16:11 / 11-12-2017
Yeni ilin ilk ayı – Dekabr
Qaragünlü Zimbabve ağ günə çıxacaqmı?
Tarix: 20-11-2017 10:40 | Bölmə: Xəqani CƏFƏRLİ
Qaragünlü Zimbabve ağ günə çıxacaqmı?

Qara Afrikanın qaragünlü dövlətlərindən biri olan Zimbabvedə 93 yaşlı Robert Muqabenin 37 illik avtoritar rejimi hərbi çevriliş nəticəsində sona çatdı.

Muqabenin 37 illik hakimiyyəti ərzində Zimbabve əhalisi bir neçə dəfə total repressiyaya məruz qalıb. Bütövlükdə isə Zimbabvedə siyasi motivli repressiyalar Muqabe hakimiyyətə gəldikdən sonra başlayıb və üç gün əvvəlki hərbi çevrilşə kimi davam edib.

Muqabe hakimiyyəti tarixə yalnız həyata keçirdiyi repressiyalarla düşməyib. Onun 37 illik hakimiyyəti ərzində qeydə alınan bədnam iqtisadi “rekord”lar dünyanı təəccübləndirirdi. Məsələn, 2008-ci ildə Zimbabvenin milli valyutasının illik infilyasiyası 231 milyon faizə çatmışdı. Bu, bəşər tarixində görünməmiş iqtisadi faciədir. Həmin ildə Zimbabvedə qiymətlər gün ərzində iki dəfə bahalaşdı. 2009-cu ildə isə Muqabenin başçılıq etdiyi Zimbabvenin milli valyutası dolların məzənnəsi ABŞ dollarına nisbətdə trillionun birə münasibətinə çatmışdı. Nəhayət, 2014-cü ildə diktator, Zimbabvenin milli valyutasını qadağan etdi. Ölkədə ABŞ dolları, avro və qonşu dövlətlərin valyutaları ilə hesablaşmalar aparmağa başladılar. 2015-ci ildə isə Çin yuanı Zimbabvedə rəsmi ödəniş vasitəsinə çevrildi.

“World Justice Project” beynəlxalq təşkilatı tərəfindən 136 ölkədə korrupsiyanın səviyyəsi ilə bağlı aparılan araşdırmaya görə, Zimbabve 136 ölkə arasında 124-cü yerdədir. Kredit reytinqinə görə isə sonuncu - 136-cı yerdə qərar tutub. Qanunun aliliyinə gəldikdə, Zimbabve 136 ölkə arasında 108-cidir.

Bu ölkəyə qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları mövcuddur. Yeri gəlmişkən qeyd edək ki, Rusiyaya qarşı da ABŞ və Avropa Birliyi tərəfindən sanksiyalar tətbiq edildikdən sonra Muqabe ilə Putin arasında yaxın münasibətlər yaranıb. Zimbabve Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyan ölkələrdəndir. Muqabenin nazirlərindən biri - Seyvior Kasukuver Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadaya səfər edən ilk əcnəbi hökümət rəsmisi olub. Zimbabveli nazir hətta krımlıları Rusiyanın tərkibində qalmaqda israrlı olmağa və geri çəkilməməyə də çağırmışdı. Muqabenin sadiq adamlarından olan Kasukuver bəyan etmşdi ki, ABŞ sanksiyalarının mövcudluğu şəraitində yaşamağın təcrübəsini də Rusiya ilə bölüşməyə hazırdırlar.

Onu da qeyd edək ki, Muqabeyə qarşı sanksiyalar öz xalqına qarşı cinayətlərə, dünyada sülhə və stabilliyə təhlükə törətdiyinə görə tətbiq olunub.

Ötən il ABŞ-da keçirilən prezident seçkisi zamanı dünyanın bir çox avtoritar liderləri kimi Muqabe də Donald Trampı dəstəkləyib. Bütün bunlar Zimbabvenin 93 yaşlı diktatorunun siyasi portretini və rəhbərliyinin nəticələrini görmək üçün müəyyən təəssürat yaradır. İndi isə bütün dünya Muqabedən sonra qaragünlü Zimbabvenin ağ günə çıxıb-çıxmayacağını müzakirə edir. Amma 37 illik avtoritar rejimin nəticələrini tezliklə aradan qaldırmaq çətin olacaq. Hətta 93 yaşlı diktatorun devrilməsi gələcəklə bağlı müəyyən ümidlər yaratsa belə...




Bölməyə aid digər xəbərlər