16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İKT-nin inkişafı iqtisadiyyatın şaxələnməsinə ravac verir
Tarix: 27-01-2018 21:57 | Bölmə: Layihə
İKT-nin inkişafı iqtisadiyyatın şaxələnməsinə ravac verir

Strateji yol xəritələri çərçivəsində 1450 yeni iş yerinin yaradılması nəzərdə tutulub

Artıq Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi uğurlar ölkə sərhəddini keçir. Son illər istər müasir texnologiyadan istifadə, istərsə də yeni metodların tətbiqi ilə bağlı irəliləyişlər əldə edilib. Əgər 10 il öncə Azərbaycanın adı İKT sahəsində “öyrənən ölkə” kimi çəkilirdisə, son illər beynəlxaq sərgilərə ev sahibi olan ölkəmiz yeni texnologiyanı tətbiq edənlər sırasına çıxıb.

Azərbaycanın bu nailiyyəti beynəlxalq aləmdə də qəbul olunmaqdadır. Belə ki, dünyanın məşhur xəbər agentliklərindən olan "Euronews" Azərbaycanı "X-Road" texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim edib. Bu texnologiyaların imkanlarından yararlanan qabaqcıl ölkələrdən bəhs edən reportaj gün ərzində bir neçə dəfə yayımlanıb. Eyni zamanda, kanalın rəsmi internet səhifəsində də yerləşdirilib.

Qeyd edək ki, Estoniyadan sonra bu texnologiyadan istifadə edən ikinci ölkə olan Azərbaycanda həm Elektron hökumət platforması, həm də Rəqəmsal Ticarət Qovşağı "X-Road" əsasında qurulub. Azərbaycandan sonra isə Finlandiya və Ukrayna bu texnologiyanın istifadəsinə başlayıb.

"Euronews"un məlumatına əsasən, Şərqi Avropada səfərdə olan Yaponiyanın Baş naziri Şinzo Abe də "X-Road" texnologiyası ilə yaxından maraqlanır.

Ölkəmizin Rəqəmsal Ticarət Qovşağı

“Reytinq”in məlumatına görə, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli deyib ki, Prezident İlham Əliyevin apardığı uğurlu innovativ siyasət nəticəsində Avropada ilk, dünyada isə ikinci Rəqəmsal Ticarət Qovşağı yaradılıb:

"X-Road" texnologiyası əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı Malayziyada əsası qoyulan qovşaqdan belə daha öncə yaradılıb. Bizim üçün Finlandiyanın, Ukraynanın və hətta dünyada ən innovativ, qabaqcıl ölkə sayılan Yaponiyanın Azərbaycanı özünə nümunə götürməsi çox xoş haldır, lakin bu, heç də təsadüfi deyil. Azərbaycan informasiya texnologiyaları və telekommunikasiya sahəsində inamla inkişaf etməkdədir. Buna nümunə olaraq, yaxın zamanlarda dünyada Estoniyadan sonra Elektron rezidentlik ilk dəfə Azərbaycanda təklif olunacaq. Yəni qeyri-rezidentlər Rəqəmsal Ticarət Qovşağı vasitəsilə asan və elektron imza əldə edərək, yeni şirkət qeydiyyatı aparacaq, ödənişlər həyata keçirəcək və digər elektron xidmətlərdən yararlanacaq. Bu unikal xidmət qeyri-rezidentlərə ölkəmizdə rahatlıqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şərait yaradacaq".

N.Əsədlinin sözlərinə görə, Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə də iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun inkişafı və təkmilləşdirilməsi, ölkənin İKT sənayesinin potensialının artırılması istiqamətində konkret tapşırıqlar verilib. Dünyanın ən məşhur xəbər agentliklərindən biri olan"Euronews"un Azərbaycanı innovativ ölkələr siyahısında vurğulaması Prezident İlham Əliyevin apardığı davamlı və sistemli iqtisadi islahatların nəticəsidir.

Qeyd edək ki, "X-Road" dünyada ilk dəfəən qabaqcıl rəqəmsal cəmiyyətə malik Estoniya tərəfindən istifadə olunub. Bir məlumat mənbəyi və şaxələndirilmiş qoruyucu bağlantılar "X-Road"un aşağı qiymət və təkmilləşdirilmiş təhlükəsizlik təklif etməsinə imkan verir. Estoniyada 52 min təşkilat tərəfindən istifadə olunan "X-Road" məlumat idarə platforması il ərzində 500 milyon müraciət qəbul edir.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Rəqəmsallaşmada liderliyi ələ alırıq

Nəzərə çatdıraq ki, Azərbaycan təkcə öz sərhədləri daxilində deyil, bütövlükdə Avrasiya regionunda rəqəmsallaşma sahəsində lider ölkədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu barədə fikirlərini bildirərkən deyib ki, Dünya Bankının hesabatına görə Azərbaycan İKT-nin inkişaf perspektivi üzrə dünyada ilk onluqdadır və bu o deməkdir ki, ölkədə İKT-nin inkişafı iqtisadiyyatın və səmərəliliyin artırılması, əhalinin sosial rifahının yaxşılaşdırılmasına müsbət töhfəsini verəcək.

