"Qəbələ" ilk dəfə Azərbaycan Kubokunu qazanıb
Tarix: 19-05-2019 19:15 | Bölmə: Xəbərlər
"Qəbələ" ilk dəfə Azərbaycan Kubokunu qazanıb

Bu gün Naxçıvan Muxtar Respublikasının stadionunda Azərbaycan Kubokunun final maçtı keçirilib.

Mövsümün son qarşılaşmasında "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüş "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 4-cü dəqiqədə kapitan Cavid Hüseynovun ötürməsindən sonra Stiven Monroz başla qapıdan keçirib. Monroz qolu vurduqdan sonra xəstəliyi üzündən oyunu buraxan komandanın bombardiri Ceyms Adeniyinin 17 nömrəli formasını nümayiş etdirib.

İlk yarı sönük mübarizə şəraitində keçib. "Qəbələ"nin ərazi üstünlüyünə malik olduğu qarşılaşmada fasiləyədək daha bir real qol imkanını da "qırmızı-qaralar" yaradıb. Lakin Lalavele Atakora 41-ci dəqiqədə qapıçı ilə təkbətəkdən yararlana bilməyib.

İkinci hissə qol vəziyyətləri sarıdan nisbətən zəngin olub. 70-ci dəqiqədə mübahisəli vəziyyət yaranıb. "Qəbələ"nin qapısı qarşısına asmadan sonra Adil Nağıyev başla topu qapıya göndərib. Bu zaman "qırmızı-qaralar"ın müdafiəçisi Bəhlul Mustafazadə topu qapı xətti üzərindən çıxarıb. "Sumqayıt"ın oyunçuları qol tələb etsələr də, baş hakim "davam" deyib. Bundan əvvəl isə "Qəbələ" bir neçə əlverişli imkanı boşa verib. Oyunun sonlarında da bir neçə təhlükəli epizod yaranıb. 79-cu dəqiqədə "Sumqayıt"dan Ülvü İsgəndərovun cərimə zərbəsindən sonra, 83-cü dəqiqədə isə "Qəbələ"dən Rauf Əliyevin baş zərbəsi qapıdan azacıq yan keçib. Referinin artırdığı 6 dəqiqə də olmaqla, qalan bölümdə də heç bir yaddaqalan epizod baş verməyib. Əvəzində hava qaraldığı üçün projektorlar işə düşüb. Amma süni işıqlandırma zəif olduğu üçün elə də effektli olmayıb. Eyni zamanda Rauf Əliyev başından qan açıldığı üçün yerini gənc Rövlan Muradova verib.

Beləliklə, "Qəbələ" 4-cü dəfə yüksəldiyi Azərbaycan Kubokunun final matçında ilk dəfə titul əldə edib. "Qırmızı-qaralar" ölkə kubokunu qazanan 9-cu komanda olub. Daha əvvəl bu mükafatı "Qarabağ" (6 dəfə), "Neftçi" (6 dəfə), "Kəpəz" (4 dəfə), "Bakı" (3 dəfə), "Xəzər Lənkəran" (3 dəfə) "İnşaatçı Bakı", "Şəfa" və "Keşlə" komandaları əldə edib. Bu, Naxçıvanda 2-ci final matçı olub. 2016/2017 mövsümündə keçirilmiş ilk finalda "Qarabağ" "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}