Sədr müavini karantin qaydalarının sərtləşdirilməsini istəyir
Tarix: 04-06-2020 14:07 | Bölmə: Xəbərlər
Sədr müavini karantin qaydalarının sərtləşdirilməsini istəyir

"Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində həftə sonları bir sıra sərt tədbirlərin həyata keçirilməsi təşəbbüsünün irəli sürülməsi vətəndaş məsuliyyətsizliyindən irəli gəldi. Çünki bəzi vətəndaşlarımız karantin qaydalarının yumşaldılmasından sui-istifadə etdilər".

Reyting.az
xəbər verir ki, bunu Milli Vəhdət Partiyasının (MVP) sədr müavini Süleyman İsmayılbəyli deyib.

Onun sözlərinə görə, məhz vətəndaş məsuliyyətsizliyi və qaydaların yumşaldılmasından sui-istifadə halları ölkədə koronavirus infeksiyasına yoluxanların sayının artmasına səbəb olub: "Bir gün ərzində 325 nəfərin virusa yoluxması və 5 nəfərin vəfat etməsi kifayət qədər böyük rəqəmdir və təhlükənin ciddi olduğunu göstərir. Halbuki karantin qaydaları zamanı Azərbaycanda gündəlik virusa yoluxanların sayı ikirəqəmli idi. Bu da ondan irəli gəlir ki, vətəndaşlarımız tətbiq edilən qaydalara əməl etmir, ətrafımızda olan təhlükəyə ciddi yanaşmırlar".

Sədr müavini karantin qaydalarının sərtləşdirilməsini istəyir
S. İsmayılbəyli

Sədr müavini qeyd edib ki, dövlət başçısı nümunəvi davranış nümayiş etdirib son Tərtər və Ağcabədi rayonlarına səfəri zamanı keçirdiyi görüşlərdə qoruyucu maskalardan istifadə etsə də, bəzi vətəndaşlarımız hətta bu qaydaya da əməl etmirlər: "Əvvəl etiraz edirdilər ki, maska tapılmır, apteklərdə maska qıtlığı var. Azərbaycan dövləti və dövlət başçısı cənab İlham Əliyevin bu istiqamətdə atdığı müvafiq addımlar, verdiyi tapşırıq və tövsiyələr, eləcə də görülən təxirəsalınmaz tədbirlər nəticəsində qoruyucu maska istehsal edən müəssisə istifadəyə verildi və indi apteklərdə asanlıqla qoruyucu maska tapmaq olur. Belə olan halda, nə üçün qaydalara əməl edib həm özümüzü, həm də ətrafımızı qorumuruq?

Yuxarıda da qeyd etdiyim kimi, bu da yalnız məsuliyyətsizlikdən irəli gəlir. Ona görə də vətəndaşlarımızın məsuliyyətli davranması, onları buna sövq etmək üçün əlavə addımların atılmasına, sərt tədbirlərin görülməsinə ehtiyac var".

S. İsmayılbəyli diqqətə çatdırıb ki, həftə sonları ictimai və fərdi nəqliyyat vasitələrinin, eləcə də insanların hərəkətinə məhdudiyyət tətbiq edilməsi doğru seçimdir. Çünki vətəndaşlarımız həftə sonları istirahət günlərindən yararlanmaq üçün gəzintiyə çıxır, qonaq gedir və s. Bu da istər-istəməz küçə və meydanlarda, parklarda, restoran və kafelərdə, istirahət mərkəzlərində qələbəlik yaradır, xəstəliyin yayılma riskini artırır: “Ona görə də hesab edirəm ki, həftə sonları insanların hərəkətinə məhdudiyyətlərin qoyulması doğru qərardır. Qardaş Türkiyədə bu təcrübə işə yaradı və bundan faydalanmaq məqsədəuyğundur. Odur ki, qısa müddətdə dözümlü olaq, dövlətin, hökumətin qərarlarına əməl edib özümüzü, ətrafımızı virus təhlükəsindən qoruyaq".




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}