16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bələdiyyə sədri kimin istəyi ilə istefa verib?
Tarix: 20-01-2021 17:04 | Bölmə: Xəbərlər
Bələdiyyə sədri kimin istəyi ilə istefa verib?

Xəbər verdiyimiz kimi, Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, bu haqda ilk dəfə Reyting.az etibarlı mənbəyə istinadla məlumat yayıb.

Bu gün mətbuatda yayılan məlumatlarda 64 yaşlı Sultan Əsədovun istefa ərizəsi yazdığı qeyd edilir.

Bizə məlumat verən mənbə də bunu təsdiqləyir. Ancaq eyni zamanda, onun istefasının hansı səbəbdən ortaya çıxması açıqlanmır.

Bizim mənbəmiz isə iddia edir ki, Sultan Əsədovun istefasına onun səhhətində yaranan hansısa problem səbəb olmayıb. Bu prosesin Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun “ssenarisi” əsasında baş tutduğu iddia olunur. Başçının istəyinin reallaşmasında təbii ki, bələdiyyə üzvlərinin də rolu olub. Mənbə iddia edir ki, uzun illərdir şəhər bələdiyyəsinin əvəzolunmaz üzvü olan Yusif Salmansoy bu prosesdə xüsusi canfəşanlıq göstərib.

Salmansoyun hər zaman bələdiyyə sədrlərinə qarşı “mahir oyunçu” olduğunu isə Sumqayıtda çoxları bilir. Məsələn, bundan əvvəlki bələdiyyə sədri Əbülfəz Babayevin də vaxtında Salmansoy vaxtaşırı qurumun rəhbərliyi ilə bağlı proseslərdə fəal iştirakçılardan biri olub. Onun bələdiyyə sədrlərinə qarşı çıxış etməsində icra başçılarının da rolunun olduğu istisna edilmir. Məhz buna görədir ki, Yusif Salmansoy Sumqayıt bələdiyyəsi formalaşandan bəri həmişə yeganə əvəzolunmaz üzv kimi qalmaqdadır.

Sultan Əsədovun istefası məsələsinə gəldikdə, mənbə iddia edir ki, bu, birbaşa icra başçısının istəyi ilə baş tutub. Zakir Fərəcovun artıq keçmiş bələdiyyə sədrinin üstündən xətt çəkməsinin səbəbi isə hələ ki açıqlanmır. Amma bu artıq danılmaz faktdır ki, bundan əvvəlki bələdiyyə sədri Əbülfəz Babayevin də oyundankənar qalması Zakir Fərəcovun istəyi ilə baş tutmuşdu.

Məlumata görə, 2019-cu ilin dekabrın 28-də keçirilən bələdiyyə seçkilərində Sultan Əsədov yetərincə səs toplamasa da, icra başçısının “xeyir-duası” ilə yenidən sədr seçdirilib. Ancaq ötən müddətdə onun rəhbərlik etdiyi qurumun fəaliyyətindən şəhər əhalisinin əksəriyyəti narazı idi. Onun ancaq özünə biznes qurmaqdan savayı bir fəaliyyətinin olmadığı da qeyd edilir.

Yeri gəlmişkən, əvvəlki bələdiyyə sədrinin də oyundankənar qalmasında Sultan Əsədov da fəal iştirakçılardan biri sayılırdı. Əsədov Babayevin vaxtında bələdiyyə sədrinin müavini olub.

Əsədov Babayevin əleyhinə qurulan oyunda fəal iştirakına görə, 2016-cı ilin aprel ayından Sumqayıt bələdiyyəsinə sədrlik edirdi. Çünki Əbülfəz Babayev də istefa verərək vəzifəsindən getmişdi.

Əsədovun istefasından sonra sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyənin sədr müavini Sərviz Süleymanova tapşırılıb.

Qeyd edək ki, Sumqayıt Şəhər Bələdiyyəsinin 19 üzvü var. Onlardan biri, sədr müavini olan Musa Həsənov bu yaxınlarda koronavirusdan dünyasını dəyişib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}