Qloballaşmadakı fasilə
Tarix: 08-02-2017 18:36 | Bölmə: Xəqani CƏFƏRLİ

 

Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq məqsədilə keçirdiyi referendumda çoxluğun Brexitin lehinə səs verməsi, ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi ilə qloballaşma tərəfdarlarının məğlubiyyəti kimi təqdim olunur. Müəyyən mənada qloballaşma əleyhdarlarını haqlı da saymaq olar. Böyük Britaniyada artıq refendumun nəticəsinin həyata keçməsi istqamətində addımlar atılır, ABŞ-ın yeni prezidenti qloballaşmanın nəticələrini aradan qaldırmaq məqəsdilə ölkəsinin Trans-Sakit Okean tərəfdaşlığı ticarət anlaşmasından çıxması haqqında sərəncam imzalayıb, Transatlantik ticarət və investisiyalar əməkdaşlığı Transatlantik azad ticarət barədə anlaşmanın hazırlanmasını dayandırıb, ABŞ, Meksika və Kanadanın daxil olduğu azad ticarət haqqında Şimali Amerika sazişinin şərtlərinin dəyişdirilməsi üzrə danışıqların başlanmasına dair fərman imzalayıb.

Bu hələ son deyil. Tramp Meksika ilə sərhəddə divarlar ucaldılmasına hazırlıq görür, Yaxın Şərq və Afrikanın bəzi ölkələrinin vətəndaşlarına vizaların verilməsini və miqrantların ABŞ-a daxil olmasını sərtləşdirib. Bütün bunlar qloballaşma əleyhinə həyta keçirilən tədbirlərdir.

Qloballaşma əleyhdarları bu prosesin daha da dərinləşdirilməsinə çalışacaqlar. Ancaq onların niyyətləri tam gerçəkləşməyəcək.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, keçmişi geri qaytarmaq mümkünsüzdür. Bu elə bir prosesdir ki, onu məhv etmək də mümkün deyil.

İkincisi, Brexit və Trampın qələbəsindən sonra məğlub olduqlarını düşünən qloballaşma tərəfdarları artıq özlərinə gəliblər və qloballaşma əleyhinə siyasətə etiraz etməyə başlayıblar. Hələlik bu proses qloballaşma əleyhdarlarını dayandırmaq iqtidarında olmasa da, etirazların belə erkən başlamasının özü qloballaşmanın dayandırılmasının asan olmayacağından xəbər verir.

Üçüncüsü, qloballaşma əleyhdarlarının ABŞ-dakı mütləq hakimiyyətinin gələn ilin sonunda başa çatacağı gözlənilir.

Bu gün qloballaşma əleyhdarları Tarmpın və Respublikaçılar Partiyasının simasında həm Ağ Evə, həm də Konqressə nəzarət edirlər. Ancaq ekspert və politoqların fikrincə, 2018-ci ilin sonunda Konqressdə qüvvələr nisbəti Demokratlar Partiyasının xeyrinə dəyişəcək və qloballaşma tərəfdarları prezident Trampın siyasətini dayandıra biləcəklər.

Ən nəhayət, 2020-ci ildə Ağ Ev uğrunda mübarizə qloballaşma əleyhdarlarının tam məğlubiyyəti ilə bitəcək. Buna görə də qloballaşmanın bir proses kimi ləğvi mümkün deyil.

Bu gün baş verənlər qloballaşma prosesində kiçik zaman fasiləsindən başqa bir şey deyildir. Bu faislənin daha ağrısız keçməsinin məsuliyyəti isə Avropa Birliyinin və NATO-nun üzərinə düşəcək. Buna görə də Avropa Birliyi genişlənmə proqramından imtina etməməli, Böyük Britaniyanın birlikdən çıxması nəticəsində boşalan yeri doldurmaq üçün yeni üzvlər qəbul etməlidir.

Sovet İttifaqı dağıldıqdan sonra NATO-nun missiyası dəyişdi. Şimali Atlantika Alyansı 1994-cü ildən başlayaraq qloballaşmanın mühüm institutuna çevrildi. Qloballaşma əleyhdarı Trampın NATO və Avropa Birliyini hədəfə alması da bununla bağlıdır.

NATO-nun qloballaşma prosesinin önəmli mexanizmi kimi qorunub saxlanılmasının məsuliyyəti Avropanın, ilk növbədə isə Almaniyanın üzərinə düşəcək. Ümumiyyətlə, qloballaşma prosesinin əsas məsuliyyətini ABŞ yenidən öz üzərinə götürünə kimi bu missiyanın məsuliyyətini Almaniya öz üzərinə götürməlidir. Qloballaşma əleyhdarlarının yeni hədəfi də məhz Almaniya, bu ölkənin hakimiyyəti olacaq. Almaniyada parlament seçkiləri bu baxımından tarixi əhəmiyyət daşıyacaq. Buna görə də Almaniyada növbəti parlament seçkiləri həm Rusiyanın, həm də ABŞ-ın təzyiq və müdaxilələri şəraitində keçəcək. Almaniyanın seçimi qloballaşma tərəfdarları ilə əleyhdarları arasında ən qızğın mübarizə kimi də tarixə düşəcək. Ancaq hətta Almaniyada bir neçə aydan sonra keçiriləcək parlament seçkiləri də bütövlükdə qloballaşma prosesini tam dayandıra bilməz.




323 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər