12:13 / 16-02-2019
Alimsayağı sual - Hekayə
Venesuela dərsləri - X. Cəfərli yazır
Tarix: 14-02-2019 11:04 | Bölmə: Xəqani CƏFƏRLİ
Venesuela dərsləri

ABŞ başda olmaqla dünyanın əksər ölkələrinin Venesueladakı son prezident seçkilərinin rəsmi qalibini deyil, özünü dövlət başçısı elan edən parlament sədrini ölkənin lideri kimi tanıması dünyada yeni siyasi mərhələnin başlanğıcı kimi izah olunur. Əslində isə dünyada yeni siyası mərhələ bir neçə il öncə başlayıb və Venesuela ətrafında baş verənlər həmin mərhələnin ən diqqətçəkən nəticəsidir.

Ancaq bundan əvvəl də yeni mərhələnin bəzi nəticələri qeydə alınmışdı. Jurnalist Camal Qaşıqcının qətlinə görə dünyanın ən qüdrətli neft sülaləsi Səud ailəsinin legitimliyinin şübhə altına alınması, ən böyük neft ixracatçısı Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi, neft ixracatçısı olan digər ölkələrin əksəriyyətinin rəsmi dairələrinə qarşı tənqid və ittihamların kütləviləşməsi yeni siyasi mərhələnin nəticələrindəndir. Bəs postneft dövrü adlandırılan yeni dövrün bu nəticələri nədən xəbər verir?

Postneft dövründən əvvəlki dövr, yəni neft dövründə Qərb dövlətlərini əsas maraqlandıran amil neft istehsalçılarının ixracatını stabil saxlaması idi. Buna görə də neft istehsal edən ölkələrdə baş verənlərə demokratik dövlətlər göz yummaq məcburiyyətində qalırdılar. İndi isə dünyanın ən zəngin neft ehtiyatına malik olan ölkənin - Venesuelanın neft ixracatına embarqo qoyulur.

Bir zamanlar öz enerji daşıyıcılarını Qərb bazarlarına çıxarmaq üçün təşviq edilən Rusiyaya qarşı bu gün sanksiyalar tətbiq olunur. Bu gün Qərb dövlətləri tamamilə fərqli məsələ - Rusiyanın neft və qaz ixracatının qarşısının alınması üzərində çalışır.

Uzun illər Qərbi ucuz neftlə təmin etmiş Səudiyyə Ərəbistanına qarşı da məsafəli davranış başlanıb. Bütün bunlar postneft dövrünün ilkin nəticələridir. Bundan sonra daha heç bir dövlət Qərbin enerji təhlükəsizliyindəki roluna güvənə blməyəcək. Bu təhlükəsizlik balışının istifadə müddəti artıq keçib. Buna görə də neft istehsalçısı olan ölkələrin kaprizlərinə daha heç kim dözmək istəmir. Həm də bu səbəbdən dünyanın əksər ölkələri, ilk növbədə isə demokratik dövətlər Venesueladakı son prezident seçkilərinin rəsmi qalibini deyil, parlamentin sədrini dövlət başçısı kimi tanıyır. Üstəlik, bununla kifayətlənməyərək Venesuelanın maliyyə qaynaqları dövlət başçısı kimi tanınan parlament sədrinin sərəncamına verilir.

Neft istehsalçısı olan ölkələrin siyasi elitası Venesuela ətrafında baş verənlərdən nəticə çıxarmalıdır. Çünki daha əvvəlki oyun qaydaları keçərli deyil. Keçərli olmaması bir yana, həm də çox təhlükəlidir. Bu səbəbdən neft istehsalçısı olan dövlətlərin siyasi elitası siyasətini tamamilə dəyişməlidir. Əks halda Venesulada baş verənlər fərqli formalarda hər bir neft istehsalçı olan ölkənin başına gələ bilər.

Neft istehsalçısı olan Azərbaycanın siyasi elitası isə Venesuela hadisələrini daha çox diqqətə almalıdır. Çünki Azərbaycanın ərazisinin 20 faizi işğal olunub və bir zamanlar cəlbedici “neft əvəzində torpaq”, - tezisinin xülyadan başqa bir şey olmadığı üzə çıxıb.

Avropanın enerji təhlükəsizliyindəki rolu işğal altındakı ərazilərin boşaldılmasına səbəb olmadı. İndi isə, bir zamanlar ümid etdiyimiz neft əks faktora çevrilir. Azərbaycanın siyasi elitasına daxil olanların Avropadakı sərvətləri ilə bağlı ifşalar da bunun nəticəsidir. Bütün bunlardan nəticə çıxarmayanların taleyi Venesueladakı son prezident seçkisinin qalibi olmağı bacaran, ancaq ölkəsinin təmsilçisinə çevrilə bilməyən Nikolas Maduronun taleyi kimi olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər