xoruz saxlasın. Qoy hər tərəfdən xoruz səsi gəlsin. Bilək ki, ölməmişik, yaşayırıq, həyat davam edir. Əgər mənim əlimdə imkanım olsaydı iki yüz min xoruz alıb camaata paylayardım.

"Reytinq” qəzeti





Bölməyə aid digər xəbərlər