14:25 / 22-10-2017
Baş konsulluğa hücum olub
Lukaşenko Putin mifini dağıdır
Tarix: 25-02-2017 15:53 | Bölmə: Xəqani CƏFƏRLİ

ABŞ-dakı son prezident seçkilərinin qalibi Donald Tarmpın Barak Obamaya qarşı təbliğat tezislərindən biri Ağ Ev sahibinin Rusiya prezidentindən zəifliyi və ona məğlub olması idi. Ümumiyyətlə, Putinin əksər siyasi liderlərə qalib gəlməsi ilə bağlı yanlış mif formalaşdırılıb. Az qala Putinin dünyada ən güclü siyasi lider obrazı yaradılıb.

ABŞ-ın sabiq prezidenti Barak Obama, Putinin üçüncü hakimiyyəti zamanı Rusiyanın məruz qaldığı itkiləri qeyd edərək Rusiya diktatorunun ona qalib gəlmə iddialarını əsaslı şəkildə puça çıxarsa da, Kreml sahibinin "məğlubedilməz lider” obrazını dağıdan əsas şəxs Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkodur. Belarus prezidenti Rusiya üçün həyati əhamiyyətli məsələlərdə nümayişkarənə şəkildə Putinin əleyhinə getməkdən çəkinmir və hətta bəzən bunu açıq siyasi rəqabətə də çevirir. Məsələn, Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş bölgələri - Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınması ilə bağlı Moskvanın tələblərini rəsmi Minsk qəbul etməmişdi.

Ardınca Belarus rəhbərliyi Krımın ilhaqını da tanımaqdan imtina etdi. Daha sonra Belarus Rusiyanın anti-Qərb sanksiyalarına qoşulmaqdan imtina edərək, rəsmi Moskvanı çətin vəziyyətlə üzləşdirdi. Nəhayət, bir neçə gün öncə Belarus yenə Rusiyanın əleyhinə gedərək Ukraynanın separatçı bölgələrinin - uydurma Donetsk və Luqansk respublikalarının pasportlarının tanınmasından imtina etdi.

Qeyd edək ki, Rusiya prezidenti Putin uydurma Donetsk və Luqansk respublikalarının pasportlarının tanınması ilə bağlı fervralın 18-də sərəncam imzalamışdı. Həmin sərəncama görə, uydurma Donetsk və Luqansk respublikalarının pasportları və digər sənədləri hüquqi qüvvəsi olan sənədlər kimi tanınır. Bu, həmin uydurma respublikaların mövcudluğunun tanınması istiqamətində atılmış addım hesab olunur və Kremlin yeni işğalçılıq siyasətinin davamı sayıla bilər.

Putinin bu qərarında digər məqsədin postsovet məkanındakı separtçılığa yeni impuls vermək olduğu da sirr deyil. Məsələninən qorxulu tərəfi də məhz budur. Moskva postsovet məkanında separatçılığı qızışdırmaq üçün yeni presidentlər yaradır və bu, yolxucu xarakter ala bilər.

Rusiyanın bu qorxunc niyyətinin real prosesə çevrilməsinə isə sarsıdıcı zərbə Belarusun uydurma Donetsk və Luqansk respublikalarının pasportlarına malik şəxslərin dövlət sərhəddini keçməsini qadağan edən qərar verməsi və həm də bunu Putinin sərəncamının mürəkkəbi qurumamış, dərhal etməsi oldu.

Putinin sərəncamından bir gün sonra Lukaşenko dərhal əks sərəncamla Moskvanın alovlandırmağa çalışdığı "yanğının” üzərinə su səpdi. Ümumiyyətlə, Lukaşenko Putinin postsovet məkanının vahid liderinə çevrilməsinə imkan verməyən bir siyasətçi və prezident kimi Rusiyanın yeni imperiya siyasətinin qarşısının alınmasına böyük tövhə verir.

Əlbəttə, Lukaşenkonun idarəçiliyi ilə bağlı iradlar mövcuddur. Ancaq onun Putinə boyun əyməməsi Moskvanın postsovet məkanının siyasi mərkəzi olmasına imkan vermir.

Lukaşenkonu məğlub edə bilməyən, əksinə, özü məğlub duruma düşən Putinin "məğlubedilməz lider” obrazı da dağılır. Bu mifin dağılması isə Rusiyanın yeni imperiya siyasətinin elə ilk mərhələdəcə məğlub olması kimi qəbul edilə bilər.




306 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər