17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şeyxülislamın müəllimi - Şeyx Qüdrət
Tarix: 12-03-2019 14:59 | Bölmə: Xəbərlər
Şeyxülislamın müəllimi - Şeyx Qüdrət

“Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər”.

İmam Hadi (ə)


Ötən əsrin ortalarına qədər Azərbaycandan olan din xadimləri İslam aləminin ən böyük elmi-dini mərkəzlərinin məzunu kimi həmin elm ocaqlarının formalaşmasında böyük xidmətlər göstəriblər. Onların sırasında ictihad dərəcəsinə çatanlar, dövrünün ən nəhəng din alimlərini yetişdirənlər olub. Təsadüfi deyil ki, Azərbaycandan olan İslam alimlərinin illərlə zəhmət çəkib ərsəyə gətirdikləri elmi əsərləri bu gün də, İraqın Nəcəfül-Əşrəf, İranın Məşhəd və Qum şəhərlərinin elmi-dini mərkəzlərində dərs vəsaiti kimi tədris olunur.

Sovet hakimiyyəti dini təhsil alıb hər cür çətinliklərə dözərək mənəvi dəyərləri təbliğ etməyi qarşısına məqsəd qoyan həmvətənlərmizin əksəriyyətini güllələyib, qiymətli əsərlərini yandırıb, bəzilərini uzaq Sibirin əl çatmaz, ün yetməz ərazilərinə sürgün edərək uzun illər həbsdə saxlayıb. Din alimlərindən bəziləri ömürlərini ölüm düşərgələrində başa vurublar.

Şeyxülislamın müəllimi - Şeyx Qüdrət

Ölkəmiz ikincin dəfə müstəqillik qazandıqdan sonra dini-mənəvi sahədə əldə olunan intibah öz təzahürlərini məscid və dini təyinatlı yerlərin yenidən bərpası ilə yanaşı böyük din alimlərinin həyatının araşdırılaraq tədqiq olunması, əsərlərinin yenidən nəşr olunmasında da göstərib. Proses bu gün də davam etməkdədir.

Azərbaycanın Cənub bölgəsinin halal, zəhmətkeş adamlarının hər biri milli-mənəvi dəyərlərinə nə qədər hörmət edirlərsə, bir o qədər də, din xadimlərinin ehtiramını saxlayıb gənc nəslin nümayəndələrinə onların ibrətlə dolu həyatını daim xatırladırlar. Bütün el məclislərində hörmətlə yad olunan belə din xadimlərindən biri də, xalq arasında Şeyx Qüdrət kimi tanınan Qüdrət Ağakişi oğlu Abbasovdur. Qüdrət Abbasov 1905-ci ildə Masallı rayonu Babaser kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Uşaqlıqdan dini dəyərlərə olan marağı onu ilahiyyat elmlərini öyrənməyə sövq edirdi. O, ilk ibtidai dini dərsləri atasından, daha sonra isə Mollaoba kəndindən olan Molla Mikayıldan alıb.

Şeyx Qüdrət xüsusi istedadı sayəsində ilahiyyat elmlərini dərindən mənimsəmişdi. O, gənc yaşlarından müqəddəs Qurani-Kərimi gözəl səslə təcvid qaydalarına uyğun oxuyur, fars dilində sərbəst danışırdı.

Daha sonra təhsilini dövrünün məşhur dini elmi ocaqlarından sayılan Ərdəbil şəhərindəki “Mirzə Əli Əkbər” mədrəsəsində alır. Vətənə yüksək dini biliklərlə qayıdan gənc Qüdrət qısa zamanda xalq arasında Şeyx kimi tanınmağa başlayır.
Ötən əsrin 30-cu illərində Sovet hakimiyyətinin təqibləri Şeyx Qüdrətdən də yan keçmir, onu dəfələrlə hüquq-mühafizə orqanlarına çağırıb hədələyirlər. Şeyx Qüdrət təqib və təzyiqlərə baxmayaraq İslam maarifindən əl çəkmir, ömrünün sonuna qədər mənəvi dəyərləri insanlara çatdırmağa çalışır.

