08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
Ermənistanın növbəti hiyləsi
Tarix: 04-12-2017 10:50 | Bölmə: Xəqani CƏFƏRLİ
Ermənistanın növbəti hiyləsi

Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş əməkdaşlıq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement-CEPA) adlı sənədi imzalaması postsovet məkanının gündəm mövzusudur. Bu hadisə xüsusilə Rusiya və Azərbaycanda geniş əks-səda doğurub.

Rusiya mediasında bununla bağlı aparılan müzakirələrdə Ermənistanın bu addımı hətta arvadın ərinə xəyanəti kimi də dəyərləndirilir. Görünür, bu mövqedə olanlar ya siyasi ittifaqların əbədi xarakter daşımadığını bilmir, ya da keçmiş sovet respublikalarını həqiqətən müstəqil dövlət kimi qəbul etmək istəmirlər.

Yalnız işğalçı Ermənistan deyil, Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişi imzalamış Gürcüstan, Ukrayna və Moldova da Rusiyanın qəzəbinə tuş gəlib. Moskva Belarusu da “ərini başqasının yanına getməklə” şantaj edərək bütün istəklərini qəbul etdirən qadına bənzətməkdən də çəkinmir.

Separatizmin dəstəkçisi olan Ermənistanın Avropa İttifaqı ilə razılaşmanı imzalaması isə həqiqətən gözlənilməz oldu. Öncə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Riqa sammiti ərəfəsində yazmışdım ki, Ermənistan obyektiv, Azərbaycan isə subyektiv səbəbdən Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişini imzalamayacaq.

Ötən həftə Brüsseldə keçirilən 5-ci “Şərq Tərəfdaşlığı” Sammitində Ermənistan və Azərbaycanın iki il əvvəlki mövqeyini təkrarlayacağını gözləyirdim. Ancaq Ermənistan tam fərqli mövqe göstərərək Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişini imzaladı. İrəvanın bu addımı olduqca düşündürücüdür və Rusiyadakı hak-küyün təsiri altında doğru nəticələrə gələ bilmək mümkün deyil.

Ermənistanın iki il əvvələ görə tam fərqli mövqe göstərməsinə imkan verən dəyişikliyi bilmək bütün dövlətlərdən bizə daha çox lazımdır. Buna görə də Ermənistanın iki əvvəl Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişini imzalamasına imkan verməyən obyektiv səbəbin, yəni İrəvanın Moskvadan asılılığının aradan qalxıb-qalxmadığına aydınlıq gətirmək çox vacibdir.

Əlbəttə, bu asılılıq aradan qalxmayıb. Ancaq belə görünür ki, iki il əvvələ nisbətən xeyli dərəcədə zəifləyib. Çünki İrəvanın bu addımı Moskvaya xəbər verərək, hətta Kremllə razılaşdırıb atması haqqında fikirlər var. Kremlin İrəvanın bu addımına bu günə kimi kəskin münasibət bildirməməsi də gizli razılaşma fikirini gücləndirir. Bu isə o qənəti təsdiq edir ki, Moskvanın İrəvan üzərindəki təsiri azalıb və Ermənistan daha Rysiyanın hər çaldığı havaya oynamaq istəmir.

Görünür, ABŞ və Fransada güclü diaspora malik olan ermənilər Qərbin iki əsas siyasi mərkəzində - Vaşinqton və Brüsseldə Rusiya ilə bağlı hansı qərarların verildiyini çoxlarından yaxşı bilir və buna görə də Moskvadan bir qədər məsafə saxlamaq istəyirlər. Hətta ermənilər bunun ilk zamanlar bir qədər təhlükəli ola biləcəyini də göz önünə alıblar. Ancaq görünür, ermənilər məhz bu mövqeyin strateji cəhətdən doğru olduğuna qərar veriblər. Etiraf etmək lazımdır ki, bu, Ermənistanın yaxın gələcəyə hesablanmış güclü siyasi gedişi də ola bilər. Əgər bu doğru olarsa, Azərbaycan uduzar.

Hələlik isə qeyd edim ki, Rusiyanın əsas düşmən olması haqqında Vaşinqtonda formalaşmış fikirlər tədricən Avropanın aparıcı paytaxtlarında - London, Paris və Berlində də aparıcı fikirə çevrilir. Böyük Britaniyanın baş naziri xanım Tereza Mey son bir ayda bir neçə dəfə Rusiyanı düşmən ölkə adlandırıb. Halbuki, məhz London Moskvaya münasibətdə daha mötədil mövqeyi ilə tanınırdı.

Xanım Meyin kəskin mövqeyi də sübut edir ki, ABŞ və Avropada Rusiyanın düşmən olması fikiri artıq tam qərarlaşıb və bundan sonra Moskvaya yönəlik bütün qərarlar buna uyğun veriləcək.

Belə qənaət hasildir ki, Qərb Rusiyanı dərhal olmasa da, tədricən boğmaq yolunu seçib və bütün qərarlar da bu isqtimətdə verilir. Çox güman ki, Qərb indiki Rusiyanın mövcudluğuna son qoymaq niyyətindədir. Vaşinqton və Brüsseldən daha dəqiq məlumatlar almaq imkanı olan Ermənistan isə məğlub ediləcək ölkənin yanında olmaq istəmir. Böyük ehtimalla Ermənistan Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişini imzalamaqla bu istiqamətdə ciddi addım atmaq istəyib.

Rusiya isə Ermənistan üzərində iki il əvvəlki gücə malik deyil və buna görə də Kreml artıq İrəvanın siyasi qərarlarına tam təsir edə bilmir.

Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişi imzalamasına Azərbaycanda müəyyən dairələrin reaksiyası ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində baş verənləri xatırlatdı. O zaman Sovet İttifaqında mərkəzdənqaçma prosesləri başlamışdı və rəsmi Bakı tam əks mövqe tutmuşdu. SSRİ-nin saxlanılması ilə bağlı referendum zamanı da, SSRİ-ni saxlamağa yönəlik "QKÇP" qiyamına münasibətdə də İrəvan Bakıdan fərqli mövqeyi ilə Sovet İttifaqının tərəqqipərvər ictimaiyyətinin və Qərbin dəstəyini qazana bilmişdi. Rəsmi Bakının o hadisələr zamanı tutduğu yanlış və ziyanlı mövqe Qarabağ müharibəsi zamanı çox ciddi mənfi nəticələrə səbəb oldu. İndi də bütün tərəqqipərvər dünya ictimaiyyətinin gözündə Ermənistan özünə çox ciddi xal qazanır və post Putin dövründə bu gün baş verənlər İrəvanın xeyrinə, bizim əleyhimizə işləyə bilər. Çox güman ki, Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş əməkdaşlıq razılaşmasını imzalaması da buna hesablanıb.




Bölməyə aid digər xəbərlər