16:17 / 23-02-2017
Şəhidimiz dəfn edilib
Rusiyanın taleyi Suriyada həll olunur
Tarix: 08-08-2016 00:29 | Bölmə: Xəqani CƏFƏRLİ
 
Rusiyanın Suriyada ağır itkilər verməsinə baxmayaraq geri çəkilmək niyyətində olmaması, əksinə, nəyin bahasına olursa-olsun Hələbi Əsədin nəzarətinə qaytarmağa cəhd etməsi ABŞ və Türkiyənin etirazına səbəb olmaqla yanaşı, ortaya sual da çıxarıb. Bu sual ondan ibarətdir ki, Putin nə üçün itkilərə baxmayaraq geri çəkilmir və Hələbdə qələbəni əsas məqsədinə çevirib?

Bəzi ekspertlər bunu Rusiya prezidentinin xarakteri ilə izah etsələr də, əksər siyasi şərhçilər məsələnin mahiyyətinin tamamilə fərqli olduğunu iddia edirlər. Bu da ondan ibarətdir ki, Putinin xarici siyasətinin, həm də hakimiyyətinin taleyi Suriyada - Hələb divarları yaxınlığında həll olunur.

Rusiyada keçirilən rəy sorğuları xalqın böyük əksəriyyətinin ölkədəki iqtisadi vəziyyətdən və hakimiyyətin iqtisadi siyasətindən narazı olduğunu göstərir.

Ancaq iqtidarın iqtisadi siyasətindən kəskin narazı olan kütlə Putini dəstəkləyir. Putinin reytinqi iki ildir çox yüksəkdir. Əlbəttə, avtoritar ölkədə siyasi liderin reytinq anlayışı mübahisəli məsələdir. Ancaq istənilən halda Putinin Rusiya cəmiyyətindəki, kütlənin gözündəki nüfuzu inkaredilməzdir. Halbuki, tamamiləəksinə olmalı idi. Ölkədəki iqtisadi-sosial vəziyyətə cavabdeh birinci şəxs olan prezidentin cəmiyyətdəki mövqeyi belə güclü olmamalıdır.

Putin özü isə iqtisadi vəziyyəti dəyişmək iqtidarında olmadığının fərqindədir. Buna görə də xarici siyasətdə qələbə Putinin yeganə mövcudluq vasitəsinə çevrilib.

Putin Kremlin sərt nəzarətində olan medianın usta təbliğatı ilə narazılıqları "əsas günahkara", iqtisadiyyatı düzəldə bilməyən hökumətə, xüsusən də baş nazir Dmitri Medvedyevə qarşı yönəldə bilib.

Putinin özünün isə Krımın xilaskarı, Rusiyanın və rusların müdafiəçisi, "İmperialist Qərb"in və ümumiyyətlə, xarici təhlükənin qarşısını alan lider obrazı yaradılıb. İndi bu obraz dağılmaq təhlükəsi ilə üzləşib.

Suriyadakı hərbi kampaniyanın artıq 10-cu ayı geridə qalsa da, heç bir ciddi uğur qazanılmayıb. Əksinə, 10 aylıq hərbi kampaniya Rusiyaya çox böyük maliyyə itkilərinə başa gəlib. İndi Putin də anlayır ki, bu gedişlə Suriyadakı hərbi kampaniya illərlə uzana bilər. Rusiyanın isə buna maddi resursları yoxdur.

Digər tərəfdən, zaman gecdikçə canlı qüvvə və texnika itkiləri də artır ki, buna qarşı da Rusiya cəmiyyətində etirazlar başlayır. Doğrudur, bu etiraz səsləri hələ yetərincə güclü deyil. Ancaq etirazların gücləndiyi, Putinə sərt ittihamların ünvanlandığı dövr başlayır.

Suriyada Rusiya hərbiçilərinin canlı qüvvə itkisi hərbi kampaniyanın ilk ayları ilə müqayisədə həndəsi silsilə ilə artır. Kreml proseslərin "Əfqanistan ssenarisi" üzrə inkişaf edəcəyindən qorxur. "Əfqanistan ssenarisi" isə zamanla çox real görünür. Rusiyanın itkilərinin artması, Suriyadakı ayrı-ayrı qüvvələrin təhlükə qarşısında birləşməyə başlamaları məhz "Əfqanistan ssenarisi"nin təkrar ola biləcəyindən xəbər verir. Putin və onun komandası anlayır ki, "Əfqanistan ssenarisi"nin təkrarı Sovet İttifaqının taleyinin Rusiya üzərində təkrarlanmasına səbəb ola bilər.

Həqiqətən də, Suriyanı Əfqanistanda olduğu kimi, böyük itkilərdən sonra məğlubiyyətlə tərk etmək, cəmiyyətdə çox mənfi qarşılanacaq və idarəolunmaz proseslərin başlanğıcını qoyacaq. Ona görə də, Putin qısa zamanda Suriyada "möhtəşəm" qələbə qazanmaq və bu ölkəni qələbə ilə tərk etmək istəyir. Bu "qələbə"ni isə indiki halda Hələbdə qazana biləcəyini düşünən Kreml rəhbəri bu üsyançı şəhər üzərindəƏsədin formal nəzarətinin bərpasına çalışır. Halbuki, Hələb İŞİD-in və terrorçu hesab olunan digər qüvvələrin nəzarətində olmayan azsaylı yaşayış məkanlarından biridir.

Hələb əsasən Qərbin mötədil müxalifət hesab etdiyi qüvvələrin nəzarətindədir. Qərb və Türkiyə Hələbi nəzarətdə saxlayan qüvvələrə siyasi və maddi dəstək verir, Suriyanın gələcəyini bu qüvvələrsiz təsəvvür edə bilmir.

Rusiya isə indi təsir edə bildiyi bütün qüvvələri Hələbin üzərinə yönəldib. Bu, Qərbin və Türkiyənin kəskin narazılığına səbəb olsa da, belə görünür ki, Kreml "Əfqanistan ssenarisi"dən yayınmaq üçün Hələb üzərində qələbəyə çalışacaq. Əgər Hələb Əsədin nəzarətinə keçsə, Rusiya Suriyadakı hərbi kampaniyasını dayandıra və ya şərti mövcudluq səviyyəsinə kimi azalda, Suriyanı "qələbə" ilə tərk edə və "Əfqanistan ssenarisi"nin işə düşməsindən yayına bilər. Ancaq Hələbi Əsədin nəzarətinə qaytarmaq deyəsən, Putinin düşündüyü kimi asan olmayacaq.

Məlumatlara görə, artıq HələbdəƏsəd qüvvələrinin özü böyük təhlükə ilə üzləşib. Məhz Hələbin mühasirəyə alınması Suriyadakı proseslərin "Əfqanistan ssenarisi" ilə inkişaf edə biləcəyi təhlükəsini yaradıb. Fərqli təriqətlərə və təşkilatlara bağlı silahlı qüvvələr birləşməyə başlayıblar. Birləşmiş və Suriyanın başqa bölgələrindən kömək almış qüvvələr əks hücuma keçərək Əsəd qüvvələrini mühasirəyə almağa çalışırlar.

Qərbdə narahatdırlar ki, bu proses bütün ölkəni əhatə edə, terrorçu qruplaşmalarla mötədil qüvvələri birləşdirə bilər. Məhz buna görə, Qərb Rusiyanı Hələb avanturasına son qoymağa vadar etmək istəyir.

Amma Putini özünün hakimiyyəti və Rusiyanın gələcəyi düşündürür. Putin anlayır ki, bu ilin sonu, ən geci 2017-ci ilin yazında Suriyanı tərk etmək lazımdır. Əks halda Suriyada batıb qalacaqlar.

Suriyanı məğlub kimi tərk etmək də Putinin planlarına daxil deyil. Buna görə də, Hələbdəki qələbə Putin üçün ölüm-qalım məsələsinə çevrilib.

Hələb beş il əvvəl Suriyada hökumət əleyhinə etirazların başlanğıcı olduğu kimi, bu gün də proseslərin hansı səmtdə inkişaf etməsi məhz bu şəhər ətrafında baş verən hadislərdən asılı olacaq. Putin bu şəhərin Əsədin nəzarətinə keçməsini təmin etməklə Krım, Donbas kimi qələbələrinin sayını artırmaq, nüfuzunu və mövqeyini gücləndirməyi düşünür.

Suriyada isə proseslər "Əfqan sseanrisi" üzrə inkişaf etməyə çox yaxındır. Silahlı qüvvələr bir-biri ilə mübarizədən və rəqabətdən imtina edib, vahid qüvvə kimi çıxış edə bilsələr, Suriya ikinci Əfqanıstana çevriləcək. Əgər bu gün silahlı birləşmələrin və qüvvələrin bir-biri ilə mübarizə apardığı bir şəraitdə İŞİD-ə qarşı mübarizədə ciddi uğur qazanmaq mümkün olmayıbsa, bütün qüvvələr birləşdiyi zaman Əsədin Dəməşqi qoruması belə mümkün olmayacaq. Rusiyanın hərbi avanturası isə prosesləri məhz bu istiqamətə aparır.

Ancaq Putinin başqa yolu yoxdur. Suriyaya müdaxilə ilə Putin Rusiya dövlətçiliyinin altına qoyulmuş bombanı işə salıb. İndi o, bu partlayışın başvermə anını gecikdirməyə, öz hakimiyyətindən sonraya təsadüf etməsinə çalışır.

Reyting.az




373 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər