Reklamçılar İttifaqının prezidenti vəfat edib - Foto
Tarix: 13-07-2019 00:32 | Bölmə: Xəbərlər
Reklamçılar İttifaqının prezidenti vəfat edib

Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacı Əmi Atakişiyev vəfat edib.

Reyting.az xəbər verir ki, o, 12 iyulda, axşam saat 21 radələrində dünyasını dəyişib.

Professor Hacı Əmi Hacı oğlu Atakişiyev 13 iyulda saat 12-də Bakı şəhəri, Şüvəlan qəsəbəsində vida mərasimi keçiriləcək. 3 mərasimi də 14 iyul tarixində ata yurdu olan Şüvəlan qəsəbəsində, yaşadığı evdə keçiriləcək.

***

Professor Hacı Əmi Hacı oğlu Atakişiyev kimdir?

Həyatda onun qədər işinə, peşəsinə aşiq olan insanlar çox azdır. Elə onu sevdirən də bu özəlliyi idi. “Azərbaycan Reklamçılar İttifaqı”nın Mətbuat Xidməti Hacı Əmi Hacı oğlu Atakişiyevin keçdiyi həyat yolu ilə Sizi tanış edir. Bu arayışı ötən il Hacı Əmi müəllimin doğum günü ilə bağlı hazırlanmışdı. Təəssüf...

28 fevral 1951-ci il tarixində Bakı şəhərində doğulmuşdur. 1968-ci ildə 156 saylı orta məktəbi bitirmiş və elə həmin il Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur.

Tələbəlik dövründə “Tələbə konstruktor bürosu”nun yaradıcılarından biri olmuş, ilk dəfə “İçəri Şəhər” 48-49-cu məhəllələrinin regenerasiya planlarını hazırlamış və Azərbaycanın tarixi-memarlıq abidələrini araşdırmışdır. 1976-cı ildə bu fəaliyyəti Azərbaycanın Komsomol mükafatı ilə təltif olunmuşdur.

Reklamçılar İttifaqının prezidenti vəfat edib

1974-cü ildə, institutu bitirdikdən sonra, “Bakıhidrolayihə institutunda çalışmış, Şamxor və Sərsənk su elektrik stansiyalarının layihələndirilməsində iştirak etmişdir.

1975-ci ildən Bakı şəhər Komitəsinin “İçəri Şəhər” müdiriyyətində çalışmış və memar heyətilə birlikdə İçəri Şəhərin “Baş planı”nı hazırlamışdır. 1978-ci ildə Azərbaycan İnşaat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1980-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində “Muzeybədiilayihə”nin Qarabağ, Naxçıvan üzrə tarixi ölkəşünaslıq muzeylərinin yaradılmasında yaradıcı studiyanın rəhbəri olmuşdur.

1984-1999-cu illər arası Bakı Şəhər İcra Hakimiyyətində, Şəhər tərtibatı dizayn İdarəsinin rəisi, Bakı şəhər Baş memarının müavini, Bakı şəhərinin Baş Rəssamı və “Reklam-informasiya” Departamentinin sədri vəzifələrində çalışmışdır.

1992-1999-cu illərdə BŞİH-in Reklam və İnformasiya İdarəsinin rəisi olmuşdur.

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dizayn” kafedrasının dosenti vəzifəsində çalışmışdır.

1995-ci ildə “Azərbaycan Reklamçılar İttifaqı”nın təsisçilərindən biri, eyni zamanda, İttifaqın İdarə Heyətinin sədri olmuşdur.

15 may 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu hazırlanmasında ekspert kimi iştirak etmişdir.

2016-2017-ci illlərdə “Vətənpərvərlik mövzusunda Sosial Reklamlar”ın hazırlanması və tətbiqi sahələrinin müəyyənləşdirilməsi sahəsində silsilə tədbirlərin rəhbəri olmuşdur.

2018-ci ildə “Azərbaycan Reklamçılar İttifaqı”nın 5-ci konfransında alınan qərara görə İttifaqın “Fəxri sədri” elan edilmişdir.

Respublikamızda reklam sahəsinin inkişafı prespektivləri və dünya təcrübəsinin gənc mütəxəssislərə aşılanması ilə bağlı tədris materiallarının hazırlanması ilə məşğul olmuşdur.

Hacı Əmi Hacı oğlu Atakişiyevin nailiyyətləri:

Beynəlxalq Şərq Memarlar Akademiyasının müxbir üzvü;

Beynəlxalq Eko-enerji Akademiyasının doktoru, professoru;

Beynəlxalq Reklamçılar Assosiasiyasının Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru;

Moskva Memarlar İttifaqının üzvü;

Azərbaycan Rəssamlar İttifaqının üzvü;

Azərbaycan Jurnalistlər İttifaqının üzvü.

Ərsəyə gətirdiyi layihələr:

İpək yolu üzərində müasir şəhərsalma və alternativ baş ticarət yolunun konseptual layihəsi;

Abşeron yarımadası ətrafında batmış yaşayış məskənlərinin axtarışı və qurulma layihələri (ən öncəsi Bakı amfibiyası);

Əli Bayramlı şəhərində (indiki Şirvan) Heydər Əliyev üçün ucaldılmış heykəl-abidə və muzey kompleksi;

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Qala arxeoloji və etnoqrafik muzey” kompleksinin layihəsində memarlıq-planlaşdırma və dizayn işlərinin müəllifi və icraçısı və s.

Müəllifi olduğu kitab və jurnallar:

“Reklam işi” kitabı – Bakı, 1997-ci il;

 “Memar Hacıəmi dünyası” kitabı – Bakı, 2001-ci il;

“Şəhər mühiti və reklam” kitabı – Bakı, 2004-cü il;

“Şəhər mədəniyyəti, turizm və reklam” jurnalı – Bakı, 2012-ci il;

“Reklamın tarixi, tarixin reklamı” kitabı – Bakı, 2014-cü il;

“Memar Əcəmi – Hacıəmi” kitabı – Bakı

“Kainat və İnsan” kitabı – Bakı, 2015-ci il;

“Reklam haqqında Azərbaycan Respublikasının Qanunu” (sənədlər toplusu) – Bakı, 2015-ci il.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}