Sabiq nazirin qardaşı hakim qarşısına çıxarılıb - Məhkəmə
Tarix: 06-12-2018 12:05 | Bölmə: Xəbərlər
Sabiq nazirin qardaşı hakim qarşısına çıxarılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş Rəşad Tahirov 140 min manatlıq mülki iddia qaldırıb. O, Ə. Əvəzovdan ona dəyən ziyanı ödəməsini tələb edir.

Məhkəmədə Ə. Əhmədovun vəkilləri vəsatət qaldırıb, cinayət işinə xitam verilməsini və müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyiblər.

Vəsatətlər təmin olunmayıb.

Məhkəmənin baxış iclası dekabrın 19-na təyin edilib.

İttiham aktına əsasən, Ə. Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Belə ki, 2016-cı ildə H. Əsgərovun Ə. Əhmədova borcu olub. Ə. Əhmədov da faizlə borcunu geri almaq məqsədi ilə onun ofisinə gəlib, girov saxlayıb. Daha sonra Ə. Əhmədov H. Əsgərovun qohumu R. Tahirova zəng edib, ondan hədə-qorxu yolu ilə 140 min dollar pul tələb edib.

H. Əsgərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H. Əsgərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R. Tahirova qarşı dələduzluq ittihamı irəli sürülüb.

H. Əsgərov R. Tahirovun arvadının qohumudur.

Ə. Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145.2.5-ci (azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə. Əhmədov bir neçə dövlət orqanında çalışıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}