Postneft dövrünün təhlükəsi
Tarix: 01-02-2016 20:40 | Bölmə: Xəqani CƏFƏRLİ



Neftin kəskin ucuzlaşması ABŞ, Kanada və Norveç istisna olmaqla, "qara qızıl” istehsalçısı olan əksər ölkələri ciddi problemlə üzləşdirib. Bu da təsadüfi deyil. ABŞ ən böyük neft istehsalçılarından olsa da, neft və neft məhsullarının ixracat payı bu ölkənin Ümum Daxili Məhsulunda cəmi bir faiz təşkil edir.

Ancaq ABŞ, Kanada və Norveçdən fərqli olaraq, neft istehalçısı olan Venesuela, Rusiya, Qazaxıstan və ərəb ölkələri çox ciddi problemlərlə qarşılaşıblar. Əgər Səudiyyə Ərəbisatnı, Qətər, Birləşmiş Ərəb Əmirliyi və Kuveyt çox böyük qızıl və valyuta ehtiyatlarına görə neftin ucuzlaşmasına hələ dözürsə, Venesuela, Rusiya, Qazaxıstan və Azərbaycan artıq ciddi iqtisadi problemlərin məngənəsındədir. Çünki ərəb ölkələrindən fərqli olaraq, bu ölkələr bahalı neft dövründə neft gəlirlərindən faydalı istifadə edib, qeyri-neft sektorunu inkişaf etdirmədilər.

Bu bir yana, təxminən 12 il ərzində əldə etdikləri on milyardlarla, bəzi ölkələrdə isə yüz milyardlarla neft dollarını korrupsiyaya və effektsiz struktur layihələrinə qurban veridilər. Ona görə də, bu gün Venesuela, Rusiya, Qazaxıstan və Azərbaycan daha ciddi problemlə üzləşib.

Bir dəfə senator Con Makkeyn Rusiyanı özünü ölkə kimi təqdim etməyə çalışan benzindoldurma məntəqəsi adlandırmışdı. O zaman çoxları məşhur senatorun bu sözlərini ciddi qəbul etmədilər. Baxmayaraq ki başqa bir senator - Lidsi Qrem də həmkarının sözləri ilə təxminən razı olduğunu göstərərək, Rusiyanı özünü ölkə kimi təqdim edən neft-qaz şirkəti adlandırmışdı.

Senatorlar Con Makkeyn və Lidsi Qremin sözlərini az-çox fərqlə Rusiya ilə yanaşı Venesuela, Qazaxıstan, Türkmənistan, Azərbaycan və neft istehsal edən əksər ərəb ölkələrinə də şamil etmək olar.

Yeri gəlmişkən, Qərbin beyin mərkəzlərində Rusiya, Venesuela, Qazaxıstan, Türkmənistan, Azərbaycan və neft istehsal edən bütün ərəb ölkələrindəki dövlət modelini "benzindoldurma modeli” adlandırmağa başlayıblar.

Bu dəyərləndirmə ilə razı olub-olmamaq mümkündür, ancaq bu, reallığı dəyişmir. Reallıq isə ondan ibarətdir ki, bu dövlətlər benzindoldurma məntəqəsi kimi yanacaq satmayanda gəlirləri olmur. Yəni, yuxarıda qeyd etdiyimiz dövlətlərin mövcudluqları çox böyük şərtlə neft və qazın satışından asılıdır. 

German Qref: "Rusiya iqtisadi rəqabəti uduzub”

Rusiyanın neftdən asılılığını bu ölkənin özündə də etiraf edir və iqtisadi rəqabəti uduzduqlarını çəkinmədən söyləyirlər. Həm də yalnız müxalif siyasətçi, ekspert, bloqçu və jurnalistlər deyil, iqtidarda təmsil olunlar da Rusiyanın iqtisadi geriliyini və rəqabətdə uduzduğunu bildirirlər.

Bu günlərdə belə bir etirafla Rusiyanın ən böyük bankının - Əmanət Bankın prezidenti və İdarə Heyətinin sədri German Qref çıxış edib. Əmanət Bankın rəhbəri bildirib ki, Rusiya iqtisadi rəqabəti uduzub və zamanla bu fərq daha da böyüyəcək.

Rusiya Federasiyasının keçmiş iqtisadi inkişaf və ticarət nazirinin bu fikrini prezident Vladimir Putinin ən qatı tərəfdarları da inkar və ya təkzib edə bilmirlər.  

Qərb iqtisadiyyatında yeni mərhələ başlayıb

Çox keçməyəcək, iqtisadi inkişafına görə dünyanın digər hissəsinə aid ölkələrlə Qərb arasındakı uçurum daha da dərinləşəcək. Çünki Qərb iqtisadiyyatında tamamilə yeni mərhələ - əmtəə məhsul istehsalından əqli məhsul istehsalına keçid mərhələsi başlayıb. Artıq nəfəsi hiss edilməkdə olan postneft dövrünü də tarixi zərurət kimi meydana gətirən məhz Qərb iqtisadiyyatında yeni mərhələnin başlamasıdır. Yəni, postneft dövrünü əmtəə məhsul istehsalından əqli məhsul istehsalına keçid doğurub.

Rusiyanın ictimai-siyasi, elmi dairələrində artıq gerçəkilk olan bu transformasiyaya necə uyğunlaşmaq, daha da geri qalmamaq üçün müzakirələr başlasa da, iqtisadiyyatları neftdən asılı olan digər ölkələrdə bununla bağlı müzakirələrə cəhd edilmir. Doğrudur, 2012-ci ildə dünya şöhrətli alim Rafiq Əliyev postneft dövrünün iqtisadiyyatı ilə bağlı fikirlər irəli sürdü, çağrışlar etdi. Ancaq neft bumunun təsiri ilə başı dumanlanmış Azərbaycan cəmiyyəti həmin çağırışları eşitmək istəmədi. Azərbaycanın siyasi elitasının, xüsusiylə iqtidarın reaksiyasını analiz etdikdə isə, bəlli olur ki, onlar, neft bumunun başgicələndirici təsirindən hələ də ayılmayıblar. Bunu neftin ucuzlaşmasını siyasi səbəblərlə izah etmək cəhdləri, "qızılı gedib qarası qalan” neftin yenidən bahalaşacağı ilə bağlı ümid dolu fikirlərin gündəmdən düşməməsi də təsdiqləyir.

İnanrıram ki, bu sətirləri oxuyanların böyük əksəriyyəti neft bumunun başa çatması faktı ilə razılaşmayacaqlar. Halbuki, biz, postneft dövrünün astanasaındayıq. Postneft dövründə neft lazımsız olmasa da, enerji mənbəyi kimi demək olar ki, lazım olmayacaq. Buna görə də, "yaxın gələcəkdə neft üçün 10-15 dollar yaxşı qiymət hesab olunacaq”,- deyənlər, haqlıdırlar.

Qərb postneft dövrünü sürətlə gətirəcək çox böyük elmi inqilablar ərəfəsindədir və "soyuq atom” reaktorları vasitə ilə çox ucuz enerji almağa hazırlaşır. Ümumiyyətlə, Qərbdə bir neçə belə layihə mövcuddur ki, onlar yaxın on il ərzində dünyada istehsal, nəqliyyat, yükdaşıma və rabitə ilə bağlı bütün təsəvvürləri dəyişəcək.

Bəzi neft ölkələrini çətin günlər gözləyir

Neftin yüksək qiymətə satıldığı illərdə iqtisadiyyatlarını şaxələndirməyən, təhslin və elmin inkişafına nail ola bilməyən, bu sahələrin bir hissəsini korrusiyaya qurban verən, gələn gəlirlərin digər bir hissəsini isə ehtiyat fondlara yığan dövlətləri çox çətin günlər gözləyir.

Postneft dövrünün ilk addımları da təsdiqlədi ki, neft dollarlarının ehtiyat fondlara yığılması tamamilə yanlış olub. Bunu həmin ehtiyat fondlardakı milyardlarla dolların çox qısa zamanda "əriməsi” də təsdiq edir. Əgər zamanında həmin milyardlarla dolları doğru istiqamətə yönəltsəydilər, indi həmin pullar gəlir gətirə bilərdi. Ancaq çox səhv olaraq, həmin pullar real sahələrə yönəldilmək əvəzinə, ehtiyat fondlara yığıldı və onlar indi heç bir fayda vermədən sürətlə "əriyir”. Məsələn, Rusiyanın on illərlə yığdığı yarım triliyondan artıq valyuta ehtiyatının təxminən yarısı istifadə olunub, digər yarısının da bu ilin sonuna kimi qurtarmaq təhlükəsi var. Belə bir təhlükə haqqında xəbərdarlıqla isə bir başqası deyil, Rusiyanın Maliyyə naziri Anton Siluanov çıxış edib.

Azərbaycanda vəziyyət Rusiyadan da pisdir. Səudiyyə Ərəbistanı kimi zəngin neft ölkələri isə ən yaxşı halda, bir neçə il davam gətirə biləcək.

Bir zamanlar neft dollarlarını ehtiyat fondlara yığmaq nə qədər yanlış idisə, indi vəziyyətdən yeganə çıxış yolu kimi kənd təsərrüfatının və turizmin inkişaf etdirilməsini təklif etmək də bir o qədər yanlışdır. Məsələn, bizim kimi postneft dövrünün başlamasından əziyyət çəkən Rusiyada düşünən beyinlər fərqli çıxış yolları göstərirlər.

Rusiyanın iqtisadi rəqabəti uduzduğunu etiraf edən German Qref vəziyyətdən çıxış yolunu elmin inkişafında görür. Bunun üçün uşaq bağçalarından başlayaraq elmi-tədqiqat institutlarına kimi təhsil və elm sahələrinin yenidən qurulmasını, beyin axınının qarşısının alınmasını təklif edir.

