Sahibkarın obyektini əlindən almaq istəyirlər - Şikayət
Tarix: 17-09-2020 14:47 | Bölmə: Xəbərlər
Sahibkarın obyektini əlindən almaq istəyirlər

Fərdi sahibkar 20 illik halal zəhməti ilə tikdiyi və bu gün də fəaliyyət göstərən təmir sexinin əlindən alınmaması üçün üç ilə yaxındır məhkəmə instansiyalarında mübarizə aparır.

Unikal.org-a müraciət edən Qafarov Sərdar Qafar oğlu hüquqlarının pozulduğunu və Suraxanı rayonunda yerləşən obyektini əlindən almaq istədiklərini bildirib.

S. Qafarov iddia edir ki, ona məxsus obyekti əlindən almaq istəyənlər özgəsi deyil, qohumlarıdır:

“1999-cu ildə Suraxanıda, Zığ şosesində keçmiş Balıq zavodunun yaxınlığında İcra Hakimiyyətindən 100 kv.metr torpaq sahəsi almışam. Həmin ərəfədə qohumum da torpaq sahəsinin yaxınlığındakı 6 kv.metrlik sahəni və üzərindəki köşkü alıb. 20 il keçdikdən sonra mənim 100 kv.metrlik ərazidə tikdiyim avtomobil sexinin gəlir gətirdiyini görən qohumlarım əvvəlcə obyektin onlara satılmasını dəfələrlə tələb etdilər. Bununla razılaşmadığımı gördükdə isə həmin obyektin onlara aid olduğunu iddia edib məhkəməyə üz tutdular. Lakin təqdim etdikləri sənəddə dəqiq ünvan və torpağın ərazisi göstərilməyib. Sadəcə, ərazinin Balıq zavodunun yaxınlığında olduğu qeyd edilib.

Mənim obyektim ilə zavod arasında 40 metrdən çox məsafə, eləcə də zavodun dörd tərəfində boş ərazi olub. Bakı Şəhər İcra Hakimiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən də verilmiş bir sıra sorğularda da qeyd edilib ki, sexin və onun yerləşdiyi ərazinin yerini müəyyən etmək mümkün deyil. Bundan başqa, obyektin kommunal xidmətləri mənim atamın adınadır və 20 ildir xidmətlərdən istifadəyə görə ödəniş edirik. Bununla belə Suraxanı Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi ekspertiza aparmadan, iddiaçı tərəfin heç bir sübut təqdim etməməsinə baxmayaraq ərazinin mənim qohumlarıma məxsus olduğuna dair qərar çıxarıb”.

Fərdi sahibkar qərarlarla razılaşmadığı üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə işə düzgün baxılmadığını, iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı təqdim etdiyi sübutların mötəbər olmadığını, Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli obyektə baxış keçirilmədiyini, şahid ifadələrinə müraciət edilmədiyini və digər səbəbləri əsas gətirərək Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Müraciət müəllifi bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Əliyev tərəfindən qəbul edilən 14 noyabr 2019-cu il tarixli, 2(103)10288/2019 saylı qətnamə ilə nəinki Ali Məhkəmənin göstərişlərinə formal əməl edilib, yalançı şahidlərin ifadələrinə qiymət verilib, bununla bağlı təqdim edilən subutlar qiymətləndirilməyib, obyektə formal baxış keçirilib, həmçinin, absurd nəticəyə gələrək mübahisəli obyekt iddiaçı ilə cavabdeh arasında qardaş malı kimi ikiyə bölünüb. İddiaçını narazı salmamaq üçün sahibkara aid obyektin bir hissəsinin iddiaçıya verilməsinə qərar verilib.

Sahibkar deyir ki, üç ilə yaxındır məhkəmələrdə sürünməyimə baxmayaraq bir daha Bakı Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə şikayət verib və yaxın günlərdə Ali Məhkəmənin hakimi Əhməd Əhmədov tərəfindən bu işə baxılacaqdır.

“Mən ölkə başçısı cənab İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, eləcə də işə baxan hakim Elşanə Vəliyevaya təşəkkür edirəm. Belə ki, Ali Məhkəmənin ədalətli mövqeyi olmasaydı, mən hüquqlarımı itirəcəydim”,- sahibkar əlavə edib.

S. Qafarov qeyd edib ki, 22 sentyabr Ali Məhkəmədəki təkrar iclasda da işə obyektiv baxılacağına ümid edir: “İnanıram ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Əliyevin qərəzli və hüquqa zidd qərarı ləğv ediləcək.

Xüsusi vurğulamaq istəyirəm ki, bu cür hallar insanı iş fəaliyyətindən ayırır, ona mənfi təsir göstərir. Mən bir sahibkar kimi stress və həyəcan yaşayıram, həmçinin üç ilə yaxındır ki, fəliyyətimi davam etdirə bilmirəm. Mütəmadi olaraq iddiaçı və onun qoçuları tərəfində sıxışdırılır, obyektimin əlimdən alınacağı təhdidləri ilə üzləşirəm. 20 ildir işlətdiyim, evimə qazanc apardığım iş yerimi ədalətsizlik ucbatından itirmək təhlükəsi ilə üz-üzəyəm.

Ölkə başçısı cənab İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına müraciət etmişəm. Ölkədə məhkəmə-hüquq islahatlarının aparıldığı bir vaxtda sübut və dəlil olmadan, 20 ildir işlətdiyimi obyektimi əlimdən alırlar. Ümid edirəm ki, Ali Məhkəmə ədalətli qərar çıxaracaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}