16:43 / 24-03-2017
Bizim Venesiya
Qərb sözdən əmələ keçir
Tarix: 12-07-2016 23:34 | Bölmə: Xəqani CƏFƏRLİ
 

NATO-nun Varşava sammitinin ilk günü Qərb sözdən əmələ keçmək qərarı verdi.

Rusiyanın xarici siyasətdə "net piryoma, protiv loma",- məntiqi ilə hərəkət etməyə başladığı zamandan Qərb qabaqlayıcı və çəkindirici tədbirlər görəcəyini bəyan etsə də, bu məsələdə sözdən əmələ keçmirdi. Nəhayət, NATO Polşa və Baltikyanı respublikalarda çoxmillətli çevik hərbi hissələr yerləşdirmək qərarı verdi.

Qərbdə hesab edirlər ki, Rusiya Baltikyanı ölkələrə müdaxilə qərarı verərsə, ilk növbədə çoxmillətli hərbi qüvvələrlə toqquşmalı olacaq. Bu isə Şimali Atlantika Alyansının bütün üzvülərinə qarşı müharibə deməkdir. Yəni, Polşa və Baltikyanı respublikalarda yerləşdirilən hərbi hissələrin hərbi əhəmiyyətindən çox siyasi əhəmiyyəti var.

Dünyanın ən böyük nüvə arsenalına malik dövlətinin hərb maşınını dörd hərbi hissə ilə dayandırmağın mümkün olmadığı hər kəsə bəllidir. Ancaq bu hərbi hissələr Şimali Atlantika Alyansının demək olar, bütün ölkələrini təmsil edəcək ki, Rusiyanın da onlara qarşı hərbi zərbəsi NATO-nun bütün üzvülərinə qarşı savaş kimi qəbul ediləcək. Qərb strateqlərinin hədəfi də məhz budur.

Rusiyanın müəyyən şantaj və ələalmalarla bəzi Qərb ölkələrini NATO-nun ümumi qərarlarına dəstək verməkdən çəkindirmək istəyi çoxlarına bəllidir. Rusiya xüsusilə Avropa ölkələrini şantaj edərək, istisna edilməyən müharibədə ilk olaraq məhz onların rus nüvə silahlarının hədəfi olacağını açıq bəyan etməkdən çıkinmirdi. Bu şantaj xarakterli bəyanatlar Avropa ictimaiyyətini qorxutmaq, onların təsiri ilə NATO-da parçalanmalara nail olmaq idi. Məhz belə şantajların təsiri altında Avropada müəyyən qrup insanlar Rusiyanın qıcıqlandırmamağın gərəkliyi haqqında indi daha ucadan danışmağa başlayıblar. Bu məsələdə Rusiyanın kəşfiyyat orqanlarının və maliyyəsinin də rolu var.

Ancaq əhəmiyyətli rolu informasiya müharibəsi oynayırdı ki, burada Rusiya özünün şantaj dolu bəyanatları ilə bütün Avropada qorxu mühiti yaratmağa nail ola bilmişdi. NATO-nun Varşava sammitinin ilk günü verilən qərarlar isə məhz bu qorxu mühitinin dağıdılmasına yardım etmək baxımından önəmlidir. NATO-nun Amerika qitəsindəki üzvülərinin bu proseslərdə öncül rol oynamaları da Avropanın Rusiya qarşısında tək qalmayacağının zəmanəti kimi qəbul edilə bilər.

Varşava sammitinə gələn ABŞ prezidenti Barak Obama polşalı həmkarı Andje Duda ilə görüşündə ölkəsinin Polşada min nəfər əsgər yerləşdirəcəyini bəyan edib. Bundan başqa, Kanadanın da Polşa və Baltikyanı respublikalarda yerləşdiriləcək dörd hərbi hissəsinin formalaşdırılmasında öncül yer alacağı artıq məlumdur. Qərb bununla Rusiya və bütün dünyaya bütöv olduğunu nümayiş etdirdi.

Rusiya isə hansısa cavab tədbirləri ilə Avropanı şantaj edir. Ancaq Qərbin sözdən əmələ keçdiyi bir vaxtda bu şantajlar əvvəlki kimi effektli olmayacaq. Əgər Qərb eyni qətiyyətlə Gürcüstan, Moldova və Ukraynanın Avroatlantik məkana inteqrasiya cəhdlərini dəstəkləsə, Rusiya postsovet məkanındakı təcavüzkar siyasətinə son qoyaraq, sərhədləri daxilinə çəkilmək məcburiyyətində qalacaq.




234 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər