Türk ordusunun güclü sərkərdəsi vəfat edib
Tarix: 21-11-2019 10:14 | Bölmə: Xəbərlər
Türk ordusunun güclü sərkərdəsi vəfat edib

İki gün əvvəl xanımını dəfn edən Türkiyə Silahlı Qüvvələrinin (TSK) 25-ci Baş Qərargah rəisi, general Yaşar Büyükanıt bu gecə saat 06:05 də İstanbulda müalicə aldığı xəstəxanada ürək çatışmazlığı səbəbindən vəfat edib.

79 yaşlı general xəstəxanada ağır vəziyyətdə olduğu üçün xanımı Filiz Büyükantın dəfn mərasimində iştirak edə bilməmişdi.

Məlumata görə, TSK-nın ən güclü generalları siyahısında uzun illər bir nömrəli hesab olunan Büyükanıt üçün dəfn proqramı hazırlanır. Onun bazar günü dəfn ediləcəyi gözlənilir. Dəfn proqramını TSK Baş Qərargahı hazırlayır.

Reyting.az bu maraqlı insanın, türk ordusunun güclənməsi üçün əlindən gələni edən sərkərdənin dosyesini təqdim edir:

Türkiyənin 25-ci Baş qərargah rəisi olan Yaşar Büyükanıt 1940-cı ildə İstanbulda doğulub. 1961-ci ildə Quru Qoşunları Hərbi Məktəbini bitirib, 1963-cü ildə Piyada Hərbi Məktəbindən məzun olub.

1970-ci ilə qədər Quru Qoşunlar Komandanlığında müxtəlif strukturlarda xidmət keçib. 1970-ci ildə Quru Qoşunları Hərbi Akademiyasından məzun olub.

Quru Qoşunlarında Piyada dviziyasında şöbə müdiri, Akademiyada müəllim, Avropa Müttəfiq Komandanlığının (Belçikada) Ali Qərargahında Kəşfiyyat xidməti keçib. Eyni zamanda Türkiyə Prezidentinin mühafizə alayına komandanlıq edib.

1988-ci ildə general rütbəsi alıb. General rütbəsində 2-ci zirehli dviziya komandanı və İtaliyada NATO Cənub Avropa Müttəfiq Qüvvələr Komandanlığında Kəşfiyyat Xidmətinə rəhbərlik edib.

General-mayor rütbəsində Baş Qərargahın üzvü və Quru Qoşunları Məktəbinin rəisi olub. 1996-cı ildə general-polkovnik rütbəsi alıb. General-polkovnik rütbəsi aldıqdan sonra 7-ci Orduya Komandanlıq edib, Baş Qərargahın əməliyyatlar idarəsinin rəisi olub.

2000-ci ildə ordu generalı hərbi rütbəsini alıb. Baş Qərargahın II başqanı, I Ordunun Komandanı və Quru Qoşunları Komandanlığı kimi ali hərbi vəzifələr tutub.

2006-cı ilin 28 avqustunda Baş Qərargah rəisi vəzifəsini tutub, 2008-ci ilin avqustunda isə təqaüdə çıxıb. Onun postunu isə İlkər Başbuğ tutub.

General Büyükanıt Türk Ordusunun Şərəf, Cəsarət medallarına layiq görülüb. Eyni zamanda İtaliyanın Şərəf, ABŞ-ın Ləyaqət medalları ilə təltif edilib. Pakistanın İmtiyaz Nişanı və Koreya Cümhuriyyətinin Tongil Ləyaqət Medalı ilə mükafatlandırılıb.

Baş Qərargah rəisi olduğu müddətdə Ərdoğan hökuməti ilə bir müddət qarşıdurmada olub. Televiziya kanalında özü daxil olmaqla mobil telefon danışıqlarının izləndiyini, buna görə Türkiyə Böyük Millət Məclisinin müvafiq komitəsinə şikayət etdiyini açıq ifadə edib. Siyasətin ordunu sirayət etməsinə qarşı dirəniş göstərib. Baş qərargah rəisi vəzifəsindən təqaüdə çıxdıqdan sonra bir kənara çəkilərək şəxsi işləri ilə məşğul olub və fəal ictimai fəaliyyətlə məşğul olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}