23:03 / 15-12-2018
Şərqi necə xilas etməli?
Separatçılığın yeni dalğası
Tarix: 05-10-2017 13:34 | Bölmə: Xəqani CƏFƏRLİ
Separatçılığın yeni dalğası

Bir neçə gün fərqi ilə İraqın Krüdüstan və İspaniyanın Katoloniya vilayətində müstəqillik referendumu keçirildi. Hər iki ölkənin mərkəzi hakimiyyəti və dünya ictimaiyyəti tərəfindən nəticələri tanınmayan həmin referendumlarla bağlı hər iki muxtar vilayət əhalinin müstəqilliyə səs verdiyi haqqında məlumat yaydı.

Bir neçə gün fərqi ilə dünyanın fərqli coğrafiyasında - biri Avropa, digəri Asiya ölkəsində baş qaldıran müstəqillik davası separatçılığın yeni dalğasının yaranacağı haqqında geniş müzakirələrə səbəb olub. Politoloq və sosiloqlar separatçılığın yeni dalğasına nəyin səbəb olduğunu müəyyən etməyə çalışırlar.

Bir qayda olaraq belə qəbul edilib ki, separatçılığa azlığın çoxluq tərəfindən təzyiqlərə məruz qalması, barışmaz milli, dini, iqtisadi və sosial ziddiyyətlər səbəb olur.

Lakin istər Kataloniyanın, istərsə də Kürdüstanın mərkəzi hökumət tərəfindən milli, dini və iqtisadi təzqyiqlərə məruz qalmasını iddia etmək mümkün deyil.

Xüsusilə də, milli dövlət sərhədlərinin formal xarakter daşıdığı Avropada Kataloniyanın müstəqillik davasının nədən qaynaqlandığını izah etmək çətindir.

Müstəqilliyini elan edən Kataloniya İspaniyanın da üzv olduğu Avropa Birliyinə üzvü olacağını bəyan edir.

Dövlət sərhədlərinin formal xarakter daşıdığı, xarici və daxili siyasətin əsas cizgilərinin vahid bir məkandan - Avropa Birliyinin idarəetmə orqanları tərəfindən müəyyən olunduğu Birliyin üzvü olan dövlətdən müstəqilliyini elan edib, həmin Birliyə üzv olmağın hansı zərurətdən doğduğunu izah etmək mümkün deyil. Əgər Kataloniya İspaniya kimi Avropa Birliyinin üzvü olmaq istəmədiyini, buna görə İspaniyanın tərkibindən çıxdığını bəyan etsəydi, bunu bir səbəb saymaq olardı.

Müstəqil dövlət atributlarının ortadan qaldırıldığı və ya formal xarakter daşıdığı Avropa Birliyinin üzvü olan ölkənin tərkibindən çıxıb, həmin Birliyin üzvü olmaq nəyi dəyişəcək ki?

Kataloniyanın müstəqilliyi yalnız əyalət hökumətinin stastusunun milli hökumət səviyyəsinə qalxmasından başqa heç nəyi dəyişməyəcək. Deməli, bu müstəqillik davası yerli siyasi elitanın mərkəzi siyasi elita ilə mübarizəsindən başqa bir şey deyil.

Kataloniyanın müstəqillik qazanması Avropada heç bir ciddi problemə səbəb olmasa da, Kürdüstanın İraqdan ayrılması çox ciddi problemlərə, uzun illər davam edəcək müharibəyə səbəb ola bilər. Buna görə də, Kürdüstandakı prosesləri Kataloniya ilə eyniləşdirmək olmaz.

Kataloniyanın yerləşdiyi məkanda siyasi vəziyyət elədir ki, etnik münaqişələr faktiki olaraq mümkünsüz görünür. Ancaq Kürdüstanın yerləşdiyi bölgədə müharibə hələ bitməyib. Belə bir şəraitdə Kürdüstanın müstəqillik davasına başlaması regionda yeni müharibəni qaçılmaz edə bilər.

Əgər Kataloniyanın müstəqilliyi İspaniyanın qonşu dövlətlərində gərginliyə səbəb olmayacaqsa, Kürdüstanla bağlı məsələ tamamilə fərqlidir.

Kürdüstanın tərkibindən çıxmaq istədiyi İraqın qonşuları bu məsələdə Bağdaddan daha artıq narahatdır. İstər İran, istərsə də Türkiyə İraq Kürdüstanının müstəqilliyini özü üçün ciddi təhlükə sayır və belə görünür ki, buna yol vermək niyyətində deyillər. Belə bir vəziyyətdə Kürdüstanın müstəqillikdə israr etməsi regionda ağır və dağıdıcı müharibəyə səbəb ola bilər. Bundan ən böyük zərəri isə kürdlər görəcək.

Kürdüstan məsələsini Kataloniya məsələsindən fərqləndirən başqa bir əsas məqam da var. Əgər Kataloniyada demokratik ənənənin mövcudluğundan, demokratiyanın aparıcı institutlarının güclü olmasından danışmaq mümkündürsə, Kürdüstanda bunların hətta işartısı da yoxdur. Tayfa hakimiyyətinin hökm sürdüyü bir muxtariyyatın müstəqil dövlətə çevrilməsi kürdlərə ciddi problemlər vəd edir. Bütün bu məqamları gözəl bilən böyük dövlətlər Kürdüstanın müstəqilliyini müdafiə edə bilməzlər.

Kürdüstanın müstəqillik davasından yalnız Türkiyə, İran və İraqa təzyiq vasitəsi kimi istifadə edə bilərlər. Bu isə daha çox kürdlərin maraqlarına zərər vuracaq.




Bölməyə aid digər xəbərlər