Strateji yol xəritələri çərçivəsində İKT-nin inkişafı ilə bağlı 2020-ci ilədək olan dövr üçün strateji hədəfə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 235 milyon manat artması və 1450 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Bu göstəricilərə nail olmaq üçün bütün müvafiq icra hakimiyyəti orqanları, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Strateji yol xəritələri çərçivəsində nəzərdə tutulmuş islahatların həyata keçirilməsini təmin edir. Xüsusilə Strateji yol xəritələri çərçivəsində idarəetmənin təkmilləşdirilməsi, tənzimləmə qurumunun yaradılması, bazarın liberallaşdırılması kimi istiqamətlər öz əksini tapıb. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində həm də ölkəyə böyük miqdarda investisiyanın cəlbi və ölkədə təhsilin, bank sektorunun, eləcə də sosial həyatın müxtəlif sahələrinin, idarəetmənin elektronlaşdırılması, rəqəmsallaşdırılması imkanları tətbiq ediləcək.

“Azərbaycanın yaratdığı Rəqəmsal Ticarət Qovşağı hazırda elektron imzaların qarşılıqlı tanınmasını həyata keçirir. Faktiki olaraq, Avropa İttifaqı, Böyük İpək Yolu üzərində olan ölkələr, GUAM-a üzv ölkələr, o cümlədən müsəlman ölkələrində imzaların qarşılıqlı tanınması istiqamətində nailiyyətlər əldə edilib. Bu onu göstərir ki, Azərbaycan təkcə öz sərhədləri daxilində deyil, bütövlükdə Avrasiya regionunda rəqəmsallaşma sahəsində lider ölkədir və liderliyini qorumaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı, sistemli, elmtutumlu islahatlar böyük töhfə verəcək”, - deyə V. Qasımlı vurğulayıb.

Müsbət məqamlardan biri də odur ki, Azərbaycan yerində saymır. Belə ki, son illər yeni texnologiya ilə bağlı təşkil olunan müxtəlif tədbirlərə qatılaraq təcrübəmizi daha da genişləndiririk.

Azərbaycan rabitə və peyk sərgisində

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq “CAPSAT 2018” rabitə və peyk sərgisində Azərbaycan da təmsil olunur. Tədbirdə kosmik kluba üzv olan ölkələrin rabitə və peyk xidmətləri sahəsindəəldə etdikləri texnoloji yeniliklər sərgilənir. Sərgidə “Azərkosmos” ASC-nin rəsmiləri də iştirak edirlər. Azərbaycana aid stenddə ölkəmizin müasir peyk imkanları və telekommunikasiya xidmətlərindəki fəaliyyəti sərgilənir.

Azərbaycanı təmsil edən mütəxəssislər stendimizlə maraqlanan sərgi iştirakçılarına “Azerspace-1” peykinin imkanları və potensialı barədə məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmiz qısa zamanda kosmik sahənin inkişafında önəmli irəliləyiş əldə edib. “Azerspace-2” peyki isə bu ilin aprel ayında orbitə göndəriləcək.

ASC-nin mütəxəssisi Xəyalə Əliyeva bildirib ki, “Azərkosmos” ASC Yaxın Şərq, Afrika və Cənubi Asiya regionunun aparıcı yayım, rəqəmli media və peyk xidmətlərinin nümayiş olunduğu “CAPSAT 2018” sərgisində öz stendi ilə artıq 4-cü ildir ki, iştirak edir. Stend vasitəsilə sərgi iştirakçıları “Azərkosmos”un fəaliyyəti barədə, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” peykinin, eləcə də bu il orbitə buraxılacaq “Azerspace-2” peykinin təqdim etdiyi xidmətlərlə tanış olacaq.

İnnovasiya və Texnologiya Agentliyi ilə əməkdaşlıq

Sözsüz ki, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi, İKT sahəsində təcrübə mübadiləsinin aparılması yönündə də davamlı tədbirlər həyata keçirilir. Bu günlərdə Gürcüstanda səfərdə olan “Baku Business Factory”nin (BBF) nümayəndələri Tbilisidə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin rəhbər şəxsləri ilə görüşüb.

“Reytinq”ə verilən məlumata görə, BBF-nin İdarə Heyətinin üzvü Anar Əskərov görüşdə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin direktoru George Zviadadze və agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Maryam Laşxi və digər şəxslərə BBF-nin fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları, mentorluq, layihələrə investisiyaların cəlbi və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Görüşdə BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında qarşılıqlı əməkdaşlıq, Azərbaycan startaplarının Gürcüstanda, Gürcüstan startaplarının Azərbaycanda təcrübə mübadiləsi keçmələri istiqamətində müzakirələr aparılıb. Söhbət zamanı Bakıda BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanması barədə ilkin razılıq əldə olunub.

Onu da qeyd edək ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi 2014-cü ildə yaradılıb. Agentliyin əsas məqsədləri Gürcüstanda innovativ ekosistemin yaradılması, bir sıra sahələrdə innovasiya və texnologiyalardan istifadənin stimullaşdırılması, innovativ sahibkarlığın kommersiyalaşdırılması, IT və innovativ startaplara dəstək vermək və sairdir.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.





Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}