Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Tarix: 12-12-2025 14:51 | Bölmə: Gündəm

Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib)

Bu gün Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç olub.

Reyting.az xəbər verir ki, bu dəfə kəndə 16 ailədən ibarət 76 nəfər köçürülüb.

Bununla da Vəngli kəndinə dönən ailələrin sayı 134 ailəyə (544 nəfər) çatıb.

***

Bu gün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç olub.

Reyting.az xəbər verir ki, bu dəfə kəndə 16 ailədən ibarət 74 nəfər köçürülüb.

Məlumata əsasən, bununla da Həsənrizə köçürülən ailələrin sayı 161-ə (1009 nəfər) çatıb.

***

Dekabrın 12-də Böyük Qayıdış proqramı çərçivəsində Ağdərə rayonunun Vəngli və Həsənriz kəndlərinə növbəti köç prosesi həyata keçirilib. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gün yeni evlərinin açarlarını təhvil alıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a verilən məlumata əsasən, bu mərhələdə Həsənriz kəndinə 74 nəfərdən ibarət 16 ailə, Vəngli kəndinə isə 76 nəfərdən ibarət 16 ailə köçürülüb.

Açarların təqdimetmə mərasimindən öncə Ümumilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, sakinlərə kənddə bütün zəruri infrastrukturun tam şəkildə hazır olduğu və onların rahat yaşayışı üçün su, qaz, elektrik xətləri, yüksək sürətli internet şəbəkəsinin çəkildiyi, yol infrastrukturunun yeniləndiyi barədə məlumat verib.

Qeyd edək ki, köç prosesinin mərhələli şəkildə davam etdirilməsi, bölgəyə həyatın tam qayıdışını təmin edəcək. Bu gün daha 32 ailənin öz evlərinə qayıtması Böyük Qayıdışın növbəti uğurlu mərhələsi kimi qiymətləndirilir.





Bölməyə aid digər xəbərlər