16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
General kimi yaşamaq, yoxsa?..
Tarix: 12-07-2016 23:35 | Bölmə: Zaur ƏHMƏD
 

Həqiqəti deyən, onun tərəfində duran, ədalət məsələsində dədəsinə də güzəştə getməyən insanları sevirəm. Hətta mənə qarşı olsalar belə, qəlbimin dərinliyində belə adamlara sayğı duyuram.

Çox təəssüf ki, Azərbaycanda bu dəyərlərlə yaşayanlar çox azdır.

Hazırda sıralamaya görə heç 14-cü hakimiyyət belə olmayan mətbuatımızda isə barmaqla sayılacaq qədər ədalətli, "dediyimiz dedikdir",- qələm sahibi var. Qələminə, şəxsiyyətinə və cəsarətinə hörmət elədiyim Zamin Hacının bu günlərdə sosial şəbəkədəki bir statusunu oxudum. Hədəfi tam ortadan vuran bir nüansa toxunmuşdu.

Tanıyanlar bilir ki, Ordu, Şəhid, Qazi məsələsində həssas olmaya bilmirəm. Özümdən asılı deyil, bu üç müqəddəs məvhuma qarşı sayğısızlıq olanda hisslərimi cilovlamağı bacarmıram. Görünür, Zamin Hacı da bacarmayıb, yaxud cilovlamaq istəməyib. Sonuncu statusu da buna bariz nümunədir.

Görün, nə deyir: "Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan bu polkovnik-leytenanta heç bir mükafat verilmədi, xəbəriniz olsun. Səbəblərini ölkədə çox adam bilir, ancaq kimsə dilinə gətirmək istəmir. Əgər Raquf Orucov həyatını bizim uğrumuzda qurban veribsə, biz niyə qorxub həqiqəti deməyək?

Mən açıq yazıram: bu adama mükafat verilməməsinin, ümumiyyətlə, sağlığında da çox sıxışdırılmasının əsas baisi Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovdur. Sadıkovun Orucova nifrətinin isə kökü var. Bir dəfə Orucov Sadıkovun hansısa əsgərin qanunsuz evə buraxılması (adı hərbi hissədə getsin, özü evdə) əmrini yerinə yetirməyibmiş. Təəssüf ki, orduda zabitlərin çoxu bu əhvalatı bilir, amma qorxudan səslərini çıxarmırlar, çünki Nəcməddin Sadıkov çox kinli, əlindən hər cür pislik gələn şəxsdir. Heç kim başının ağrımasını istəmir. Ona görə də millət uğrunda başını qoyan oğullar adsız qalır".

Həmkarımın hər cümləsinin yox haaa, hər kəlməsinin altına imzamı atıram. Düz, üç il öncə Raquf Orucovu tanımaq, əlini sıxmaq, söhbət etmək şərəfinə nail olmuşdum. Adam həqiqi hərbiçi idi. O qədər cüssəli adam olmasa da, adamın duruşunda qəribə nəsə var idi. Siması, duruşu, aram-aram söhbəti adama güvən verirdi. Onun nə dərəcədə peşəkar hərbiçi, zabit olmasını əsgərləri, səngər yoldaşları yaxşı bilir. Mənim bu barədə danışmağım yersiz olar...

Keçək Zaminin yazdıqlarına. Nəcməddin Sadıkovla bağlı mənim də mövqeyim bəllidir. Bu gün ordumuzun başında dayanan ikinci şəxs olsa da, ondan zərrə qədər xoşum gəlmir.

Ordumu, əsgərimi Sadıkovdan dəfələrlə çox sevdiyimə əminəm, amma onunla ulduzum barışmır. Bunun da bir çox səbəbləri var. Ana dilimimi bilmir, rus dilində dınışır, əmrlər verir, adı bir çox müəmmalı məsələlərdə hallanır, deyilənə görə, çox kobud adamdır, ordudan başqa bir yerdə işləməsə də, böyük maddi imkanlara sahibdir.

Amma ona qarşı antipatiyamın əsas səbəbi bunlar deyil. Nəsə içimdə ona qarşı bir ögeylik hiss edirəm. Onun milli ruhda olan, xüsusən də kənd koloritli zabitlərə qarşı kinayə ilə yanaşdığını ordunun yuxarı eşelonundakılar yaxşı bilirlər. Odur ki, Zamin Hacının sözünü qəribçiliyə salmaq lazım deyil. 

Tarix boyu hər bir məmləkətdə adsız qəhrəmanlar olub. Xalq o adsız qəhrəmanları qəlbində yaşadaraq, onu baş tacı edib. Zaman keçəcək, bu gün çiynində general rütbəsi daşıyanların çoxu unudulacaq. Amma Raqub Orucov kimi adsız qəhrəmanlar tarixin şanlı səhifələrində qalacaq. Bir şeyi unutmayaq, əsas general kimi yaşamaq deyil, qəhrəman kimi ölməkdir... 



Müəllifin bütün yazıları - Zaur ƏHMƏD



Bölməyə aid digər xəbərlər
16-12-2017, 10:25 Zaur ƏHMƏD - Ordu, yoxsa qələm?
30-12-2016, 16:00 Zaur ƏHMƏD - Şahverdinin xoruzu
20-09-2016, 22:54 Zaur ƏHMƏD - Haqqa kor olanlar

{sape_links}{sape_article}