17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şahverdinin xoruzu
Tarix: 30-12-2016 16:00 | Bölmə: Zaur ƏHMƏD


Son dövrlər Cəbrayıl camaatı gündəmdən düşmür. Bir müddət əvvəl sabiq icra başçısı Mahmud Quliyev öz qohumunun üstünə çığıranda hamı onu hoydu-hoyduya götürmüşdü. Amma həmin anda üstünə çox gedən olmadı. Elə ki, öz qohumuna "köpəyoğlu" damğasını yapışdıran başçı işdən çıxarıldı, hər şey dəyişdi. Hələ üstəlik, "yuxarı"dan onunla bağlı kəskin rəy veriləndən sonra hamı asıb-kəsməyə başladı. Dünənə kimi onun himayəsində olanlar, ondan az-çox xeyir görənlər fürsət varikən onun qabırğasına döşəyərək özlərini cəsarət dağarçığı kimi gözə soxdular.

Nəzərə alaq ki, bizdə yıxılana balta çalmaq köhnə peşələrdəndir. Məhz, bununla bağlı atalar məsəlimizin olması da sübut edir ki, lap qədimdən bu işlə məşğul olmuşuq.

Milli Məclisdə Cəbrayılın deputatı kürsüsünü 16 ildir "zanit" edən Astan Şahverdiyevin məlum müsahibəsinin effektinin dərəcəsi ölçüyəgəlməzdir. Mahmud Quliyevin , Astan Şahverdiyevin "tormoz"unun olmadığını Cəbrayıl camaatı yaxşı bilir. Ona görə şəxsən mənim üçün təəccüblü bir şey olmadı.

Mahmud Quliyev vəzifədə olanda da, Astan Şahverdiyevin hörmətli vaxtlarında da onlara eyni münasibətim olub. Hər iki şəxsi kifayət qədər sərt tənqid etmişəm, axırda görüşüb söhbət etmişik. Nə olsa, bir elin adamıyıq. Heç vaxt yerlibazlıq eləməmişəm, amma el qınağını da nəzərə almışam. Amma bir yerdə ki, ədalət tapdanır, orada susmaram, kim olsa, güzəştə getmərəm...

2010-cu il parlament seçilərinə qatılmışdım. "İnsan Naminə" Blokunun (ALP, VİP Yaşıllar Partiyasının yaratdığı Seçki Bloku idi Z.Ə.) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən vahid namizədi idim. Amma seçkinin ilkin mərhələsindəcə Mahmud Quliyevlə Astan Şahverdiyevin müdaxiləsi ilə üzləşdim. O zaman bu iki adamın arasından su keçmirdi. Rəsmi görüşləri , yeyib-içmə məclisləri bir olardı. İndi bir-birinin əleyhinə döşəmələrinə baxmayın. Əlqərəz...

O vaxt seçki ərəfəsində səfərbər olan qohum-əqrəbamın əziyyətlə topladıqları 650 imzanın bir hissəsini saxta çıxardılar və namizədliyimi qeydə almadılar. DSK-ya necə tapşırıq vermişdilərsə, mənə heç bir sənəd də təqdim eləmədilər ki, şikayət verə bilim. Sanki bütün sənədlərimi yandırıb külünü göyə sovurmuşdular. Təbii ki, susmadım, hər ikisi xahiş-minnətə gələnə qədər davam elədim.

Hər iki şəxslə aramızda şəxsi söhbətlər olub, ancaq onları faş eləmək mənə yaraşmaz. Onlar söhbət zamanı yaşlarına, başlarına yaraşmayan çox şey danışmışdılar. Amma hərə öz şəninə görə davranmalıdır. Bircə onu deyim ki, hər ikisinin səviyyəsi elə bu idi.

Əminəm ki, Şahverdiyev tamam başqa məqsədlə o fikirləri səsləndirmişdi. Elə bilirdi ki, etiraz edən camaatı söydüyünə görə döşünə orden asacaqlar. Belə götürəndə orden asdılar, amma...

Nədənsə, hakim siyasi kursun təmsilçiləri bütün fəaliyyətlərini "yuxarı"lardan "molodes" almaq üçün qururlar. İcra başçısı da, deputatı da millətə xidmət etmək əvəzinə, yuxarılara işləməyi özlərinə borc bilirlər. Bəlkə öz-özlüyündə hər kəs haqlıdır. Axı, onlara qulluğu həmin o yuxarılar verib. Nə isə...

Yəqin ki, çoxları Cəlil Məmmədquluzadənin "Pirverdinin xoruzu" hekayəsinin oxuyub. Hekayədə Qasım əmioğlu Pirverdiyə xoruz əvəzinə cici ana gətirir. İndi bizim deputat Şahverdiyev Pirverdi kimi gözlədiyini ala bimədi. Əksinə, Pirverdinin gözlədiyi xoruzu Şaverdiyevin qoltuğuna verdilər...


Müəllifin bütün yazıları - Zaur ƏHMƏD



Bölməyə aid digər xəbərlər
16-12-2017, 10:25 Zaur ƏHMƏD - Ordu, yoxsa qələm?
30-12-2016, 16:00 Zaur ƏHMƏD - Şahverdinin xoruzu
20-09-2016, 22:54 Zaur ƏHMƏD - Haqqa kor olanlar

{sape_links}{sape_article}