Azərbaycanda isə elmin inkişafından danışmaq bir yana, ölkə üçün indiki məqamda Allah vergisi hesab oluna biləcək şəxsləri bu və ya digər formada, ölkəni tərk etmək məcburiyyətində qoyurlar. Dəyərdən düşmüş neftin əvəzinə isə başqa xammal yaratmaq təklif olunur. Bütün bunlar üzləşdiyimiz vəziyyətə nəinki adekvatdır, hətta tamamilə ziddir.

Neft ölkələrinin gəlirlərinin sürətlə azalması kimi, ehtiyat fondlarının da eyni sürətlə "əriməsi” sosial-iqtisadi vəziyyəti gərginləşirəcək və tamamilə yeni siyasi vəziyyətin yaranmasına səbəb olacaq. Bu, ölkələrin bir çoxunun - vətəndaş müharibəsi, etnik və dini münaqişələr meydanına çevrilməsi ilə də nəticələnə bilər. Hətta belə vəziyyət bəzi dövlətlərin mövcudluğunu da təhdid edir. Bunu və neftin qiymətinin ucuzlaşacağı ilə bağlı xəbərdarlıqları qulaqardına vuranlar isə ən böyük zərəri görəcəklər.

Rusiyanın üzləşdiyi iqtisadi problemin ziddinə olaraq Suriyada hərbi əməliyyatlara başlaması, Səudiyyə Ərəbistanının İranla siyasi qarşıduramaya start verməsi və ən nəhayət, neft ölkələrinin siyasi, iqtisadi, sosial və hüquqi islahatlardan çəkinməsi bu ölkələrin gələcəkləri üçün nikbin danışmaq imkanı vermir.

Postneft dövrünün dünyanın siyasi xəritəsini dəyişəcəyi ilə bağlı fikirləri də eşitmək, analiz etmək doğru olardı. Əks halda, həmin hadisələrin dorucağı təhlükələrlə qarşılaşmalı olacağıq.

 

Postneft dövrü Rusiyanın bütövlüyünü təhdid edir

Belə ehtimal edilir ki, postneft dövrü Rusiyanın bütövlüyünü şübhə altına alacaq. Nüfuzlu beyn mərkəzlərinin bəziləri postneft dövründə Rusiya Federasiyasının ya bütövlüyünü qoruya bilməyəcəyini, ya da konfederasiyaya çevriləcəyini ehtimal edirlər.

Ötən ildən başlayaraq federasiyanın bəzi subyektlərinin, xüsusiylə də Tatarıstanın Moskvanın bəzi istəklərinə qarşı çıxması Rusiyanın vahid mərkəzdən idarə oluna biləcəyini şübhə altına aldı. Tatarıstan Respublikası Kremlin istək və tələblərinin əleyhinə gedərək Türkiyə ilə sıx iqtisadi münasibətləri və mədəni əlaqələri kəsməkdən imtina etdiyi kimi, respublika rəhbərinin prezident adlandırılmasında da təkid etdi. Amma Rusiyada qəbul olunmuş qanuna görə federasiya subyeklərinin rəhbərləri prezident adlandırıla bilməzlər. Rusiya Federasiyasının bütün subyektləri buna əməl etsə də, Tatarıstan tabe olmaq istəmədi. Moskvanın hədələrinə qarşı isə Tatarıstanda dövlət müstəqilliyi haqqında 21 Mart 1992-ci il referendumunu xatırlatdılar. Ən son olaraq, Tatarıstan prezidenti Rüstəm Minnixanov respublikanın sərhədlərinin tam dəqiqləşdirilməsi ilə bağlı aidiyyatı orqanlara göstəriş verib.

Şimali Qafqazda da vəziyyət gərginləşir. Artq hakimiyyət orqanlarına qarşı silahlı hücümlar haqqında məlumatlara daha tez-tez rast gəlinir. 

Sibir və Uzaq Şərqdə də vəziyyət yaxşı deyil. Həmin regionlarda Moskvanın talançı siyasət yürütdüyü, regionların sərvətlərini istismar etməsi ilıə bağlı fikirlər daha gur səslənməyə başlayır. İndi həmin regionlarda muxtariyyət və hətta müstəqillik haqqında fikirlər daha artıq dəstək qazanır. Belə bir vəziyyətdə postneft dövrünün gətirəcəyi ciddi sosial-iqtisadi böhran Rusiyanın öz bütövlüyünü qorumasını çətinləşdirəcək.

Postneft dövrü yalnız Rusiyanın ərazi bütövlüyünü təhdid etmir. Bu problem "demokl qılıncı” kimi bütün neft ölkələrinin başı üzərindən asılıb. Çox böyük ehtimalla, postneft dövrü dünyanın siyasi xəritəsini dəyişəcək.

 




397 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər