Prezidentin qardaşını həbs edən xanım
Tarix: 21-10-2017 12:47 | Bölmə: Xəqani CƏFƏRLİ
Prezidentin qardaşını həbs edən xanım

Rumıniyanın sabiq baş prokuroru, Milli Antikorrupsiya Direktoratının baş prokuroru vəzifəsində çalışan 44 yaşlı Laura Kodruta Lasku yalnız vətənində deyil, bütün dünyada məşhur simaya çevrilib. Onu korrupsiya ilə mübarizənin simvoluna çevirən amansız və güzəştsiz mübarizəsidir.

Bu gözəl xanımın korrupsiya ilə amansız və güzətsiz mübarizəsinə ən gözəl nümunə Rumıniya prezidenti Trayan Beseskunun qardaşı Mirça Beseskunu, eləcə də dövlət başçısının kürəkəni və qardaşı oğlunu dəmir barmaqlıqlar arxasına göndərməsidir. Halbuki, Milli Antikorrupsiya Direktoratının baş prokuroru vəzifəsinə onu prezident T.Besesku təyin etmişdi.

Hələ 33 yaşında Rumıniyanın ilk qadın baş prokuroru təyin edilən Lauranın mübarizəsi nəticəsində korrupsiyada adı hallanan baş nazir Viktor Ponta, Buxarestin meri Sorin Opesku vəzifələrindən istefa vermək məcburiyyətində qalıblar.

Prezidentin qardaşını həbs edən xanım

Laura Milli Antikorrupsiya Direktoratının baş prokuroru vəzifəsini daşıdığı müddətdə həbsxanaya göndərdiyi şəxslər arasında ölkənin sabiq baş naziri Vasile Blaqa, Rumıniya parlamentinin sabiq spikeri Valeri Zqoniyanın da adı var. Onlardan biri milyon avro, digəri 10 min avro rüşvətə görə həbs olunublar. Lauraya görə məbləğin heç bir önəmi yoxdur. Əgər rüşvət almısansa, həbsə getməlisən.

Xanım prokurorun korrupsiya ilə mübarizədə güzətsizliyinin daha bir örnəyi ölkə parlamentinin indiki rəhbərləri Livi Draqnya və Kelin Polpesku-Teriçanun qanun qarşısında cavab verməyə məcbur olmalarıdır. Livi Draqnya iki il şərti cəza alıb, Kelin Polpesku-Teriçanın yolu isə istintaqa düşüb. Buna səbəb yalan ifadə verməsi olub.

Ümumilikdə Laura Milli Antikorrupsiya Direktoratına başçılıq etdiyi müddətdə aralarında nazirlər, deputatlar, senatorlar, merlər, dövlət şirkətlərinin rəhbərləri də olmaqla 1000 yaxın şəxsin müttəhimlər kürsüsündə oturmasına nail olub.

Təxminən 3 min avro əmək haqqı alan Laura korrupsiya ilə məşğul olan şəxsləri dövlət büdcəsinə bir milyard avroya yaxın vəsait ödəmək məcburiyyətində qoyub.

Adına avtomobil və mülk olmayan Laura Buxarestdə - ipoteka ilə aldığı 55 kv.metrlik mənzildə yaşayır.

Bir dəfə Moldovadakı bir milyard avroluq korrupsiya qalmaqalına münasibət bildirən Laura deyib ki, korrupsiya ilə mübarizə aparmaq üçün sistemi təmizləmək istəyən bir neçə prokuror tapmaq lazımdır.

22 yaşından prokurorluq orqanlarında çalışan, hüquq elmləri doktoru Laura Kodruta Lasku Rumıniyanı Şərqi Avropada korrupsiya ilə mübarizə aparmaq istəyənlər üçün nümunəyə çevirib. Korrupsiya ilə amansız mübarizə aparan bu xanım artıq ötən əsrin 80-ci illərində İtaliyada mafiya, Koza Nostra ilə amansız və güzəştsiz mübarizə aparan, bu şəbəkənin 1800 üzvünü həbs edən Petro Qrasso kimi canlı əfsanəyə çevrilib.




Bölməyə aid digər xəbərlər