Baş nazirin yanlış öncəgörməsi
Tarix: 28-08-2016 23:04 | Bölmə: Xəqani CƏFƏRLİ
 
 
Rusiyanın hazırkı baş naziri Dmitri Medvedev dövlət başçısı olduğu zaman 2015-ci ildə "Qazprom"un dünyanın ən bahalı şirkətinə çevriləcəyi ilə bağlı proqnoz verirdi. O zaman Medvedev də daxil olmaqla, bir çoxları belə bir perespektivə inanırdılar ki, Rusiyanın qaz nəhəngi Avropa və Asiya bazarlarını ələ keçirərək, dünyanın enerji bazarında əsas söz sahibinə çevriləcək.

Ancaq indi işlər tərsinə gedir. "Qazprom" sürətlə ucuzlaşaraq dünya üzrə bahalı şirkətlərin siyahısını tərk edir. Bir neçə il əvvəl 157 milyard dollar dəyərində qiymətləndirilən "Qazprom"un indi təxminən 48 milyard dollar dəyəri var.

"Qazprom" dünyanın ən bahalı şirkətləri siyahısını tərk etdiyi kimi, Rusiyanın ən bahalı şirkəti ünvanını da itirib. Hələ ötən ildən etibarən Rusiyanın ən bahalı şirkəti ünvanını "Rosneft"ə təvil verən "Qazprom" bir neçə gün əvvəl ikinciliyi dəəldən verib. İndi Rusiyanın ikinci ən bahalı şirkəti "Sberbank"dır.

Rusiyanın düşünən başlarından hesab olunan German Qrefin başçılıq etdiyi "Sberbank" Qərbin maliyyə sanksiyalarına baxmayaraq, inkişaf edib.

Rusiyanın ən ağıllı adamlarından hesab olunan German Qrefin "Sberbank"da həyata keçirdiyi islahatlar, tətbiq etdiyi uğurlu maliyyə siyasəti bu bankı Rusiyanın ən dayanıqlı maliyyə strukturuna çevirib. Bunun da nəticəsi olaraq "Sberbank"ın dəyəri artıb və bu bank "Qazprom"un əlindən ikinciliyi alıb. Bu, "Sberbank"ın və G.Qrefin uğuru olduğu kimi, Medvedev və Rusiya hökumətinin iflası deməkdir.

Onu da qeyd edim ki, Bakıda bir neçə xidmət obyekti olan "McDonalds" hazırda 100 milyard dollar dəyərində qiymətləndirilir. Bir iaşə şirkətinin Rusiyanın qaz və neft yataqlarının əsas sahibi olan şirkətdən iki dəfədən çox baha olması neft və qaz dövrünün başa çatdığını göstərən ən bariz nümunədir.

Dünyanın ən bahalı şirkəti isə yenəəfsanəvi Stiv Cobsun şah əsəri "Apple"dir. Dəyəri 570 milyard dollardan çox olan "Apple" artıq bir neçə ildir ki, dünyanın ən bahalı şirkəti hesab olunur. Onu dünyanın ən zəngin adamı olan Bill Geytsin "Microsoft"u təqib edir.

"Facebook" isə mövqeyini dünya üçüncülüyündə möhkəmləndirib. "Apple", "Microsoft" və "Facebook"un bu gün dünyanın ən bahalı şirkətlərinin siyahısında birinci üçlükdə qərar tutması bəşəriyyətdə həqiqətən yeni dövrün - əqli əmtəə istehsalı dövrünün başlandığını təsdiqləyir. Məhz bu üç şirkət əqli əmtəənin ən bariz nümunələridir.

Çinin məşhur "Alibaba" şirkəti də dəyərini qorumaqdadır. Çinin əqli əmtəəsinin şah əsəri olan "Alibaba" 250 milyard dollar civarında qiymətləndirilir.

Bütün bu nümunələr isə, ümidini daha çox neft və qaza bağlayan Rusiyanın inkişaf edən dövlətlərdən geri qaldığını, bu geriliyin günbə-gün dırinləşdiyini göstərir. Deyəsən, nüvə silahı ilə dünyaya əzələ nümayiş etdirən Rusiya rəhbərliyi bu fərqləri görmək iqtidarında deyil. Bu isə Rusiyanın sonunu sürətlə yaxınlaşdırır.

Bununla bağlı German Qref bir xəbərdarlıqla çıxış edərək, təxminən 10 il sonra Rusiya üçün Qərbin texnoloji inkişafının əlçatmaz olacağı haqqında həyəcan təbili çalıb. Əlbəttə, nüvə silahının mümkün tətbiqinin daha real olma qorxusunun bütün dünyada yaratdığı həyəcandan sərməst olan Rusiya rəhbərliyi belə xəbərdarlıqları eşitmək iqtidarında deyil...

 




245 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər