Beşqat dünya çempionu məhkəmədən vaxt istəyib
Tarix: 18-06-2019 15:41 | Bölmə: Xəbərlər
Beşqat dünya çempionu məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilir.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin vəkilləri çıxış edərək, Ehram Məcidova dövlət ittihamçısının təklif etdiyindən daha ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini istəyiblər.

Ehram Məcidovun vəkilləri isə ona verilən ittihamların Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini və ən aşağı həddə cəza təyin edilməsini xahiş ediblər.

Təqsirləndirilən şəxsə son söz demək təklif edilsə də, o, məhkəmədən vaxt istəyib.

Proses iyunun 25-də davam etdiriləcək.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

1979-ci il təvəllüdlü Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilir.

Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}