Məmurlar, rüşvəti manatla alın!
Tarix: 01-02-2016 19:43 | Bölmə: Zaur ƏHMƏD

Son bir ilə qədər Azərbaycanda hər şeyin qiyməti qalxırdı. Torpaq sahəsi, ev, villa, qızıl-zinət əşyaları günü-gündən dəyərə minirdi. Zənginlərin bolluqdan, kasıbların isə "qara gün” üçün alıb saxladığı hər nə vardısa, günbəgün bahalaşırdı.

 
Dünya bazarına çıxara bildiyimiz yeganə dəyərli sərvətimiz olan neft nə qədər ki, göylə gedirdi, bizim də gözümüz ayağımızın altını görmürdü. Pulun eyforiyasına qapılıb ona-buna kəllə atırdıq. Təbii ki, burada "biz” deyərkən ümumilikdə Azərbaycanı - oliqarxı, məmuru, fəhləsi, kəndlisi - hamını bir yerdə nəzərdə tuturam. Bir vaxtlar hamımız deyirdik ki, neftin bu qara camaata aidiyyatı yoxdur. Amma çərxi-fələk elə fırlandı ki, neftin ən kasıb ailənin həyatına da təsir elədiyinin şahidi olduq. Neftin qiymətinin düşməsi ən birinci kasıb camaatı "vurdu”. Belə getsə, zərbələrin davamı da gələcək...
  
Neftin qiymətdən düşməsinin ən böyük zərbəsi milli valyutamız olan manata dəydi. Qara qızılın manatımızı necə "nakaut”a saldığını gördük. Əslində, çox acı mənzərədir. İllər boyu bizdən qaçaq düşsə də, manat bir vətəndaş kimi mənə dəəzizdir. Milli valyutamızın, dövlət atributumuzun ard-arda iki gecədə, bu qədər dəyərdən düşməsi milli heysiyyatı olan hər bir vətəndaşı ağrıdır.
Həyatda əbədi heç nə yoxdur. Hər bir insan, hər bir canlı, hətta hər bir cansızın belə «ölüm» günü var. Manatımız bir ildə iki dəfə komaya düşdü, amma hələ ölməyib, necə deyərlər, can üstədir. Çıxmayan candan ümid kəsilməz... Odur ki, indi manatı ölməyə qoymaq olmaz.

Mən iqtisadçı deyiləm, milli valyutamızın qorunması yollarını da elmi cəhətdən izah edə bilmərəm. Lakin bu sahənin başbilənləri neçə vaxtdır ki, səsləri batana qədər bar-bar bağırırlar, yol göstərirlər, təkliflər verirlər. Nə yazıq ki, manatımıza, o manatın arxasında dayanan iqtisadiyyatımıza cavabdeh olanlar qulaqlarını tutublar. Sanki "can üstə” olan manatın bunlara dəxli yoxdur.

Maliyyə naziri Samir Şərifov deyir ki, hamımız manata hörmətlə yanaşmalııq. Mərkəzi Bank rəhbəri Elman Rüstəmov deyir ki, manatı qorumaq lazımdır. Digər hakimiyyət mənsubları da manata sevgilərini izhar edirlər. Lap yaxşı! Əgər hökumət manatı bu qədər sevirdisə, ona hörmət qoyurdusa, niyə göz görə-görə onu ölümə tərk etdilər? Niyə sevib əzizlədikləri milli valyutamızın xarici valyutalar qarşısında başıaşağı olmasına şərait yaratdılar?

Bu cür sualları çox vermək olar, amma indi sual deyil, təklif zamanıdır. Əziz manatımızı xilas etmək üçün hərəyə bir təklif vermək lazımdır. Bəlkə, yuxardakılar insafa gəlib "can üstə” olan manatı ölümdən qurtarmaq üçün tüklərini tərpətdilər. Odur ki, mənim də bir təklifim var. Bu gün ölkədə manata tələbat yoxdur, hamı dollar axtarır.

Təbii ki, ehtiyac var deyə dollar axtarırlar. Eşitdiyimə görə devalvasiyadan sonra məmurlar rüşvəti manatla qəbul eləmirlər, hamısı dollar istəyir. Rüşvət verənlər də məcburən dollar almalı olurlar və bu da qıtlıq yaradır. Amma bunun həlli yolu var. Əgər məmurlarımız rüşvəti dollarla deyil, manatla alsalar, həm qıtlıq aradan qalxar, həm də manata hörmət artar. Camaat da görər ki, manat olmasa, işə düzələ bilməz, həkimə gedə bilməz, polisdən, prokurordan, hakimdən, məhkəmədən canını qurtara bilməz, xülasə, manatsız heç bir işi "xod” getməz. Bax, o zaman manat da hörmətə minər. Belə baxanda pis təklifə oxşamır…

 

 



Müəllifin bütün yazıları - Zaur ƏHMƏD



Bölməyə aid digər xəbərlər
16-12-2017, 10:25 Zaur ƏHMƏD - Ordu, yoxsa qələm?
30-12-2016, 16:00 Zaur ƏHMƏD - Şahverdinin xoruzu
20-09-2016, 22:54 Zaur ƏHMƏD - Haqqa kor olanlar

{sape_links}{sape_article}