16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müasir texnologiyaların tətbiqində elmi araşdırmalar nəticə verir
Tarix: 22-01-2018 21:05 | Bölmə: Layihə
Müasir texnologiyaların tətbiqində elmi araşdırmalar nəticə verir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu e-təhsil, e-iqtisadiyat, müasir texnologiyalar və informasiya cəmiyyətinin daha da təkmilləşməsi üçün mühüm araşdırmalar həyata keçirir

Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi yönündə həyata keçirilən tədbirlər mühüm nəticələrə gətirib çıxarıb. Xüsusən də elm sahəsində müasir texnologiyanın tətbiqi və inkişaf etdirilməsi mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu da bu istiqamətdə kifayət qədər işlər görüb. İnstitutun ötən il gerçəkləşdirdiyi layihələrə nəzər yetirdikdə qarşıdakı dövrdə böyük uğurlara imza atılacağına inam yaranır. Belə ki, ötən il institutda dünyanın aparıcı universitetlərində elektron tədris texnologiyalarının mövcud vəziyyəti tədqiq edilərək müqayisəli analiz aparılıb.

Müasir texnologiyalar və elmi əsasları

Elektron təhsilin idarə edilməsinin modelləri təhlil edilərək təkliflər hazırlanıb. E-universitetin idarə olunması modelləri və arxitektur həllərinin müqayisəli təhlilindən sonra, Azərbaycan təhsil mühitinə uyğun e-universitet strukturu təklif edilib.

İnformatika fənninin tədrisi ilə bağlı beynəlxalq təcrübə də araşdırılıb və intellektual oyunların tədris prosesinə inteqrasiyası üçün təkliflər işlənib.

Qeyd edək ki, institutun müvafiq şöbələrində Bulud (Cloud) texnologiyaları ilə bağlı maraqlı araşdırmalar həyata keçirilib. Belə ki, mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlər işlənib. Mobil hesablama buludlarında cloudletlərin serverlərinin optimal yerləşdirilməsi üçün metod və alqoritmlər hazırlanıb. Bulud mühitində yükün balanslaşdırılması üçün tapşırıqların emal və ötürülmə vaxtının çoxkriteriyalı minimallaşdırılması üsulu təklif edilib. Bulud infrastrukturunun keyfiyyət göstəricilərində anomaliyaların yüksək dəqiqliklə aşkarlanmasını təmin etmək üçün klassifikatorlar ansanblına əsaslanan yanaşma təklifi irəli sürülüb. Superkompüter texnologiyaları əsasında həlli nəzərdə tutulan məsələlərin təhlili və analizi aparılib.

Əşyaların internet texnologiyalarının elmi-nəzəri problemləri də araşdırılaraq təhlil edilib. Korporativ şəbəkə mühitində virtual maşınların sintezi üçün metod və alqoritmlər, kompüter şəbəkələrinin intellektual monitorinqi sisteminin konseptual modeli işlənib.

İnformasiya təhlükəsizliyi

Ötən il institutda informasiya təhlükəsizliyi sahəsində Big Data texnologiyalarının multidisiplinar problemləri araşdırılib. Kiber-fiziki sistemlərin təhlükəsizliyinə olan təhdidlərin və hücumların təsnifat meyarları işlənib. Kiber-fiziki sistemlərin təhlükəsizlik arxitekturalarının işlənməsinə dair beynəlxalq təcrübə araşdırılıb və təkliflər hazırlanıb. Verilənlərə çəki əmsalı mənimsətməklə klasterlərin əvvəlcədən məlum sayı üçün təkmilləşdirilmiş optimallaşdırma üsulu təklif edilib.

Müasir texnologiyaların tətbiqində elmi araşdırmalar nəticə verir

Bununla yanaşı, şəbəkə təhlükəsizliyinin prinsipial baxımdan yeni və daha effektli olan intellektual monitorinqinin konseptual modeli təklif olunub.

Kompüter piratçılığı ilə hüquqi mübarizə üsulları da təkliflər sırasındadır. Biometrik şəbəkə mühitində insanın tanınmasının keyfiyyətinin artırılması üçün model də təklif edilib.

E-elm qrid infrastrukturunun təhlükəsizliyinin konseptual məsələləri təhlil olunub və problemlərin həllində Globus Toolkit təhlükəsizlik vasitələrinin istifadə imkanları araşdırılib.

E-kitabxanalarda informasiya təhlükəsizliyi və fərdi məlumatların konfidensiallığı problemlərini analiz etmək üçün çoxsəviyyəli IDEA4SP modeli təklif edilib.

Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün sanitarizasiya metodları da araşdırlanlar sırasındadır. Bu sahədə perspektiv tədqiqat istiqamətləri müəyyən edilib.

Uşaq və yeniyetmələrin internet asılılığının fərdi-psixoloji aspektləri tədqiq edilib və psixometrik analizi aparılıb.

Proqram mühəndisliyində yeniliklər

2017-ci il ərzində proqram mühəndisliyi ilə bağlı da mühüm araşdırmalar olub. Proqram məhsullarının verifikasiya və monitorinqi üçün istifadə edilən üsullar analiz edilib. Proqram məhsullarının verifikasiya metodları analiz olunub və proqramlaşdırma zamanı yaranan səhvlər aşkarlanıb.

Maşın təlimi metodlarının tətbiqi ilə zərərli proqramların aşkarlanması üzrə eksperimental tədqiqatlar aparılıb.

Proqram mühəndisliyi sahəsində olan standartlar da araşdırılıb.

Proqram təminatında olan boşluqların analiz edilməsi üçün mövcud yanaşmalar da analiz edilərək təkliflər verilib.

MediaWiki proqram təminatının imkanları və çatışmazlıqları da müəyyən edilib. Böyük verilənlərin emalı prosesində istifadə olunan bəzi proqram platformalarının problemləri də müəyyənləşdirilib.

STaaS xidmətlərinin xüsusiyyətlərinin müqayisəli analizi aparılıb və onlardan istifadə perspektivləri müəyyən edilib. STaaS xidmətləri ilə viki konsepsiyasının xüsusiyyətləri müqayisə olunaraq, hər iki konsepsiyanın oxşar və fərqli cəhətləri müəyyənləşdirilib.

Eyni zamanda, e-dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün indikatorların ikisəviyyəli ierarxiyası əsasında metodlar işlənib. Elektron demokratiya mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən təşəbbüslər də analiz olunaraq perspektivləri müəyyən edilib.

Biliklər cəmiyyəti ilə viki-cəmiyyət arasında oxşar cəhətlər də müəyyənləşdirilib. Biliklər cəmiyyətinin mövcud problemlərinin həllində viki konsepsiyasının tətbiqi ilə əlaqədar təkliflər verilib.

Elektron səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlərin ranqlaşdırılması üçün çoxmeyarlı qiymətləndirmə modeli işlənib.

Rəqəmsal irsin saxlanmasında inkişaf etmiş ölkələrin təcrübəsinin araşdırılması zamanı Azərbaycanda milli irsin qorunması, saxlanması və rəqəmsallaşdırılması üçün təkliflər verilib.

Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis VİKOR metodunun effektiv variantı və hibrid metod təklif edilib. Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis hibrid metodlar işlənib.

Elektron idarəetmədə açıq mənbəli proqram təminatının istifadə imkanları da qiymətləndirilib. Big Data analitikası, veb və linqvistik texnologiyalar, multimedia vasitələrinin və s. tətbiqi ilə gələcək nəsil intellektual e-kitabxanaların yaradılmasına dair təkliflər verilib.

Media resurslarında müştərilərlə münasibətlərin idarə olunmasında CRM texnologiyalarının xüsusiyyətləri və üstünlükləri analiz olunaraq təkliflər verilib.

Eelektron elmin inkişafı

İnstitutun hədəflərindən sayılan elektron elmin inkişafı istiqamətində də vacib yeniliklər var. Belə ki, ötən institutda impakt faktor və modifikasiyaları analiz olunaraq, onların çatışmayan cəhətləri müəyyənləşdirilib. Bu çatışmazlıqları aradan qaldırmaq üçün özü-özünə istinadlar və istinad edən mənbələrin sayını nəzərə alan bir neçə çəkili impact faktor təklif olunub. SCOPUS bazasının bibliometrik verilənləri əsasında İKT sahəsində aktual tədqiqat istiqamətləri (Big Data, Computational Biology, Cloud Computing, Cyber-Physical Systems, Embedded Systems, Information Security, Internet of Things, HumanMachine Systems, Mobile Computing, Machine Learning, Machine-to-Machine, Multi-Agent Systems, Neural Networks, Robotics, Visualization, Augmented Reality, Software Defined Network, 5G, e-Governance, Smart City, Smart Grid) müəyyənləşdirilib və onların semantik şəbəkəsi qurulub. Semantik şəbəkə vasitəsilə hər bir tədqiqat istiqamətinin İKT sahəsindəki araşdırmalarda nisbi mövqeyi və onların bir-birilə əlaqələrinin səviyyəsi qiymətləndirilib.

E-elmin elmi-nəzəri və praktiki məsələləri, bu sahədə beynəlxalq təcrübə, həyata keçirilən layihələr və multidissiplinar tədqiqatlar araşdırılıb. Vətəndaş elminin inkişafının xüsusiyyətləri və sosial media vasitələrinin təsir mexanizmlərinin analiz olunaraq, həyata keçirilməsində açıq kodlu proqram vasitələrindən istifadə imkanları araşdırılıb. E-elmin təhlükəsizliyinin təmin edilməsi, onun səmərəli, fasiləsiz və etibarlı fəaliyyətini dəstəkləyən e-texniki xidmət sisteminin yaradılması təklif olunub.

Elektron tibb sahəsində analizlər

Ötən il elektron tibb sahəsində beynəlxalq təcrübə və Avropada qəbul edilən elektron tibb strategiyaları analiz edilib. E-tibb mühitində sosial medianın imkanları, tibbi sosial şəbəkələrin müxtəlif növləri və təyinatı tədqiq edilib, sosial mediada tibb mütəxəssislərinin və pasiyentlərin fəaliyyət istiqamətləri və tipləri nəzərdən keçirilib, virtual tibbi resursların yaratdığı risklər təhlili aparılıb. Elektron tibb mühitində qərarların qəbul olunmasının dəstəklənməsinə dair mövcud yanaşmalar, metod və vasitələr analiz olunub. Əhalinin sağlamlığını təyin edən faktorlar təhlili və çoxssenarili iyerarxik analiz metodu əsasında onların ölkənin tibbi təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi də görülər işlər sırasındadır. G2C sektorunda elektron tibb xidmətlərin göstərliməsinə dair mövcud təcrübə əsasında tövsiyələr verilib.

Tibbi sosial şəbəkələrin istiqaməti və əsas subyektləri də müəyyənləşib, istifadəçilər maraq dairələrinə görə seqmentləşdirilib və onlar arasında qarşılıqlı münasibətlər təyin edilib. Əhalinin sağlamlığının tibbi-demoqrafik aspektlərinin monitorinqi üzrə coğrafi paylanmış sistemin arxiterturu və funksional prinsipləri işlənilib. E-səhiyyə sistemlərində simsiz bədən sensorları şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsinin elmi-praktiki problemləri müəyyən edilib.

İşə qəbul prosesində tibb mütəxəssislərinə olan tələb və təklifin intellektual idarə olunması üçün situasiyaların qeyri-səlis oxşarlığı əsasında qərarların qəbulu metodlarının təklifi də görülən işlər sırasındadır. Sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasında sosial medianın rolu araşdırılıb və təkliflər verilib.

İnformasiya iqtisadiyyatı ilə bağlı təkliflər

Məlum olduğu kimi, İKT iqtisadiyyatın əsas tərkib hissəsindən birinə çevrilib. İnstitut bunu nəzərə alara e-iqtsadiyyat sahəsində də araşdırmaları dərinləşdirib. İnformasiya və bilik iqtisadiyyatını müxtəlif səviyyələrdə xarakterizə edən göstəricilər araşdırılaraq, indeks təklif olunub. Kompozit indeksin formalaşmasına təsir edən faktorlar müəyyən edilib və onlar arasında asılılığın araşdırılması üçün yanaşma təklifi irəli sürülüb.

Yaşıl iqtisadiyyatın formalaşma səviyyəsini xarakterizə edən ilkin göstəricilər sistemi və onun inkişafına təsir edən amillərin araşdırılmasına dair metodika da təklif olunur. İnnovativ texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi metodikası işlənilib. Predmet sahəsinin terminlərinin semantik şəbəkəsinin avtomatik qurulma texnologiyaları araşdırılıb. Öyrədici-əyləncəli terminologiya üzrə tədqiqatlar aparılıb və təkliflər işlənib.

Transliterasiya üzrə mövcud vəziyyət araşdırılıb, problemlər və onların həlli yolları göstərilib. Transliterasiyanın milli elektron kitabxanalarda istifadə imkanları araşdırma mövzusu olub, mövcud problemlər və onların həlli perspektivləri verilib. Verilənlərin emalında transliterasiya və transkripsiyanın rolu analiz olunub.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}