Şəhid ailələri ilə görüş keçirilib - Foto
Tarix: 23-09-2021 18:56 | Bölmə: Xəbərlər
Şəhid ailələri ilə görüş keçirilib

Vətən müharibəsi zamanı respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, şəhid olmuş və xəsarət almış qəhrəmanlarımıza medal və vəsiqələrinin təqdim edilməsi mərasimi keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Naxçıvan şəhərinin icra başçısı Mirsənani Seyidov çıxış edib. M. Seyidov deyib ki, bu gün ölkəmizdə və onun ayrılmaz hissəsi olan muxtar respublikamızda dövlətimiz hər bir sahənin inkişafına hərtərəfli diqqət və qayğı göstərir. Onun sözlərinə görə, bu qayğının başlıca istiqamətini milli ordumuz, əsgərlərimiz təşkil edir. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla reallaşdırılır.

M. Seyidov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müntəzəm olaraq sərhəd bölgələrində, hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin həyat şəraiti ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə, onlarda vətənpərvərlik hisslərini daha da gücləndirib.

Diqqətə çatdırılıb ki, dövlətimizin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad edib. Azərbaycan Ordusunun ən böyük gücü isə Vətənin mərd oğulları, cəsur qızları, vətənpərvər övladlarıdır. Bu mənada, Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşdən qəhrəman kimi ayrılan, bizim hər birimizə qalib ölkənin vətəndaşı kimi qürur bəxş edən cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.



Bildirilib ki, Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərmiş mayor Həsənov Sadiq Əli oğlu, baş leytenant Zeynalov Elnur Elsevər oğlu, baş leytenant Əlizadə Fuad Nazim oğlu, baş leytenant Niftalıyev Arif Hüseyn oğlu, əsgər Məmmədzadə Pərviz Zahid oğlu, əsgər Məmmədov Araz Qəhrəman oğlu, əsgər Eyvazov İslam Həsən oğlu, əsgər İbrahimov İbrahim Etibar oğlu, əsgər Süleymanov Mövləddin Mehman oğlu, əsgər Əliyev Samir Məmməd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif ediliblər.

M. Seyidov vurğulayıb ki, bizim qələbəmiz Qarabağı heç vaxt görməyən 19 yaşlı əsgərin torpaq sevgisi, Birinci Qarabağ müharibəsində silahdaşlarını itirən zabitin qisas yanğısı, xalqımızın azadlıq arzusu idi. Bu arzunu çin etmək uğrunda qan töküb, can verən igid oğullarımızın hər birini minnətdarlıqla yad edirik. Şəhid olanlara Allahdan rəhmət diləyirik.

Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxış edərək bildirib ki, düşmənin 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi altında Vətən müharibəsinə başlayıb. Nəticədə, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq.

Sonda Vətən müharibəsində şəhid olmuş, iştirak etmiş və xəsarət almış şəxslərin valideynlərinə və özlərinə medallar təqdim edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}