Şeyx Qüdrət iki dəfə ailə qurub, ilk nikahı Nigar xanımla olub. Bu evlilikdən 2 qız övladı dünyaya gəlib. Nigar xanım dünyasını dəyişdikdən sonra Şeyx Qüdrət Suğra xanımla nikah bağlayır. Bu nikahdan isə Əhməd, Cəfər, Abdullah, Məhəmmədağa, Əbdül adlı oğlanları və 2 qız övladları doğulub.

Şeyx Qüdrət təkcə dini bilikləri xalqa çatdırmır, “Hüseyn” təxəllüsü ilə mərsiyə və qəsidələr də yazıb. Böyük islam alimi Şeyx Bəhainin (1546-1622) fiqh və şəriət məsələlərindən bəhs edən"Cameyi-Əbbasi" kitabını ilk dəfə dilimizə məhz Şeyx Qüdrət tərcümə edib və bu əsərin şərhini hazırlayıb.

Böyük din xadiminin yetişdirdiyi tələbələr də İslam aləmində yaxşı tanınırlar. Tələbələri sırasında oğlu Əhməd Abbasov böyük nüfuza malik din xadimlərindən biri idi. Hacı Əhməd uzun müddət Təzəpir məscidinin axundu olub, xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak edib. O, 2015-ci ildə dünyasını dəyişib.

Tanınmış din xadimlərindən sayılan Hacı Mirəziz Seyidzadə də Şeyx Qüdrətin tələbələrindən idi. 10-dan çox kitabın müəllifi olan M. Seyidzadə Qafqaz Müsəlmanlar İdarəsinin Fətva şöbəsinin müdiri vəzifəsində çalışıb, 2014-cü ildə vəfat edib.

Şeyx Qüdrətin ən məşhur tələbəsi isə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadədir. Məhz Şeyx Qüdrətin zəmanəti və Təzəpir məscidinin göndərişilə Allahşükür Paşazadə, Əhməd Abbasov və Mirəziz Seyidzadə Özbəkistanın Buxara şəhərindəki dakı ali dini təhsil mərkəzlərinə göndəriliblər.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin gərgin əməyi nəticəsində Azərbaycan dövlət-din münasibətlərinin ən yaxşı dövrünü yaşayır. Qafqazın ağsaqqalı, bu bölgədə yaşayan bütün inanclı insanların önündə gedən Şeyxülislam həzrətlərinin rəhbərliyi ilə bütün dini, mənəvi dəyərlərimiz yüksək səviyyədə təbliğ olunmaqdadır. Dini lider dünyanın müxtəlif ölkələrində iştirak etdiyi nüfuzlu tədbirlərdə, dövlət başçıları ilə keçirdiyi görüşlərdə Azərbaycanın haqq səsini ucaldır.

Bu gün də öz ustadını hörmətlə xatırlayan Şeyxülislam həzrətləri çıxışlarında Şeyx Qüdrəti hörmətlə yad edir.

İslam alimi olmaq şərəfli bir məqamdır və bu məqam həqiqətən Allah- Təalanın ucaltdğı kəslərə şamil edilir. Bu məqama yalnız həqiqətən Allahın razılığını qazanmaq üçün elm tələb etmək yolunda nəfsi istəklərini tərk edərək ixlasla, səmimiyyətlə, illərini sərf edən, öyrəndikləri elmi ilk öncə öz əməlləri ilə zahir edən, sonra buna ən düzgün yolla insanlara çatdıran, çətinliklərə səbrlə sinə gərən ən şərəfli insanlar nail olurlar.

Böyük məqama sahib olan Şeyx Qüdrət 1975-ci ildə vəfat etməsinə baxmayaraq bu günə qədər unudulmur, xalq arasında onun əziz xatirəsi hörmətlə yad olunur.

Samid Quliyev,

İlahiyyatçı alim, AJB-nin üzvü




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}