Baş prokurorun müavini vəkildən şikayət edib
Tarix: 11-12-2019 11:44 | Bölmə: Xəbərlər
Baş prokurorun müavini vəkildən şikayət edib

Vəkillər Kollegiyası vəkil Elçin Sadıqovla bağlı intizam icraata başlayıb. İnzibati icraata səbəb noyabrın 14-də göndərilmiş Baş Prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti olub.

Reyting.az
-ın məlumatına görə, Elçin Sadıqov “Azadlıq” radiosuna deyib ki, şikayət oktyabrın 30-da sosial şəbəkədə yazdığı statusla bağlıdır: “Hüquq müdafiəçisi Oqtay Gülalıyevin maşınla vurulması anı videosuna baxdım və status yazdım. Statusda yazdım ki, qənaətimcə Oqtay Gülalıyev qəsdən vurulub. Bu statusumdan Rüstəm Usubov Vəkillər Kollegiyasına şikayət edib".

Vəkil qeyd edib ki, Vəkillər Kollegiyası bu şikayətə baxmamalıdır. "Mənim yazdığım statusla bağlı şikayətə baxmaq Vəkillər Kollegiyasının səlahiyyətində deyil. Çünki bu status mənim vəkillik fəaliyyətimlə bağlı deyil".

Sadıqov bildirib ki, məsələ ilə bağlı prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə və xarici ölkələrin səfirliklərinə müraciət edib. "Müraciətdə qeyd etmişəm ki, on illik vəkillik fəaliyyətim dövründə yüzlərlə vətəndaşın hüquqlarını müdafiə etmişəm və əsasən insan haqları müdafiəsi sahəsində tanındığımdan, davamlı olaraq təqiblərə, təzyiqlərə məruz qalmışam. Yazdım ki, AR Baş Prokurorluğu yazdığım statusdan sonra mənim barəmdə 05/137/XİD saylı “material” yaradaraq “araşdırma” aparıb. Lakin qanunvericilik prokurorluğa vəkillər barəsində xidməti araşdırma aparmaq səlahiyyət vermir. Barəmdə qanunsuz xidməti araşdırma aparan Rüstəm Usubov daha sonra Vəkillər Kollegiyasına müraciət edib. Rüstəm Usubov qeyd edib ki, mən əsassız məlumatlar yaymaqla baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaq istəyirəm".

Vəkil əlavə edib ki, müraciətdə Rüstəm Usubovun barəsindəki şikayəti heç bir hüquq normasına sığmır və Azərbaycanda vəkillik institutunun gözünün qorxudulmasına, Azərbaycanın mütərəqqi dünyanın gözündən salmağa xidmət edir. "Vəkillər Kollegiyasının isə belə şikayətləri icraata qəbul etməsi tamamilə qanunsuzdur. Çünki, prokurorluğun araşdırma predmeti olmuş status mənim ifadə azadlığı hüququmdan yararlanmağımdır, mənim şəxsi sosial media səhifəmdə yayılıb. Mənim profilim rəsmi deyil, orda yazıb-yaydığım status isə vəkillik fəaliyyətimlə, hansısa müştərimlə bağlı deyil".

Baş prokurorun müavini vəkildən şikayət edib
E.Sadıqov


Daha sonra Sadıqov müraciətində bildirib ki, R. Usubov vəkillərdən ən çox şikayət edən, onların ağır cəzalandırılmasına səbəb olan şəxsdir. "AR Baş Prokurorunun birinci müavini Rüstəm Usubov Azərbaycanda vətəndaşların ifadə azadlığına, xüsusilə də vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən, senzura həyata keçirən şəxsdir. Bu üsulla davamlı olaraq, vəkilləri öz funksiyalarını həyata keçirməkdən çəkindirməyə, onların gözünün qorxudulmasına, mutiləşdirilməsinə çalışır. AR Baş prokurorunun birinci müavininin həyata keçirdiyi belə siyasət vəkillərin prokurorluğa tabe etdirilməsinə, ölkədə qorxu mühitinin formalaşdırılmasına yönəlib. Baş Prokurorluq kimi bir qurumda yüksək pillə tutan bir şəxsin belə addımları yalnız bu quruma inamsızlıq yaratmır, eyni zamanda ölkəmizi, soz zamanlar baş verən ciddi dəyişikliklərin fonunda qabaqcıl dünyanın gözündən salır, Azərbaycanın yaxından əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrdə problemlər yaratmağa xidmət edir".

Vəkil, prezident İlham Əliyevdən xahiş edib ki, Rüstəm Usubovun ona qarşı atdığı qanunsuz addımların ədalətli araşdırılmasına və belə hallara son qoyulması üçün göstəriş versin.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasından və Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.(Turan)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}