07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Süleyman Muradlı - O, mənim dayımdır!..
Tarix: 22-11-2019 10:02 | Bölmə: Xəbərlər
Süleyman Muradlı - O, mənim dayımdır!..

Hərdən düşünürəm ki, yazmaq çox da çətin iş deyil. Çünki dünyada sonsuz sayda mövzu var. Adamlardan nəsə yazmaq daha çətindir. Onların arasında elələri var ki, gözlərinə baxanda çəkinirəm. Zəhmdən yox, o gözlərdəki dərinlikdən ehtiyat edirəm. Üstəgəl təəssüf hissi: mən heç vaxt onlar kimi ola bilməyəcəm. Belə adamlar azdır, çox az. Mən birini tanıyıram. Kənardan müşahidə etmişəm, o özünü yalnız Qaşaltı-qaraqoyunlu yurdunda rahat hiss edir. Bəzən əlini saçına aparır, təzəlikcə fikir vermişəm ki, saçları Kəpəzin qarlı zirvəsi kimi ağappaqdır. Özünün xəbəri olmadan bir neçə qutu siqaretin dibinə daş atdığının, həyat yoldaşı Aybəniz xanımın dəfələrlə dəyişdiyi çaya əlini belə, vurmadığı dalğın gecələrinin də şahidiyəm.

Cəlaləddin Rumi deyirdi: şam olmaq asan deyil, işıq saçmaq üçün əvvəlcə yanmaq lazımdır. Bəlkə də o, həyatın hər üzünü gördüyü üçün bu qədər işıqlıdır. Ancaq özünü gizlətdiyi məqamlar da var. Məsələn, gördüyü xeyriyyə işləri. Sərhəd bölgələrindən tutmuş, şəhid ailələrinə qədər.... Hərdən onun adının kölgəsinə sığınanlar da olur, sui-istifadə edənlər də!

Hər dəfə görməzdən gəlir. Etdiklərini unudur, etmədiklərinin qayğısını çəkir.

Hərdən düşünürəm, o, dostları, əzizləri üçün çox şey edib. Soruşanda “bu mənim borcumdur” deyir. Görəsən, nə vaxtsa biz onun borcundan çıxa biləcəyikmi?

Gülüşü adamın canına yağ kimi yayılır, həyatı qəlizləşdirməyin əleyhinədir. Bir dəfə mənə ədəbiyyatdan danışdı. Dedi ki, ədəbiyyat həyatın ironiyasıdır. Ondan sonra yazmağa başladım.

Vətəni, Milləti, Dövləti sevməyi ondan öyrəndim. O da Bakını dünyanın ən gözəl şəhəri sayır, mən də. O da mətləbi uzatmır, mən də uzatmayacam. 70 yaşın mübarək, əziz dayım Mahir Aslanov. Bu kiçik şeiri sənə ünvanlayıram.

***

Nə qədər söz desəm, yenə də boşdur
Sözüm ilə təsvir eyləmək çətin.
Kəpəzin zirvəsi zirvənə çatmaz
Ürəyin böyükdür, qururun mətin

Nə bir dost qoymusan çətində qala,
Nə də ki, bir kəsin xətrinə dəydin.
Adam utanır da hərdən soruşa,
Bircə gün özünçün yaşaya bildin?

Allahın nəfəsi üstündə olsun -
Başıqarlı, əziz, mülayim dağsan.
Biz də ki, səninlə tarixdə qaldıq
Kəpəzdən də böyük və uca insan!


Süleyman Muradlı - O, mənim dayımdır!..

Süleyman MURADLI

P.S. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Mahir Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. M. Aslanov Milli Məclisin deputatı və Aqrar siyasət komitəsinin üzvüdür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}