Rusiya güzəştə gedib?
Tarix: 20-09-2016 22:52 | Bölmə: Xəqani CƏFƏRLİ
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerri arasında Cenevredə 14 saat davam edən danışıqlar nəhayət ki, Suriyada atəşkəs haqqında razılığın imzalanması ilə nəticələndi. Əlbəttə, bu anlaşma Suriyada sülhün dərhal əldə olunacağı anlamına gəlmir. Suriyada ABŞ və Rusiyanın iradəsindən kənar o qədər hadisələr baş verir ki, Moskva ilə Vaşinqtonun atəşkəs haqqında razılığını hərbi əməliyyatların dərhal dayanması kimi başa düşmək olmaz. Əksinə, bəzi rusiyalı politoloqlar Əsəd rejiminə müxalif olan silahlı birləşmələrin daha da fəallaşacağından ehtiyat edirlər.
Rusiyalı politoloqların narahatlıqları əbəs deyil. Çünki Rusiya Hələbə nəzarəti əldə edə bilmədi. Hələb uğrunda qızğın döyüşlər gedəndə və Əsəd tərəfdarları bir zamanlar Suriyanın iqtisadi paytaxtı olmuş bu şəhəri mühasirəyə alanda çoxları beş il davam edən bu qanlı müharibədə dönüş nöqtəsinin çatdığını zənn edirdi. Əgər Əsəd tərəfdarları Hələbin mühasirəsini qələbə ilə başa çatdıra bilsəydilər, indi vəziyyət fərqli olardı. Ancaq Suriyadakı əksər qüvvələrin Hələb uğrunda Əsəd qüvvələrinə qarşı birgə çıxışı, mühasirəni yarmaları vəziyyəti tamamilə dəyişdi.
Suriyadan gələn məlumatlara görə, indi bu ölkədə müxalif qüvvələrin taktiki və mənəvi üstünlüyü bərpa olunub. Putinin tam bir il ərzində Rusiya aviasiyasının və hərbi məsələhətçilərin köməyi ilə vəziyyəti dəyişmək cəhdi tam uğursuzluğa düçar olub.
Rusiyanın Suriya cəbhəsini məğlub kimi tərk etmək məcburiyyətində qalacağı gün yaxınlaşdığı bir vaxtda Putinin köməyinə Obama çatdı. Cenevredə imzalanan atəşkəs anlaşması hər şeydən əvvəl Rusiyanı bu məğlubiyyətdən xilas etdi. Rusiya hərbisinin ağır məğlubiyyətinə çox qısa zaman qaldığı bir vaxtda Obama Putinə sülhpərvər qismində Suriyanı tərk etmək imkanı yaradır. Cenevrədə atəşkəs razılaşması imzalanan kimi Rusiyada Suriyanı "üzüsulu" tərk etmək tələbləri daha ucadan səslənir.
Ağlı başında olan hər kəs bilir ki, bu, Rusiyanı Suriyanı məğlub durumda tərk etməmək üçün sonuncu şans ola bilər. Eyni zamanda külli məbləğdə vəsaitin səmrəsiz yerə, Putinin özünü təsdiqlətmək üçün xərclədiyini də hər kəs dərk edir. Halbuki, Rusiyada pul çatışmazlığından pensiyaların artırılma tələbi rədd edilir, əksər iqtisadi layihələrin icrası reallaşmır. Belə bir zamanda böyük vəsaitlərin sonu görünməyən Suriya müharibəsinə sərf edilməsi ağılsızlıqdan başqa bir şey deyildir. Rusiyada bunu bir il əvvələ nisbətən indi daha çox adam dərk edir. Bütün bunlar belə deməyə imkan verir ki, Rusiya ABŞ-ın yardımı ilə Suriyanı sülhpərvər kimi tərk etmək üçün Vaşinqtonun təkliflərini qəbul edib. Çünki bir neçə gün əvvəl "Böyük 20-lər"in Çində keçirilən sammiti zamanı Obama Rusiya ilə ciddi fikir ayrılıqlarının olmasından danışmışdı. Görünür, Rusiya güzəştə gedib. Bu isə ən yaxın zamanda Əsədin hakimiyyətinə son qoyulması anlamına da gəlir. Məhz bundan sonra Suriyada hərbi əməliyyatlar tam dayanmasa da, səngiyə bilər. Suriya böhranı isə hələ bir neçə il də davam edəcək.



289 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər