16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Elektron xidmətlərin sayı 442-ə çatdırılıb
Tarix: 03-02-2018 11:39 | Bölmə: Layihə
Elektron xidmətlərin sayı 442-ə çatdırılıb

İl ərzində “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərə müraciət edənlərin sayı 23 milyondan çox olub

Ötən il ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində kifayət qədər iş görülüb və nailiyyətlər əldə edilib. Xüsusən də “Elektron hökumət”in təkmilləşməsi və əhatə dairəsinin genişləndirilməsi yönündə atılan addımlar müsbət nəticələr verib.

Rəsmi statistikaya görə, 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərə müraciət edənlərin sayı 23 milyondan çox olub. Bu müddət ərzində "Elektron hökumət" portalı üzərindən xidmətlərinə ən çox müraciət olunan 10 qurum aşağıdakılardır:

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi -9.341.135

– Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - 8.327.251

– Dövlət İmtahan Mərkəzi - 3.173.948

– Dövlət Gömrük Komitəsi - 961.392

– "Azərsu" ASC - 347.243

– Əmlak Məsələləri Dövlət Komitəsi - 103.965

– Daxili İşlər Nazirliyi - 96.568

– Ədliyyə Nazirliyi - 58.253

– Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi - 54.417

– Dövlət Miqrasiya Xidməti - 52.053.

Statistikaya əsasən, 2017-ci ildə portalın təqdim etdiyi xidmətlərə müraciət sayı 23 milyondan artıq olub. Həmçinin, ötən il portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 minə yaxın olub, ümumilikdə isə portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 700 minə yaxındır.

Vətəndaşların marağına səbəb olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil sistemi”, “Elektron ipoteka sistemi” kimi bır sıra sosial xidmətlər də elektronlaşdırılaraq portala inteqrasiya olunub. Eyni zamanda, portal dövlət qurumları arasında məlumat mübadiləsini də həyata keçirir. Məlumat üçün qeyd edək ki, MİDA-nın “Güzəştli mənzil sistemi” üçün, 5 dövlət qurumu ilə 7 məlumat mübadiləsi, “Elektron ipoteka sistemi” üçün isə 5 dövlət qurumu ilə 16 məlumat mübadiləsi aparılır.

Onu da nəzərə çatdıraq ki, 2017-ci il ərzində “Elektron hökumət” portalına 41 yeni elektron xidmət inteqrasiya edilib. Bununla da hazırda portalda olan e-xidmətlərin sayı ümumilikdə 442-ə çatdırılıb.

"Elektron hökumət” portalı tərəfindən təqdim olunan e-xidmətlərdən vətəndaşlarımızın daha çox və səmərəli şəkildə faydalanmaları məqsədilə MHM və Nazirliyin Elektron-Hökumət Təlim Tədris Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri, müsabiqələr və kampaniyalar 2017-ci ildə də davam etdirilib.

Daha 2 qurum e-hökumətə qoşuldu

2018-ci ilin ilk ayını yaşasaq da, e-hökumətə inteqrasiya davam edir. “Elektron hökumət” portalı ilə əməkdaşlıq sayəsində “Bank Avrasiya” və “Molbulak” bank olmayan kredit təşkilatı kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb. Adı çəkilən bank və kredit təşkilatı kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka, yaxud kredit təşkilatına ünvanlaya bilər.

Qeyd edək ki, hazırda "Elektron hökumət" portalının istifadəçiləri 18 adda arayışı "Elektron hökumət" portalına giriş olmaqla formalaşdırmaq və ötürmək imkanına sahibdir.

Aqrar sahə ilə bağlı xidmətlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına yeni elektron xidmətlər inteqrasiya olunub. Beləliklə, Kənd Təsərrüfatı Nazirliyinin aşağıda adları çəkilən 3 yeni elektron xidməti portala inteqrasiya edilib:

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu;

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu;

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu.

Qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək mütləqdir.

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etməklə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi cənab Ağakişi Alıyevə elektron müraciət etmək mümkündür. Müraciət edən şəxs portalda qeydiyyatdan keçdiyindən onun haqqında olan məlumatlar anket üzərində avtomatik olaraq tamamlanır. İstifadəçi ərizənin məzmunu və sənədlərin növü üzrə digər məlumatları da sistem üzərindən tamamlayıb göndərməklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətini etmiş olacaq.

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etmək üçün ərizəçi fiziki, yoxsa hüquqi şəxs kimi müraciət edəcəyini seçir, sonra ərizənin növünü, texnikanın növünü, marka və modelini, zavod nömrəsini, mühərrik nömrəsini və müfəttişliyi (hansı rayona aid olması), texnikanın adını, rəngini, satış nömrəsini, istehsal ilini və tarixi qeyd edib, lazım olan sənədləri əlavə edərək, ərizəni göndərə bilir.

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etmək üçün ilk növbədə istifadəçi öz məlumatlarını qeyd edir. Şəxsiyyət vəsiqəsinin FİN-ni (xidmət qeydiyyatlı olduğundan FİN sistem tərəfindən avtomatik olaraq tamamlanır), elektron ünvanını, mobil telefonunu qeyd edib, anketdə tələb olunan digər məlumatları da seçərək, ərizəni göndərmiş olur.

Qeyd edək ki, "Elektron hökumət” portalına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 22-yə çatdırılıb.

Gənclər “Elektron hökumət”i öyrənir

Mühüm məqamlardan biri də odur, gənclərin e-hökumətlə bağlı maarifləndirilməsi işi də mütəmadi olaraq aparılır. Belə ki, il ərzində davamlı olaraq “Elektron hökumət – müasir gəncliyin trendi” layihəsi çərçivəsində Ağdam rayonunda və Bakıda məlumatlandırma seminarları keçirilib. “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Elektron hökumət – müasir gəncliyin trendi” layihəsinə yekun vurub. Təşkilatın rəhbəri Rəşad Cəfərov bildirib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə hər bir gənc informasiya cəmiyyətinin yeniliklərindən xəbərdar olmalıdır: “Gələcəkdə vətəndaş-məmur əlaqələrinin daha çox “Elektron hökumət” üzərində qurulacağı labüddür və bu səbəbdən “Elektron hökumət”in təqdim etdiyi xidmətlərdən istifadə etməyi hər kəs bacarmalıdır. “Elektron hökümət”in qurulmasının sürətləndirilməsinin qarşısını alan əsas problemlərdən biri də gənclərin kifayət qədər məlumatlı olmamasını, elektron xidmətlərdən istifadə qaydalarını bilməməsini göstərmək olar. Həyata keçirilən bu layihədə sözügedən problemin qismən də olsa həll olunması üçün gənclər arasında maarifləndirmə işinin aparılması, müasir dövrün trendi olan “Elektron hökumət”ə aid – “Elektron imza”, “Elektron hökumət” portalı, açıq hökumət məlumatları barədə geniş maarifləndirmə işinin görülməsi nəzərdə tutulub. Seminarlarda, həmçinin "Elektron hökumət"də gənclər üçün yaradılan imkanlar barədə məlumatlar verilib, məlumatların gənclərin hafizəsində möhkəmləndirilməsi məqsədilə diskussiyalar təşkil olunub. Seminarların daha praktik olması üçün gənclərə “Elektron hökumət” portalı e-gov.az saytında autentifikasiya vasitələrindən olan istifadəçi adı və parolun əldə edilməsi qaydası da öyrədilib. "Elektron hökumət" quruculuğu çərçivəsində təşkil olunan bu seminarların məramı hər bir Azərbaycan gəncini e-xidmətlərdən istifadəyə təşviq etmək, ölkədə gedən rəqəmsallaşma prosesinin iştirakçısına çevirmək olub.”

Seminar iştirakçılarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalı ilə bağlı məlumat verilərək bildirilib ki, bu portal müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. Hazırda “Elektron hökumət” portalında 438 elektron xidmət mövcuddur. Bu portalı vasitəsi ilə, həmçinin arayışların elektron qaydada əldə edilməsi imkanı da yaradılıb ki, buna maraq daha böyükdür.

Qeyd edək ki, layihə çərçivəsində seminarlar Ağdam rayonunda və Bakı şəhərində təşkil olunub. Ümumilikdə seminarlara 300-ə yaxın gənc qatılıb. Seminar iştirakçıları əldə etdikləri bilik və məlumatlardan istifadə edərək həm öz həyatlarında istifadə edəcəklərini, həm də texnoloji avadanlıqlardan istifadə etməyi az bacaran valideynlərinə elektron xidmətlərdən istifadə etmələrinə köməkçi olacaqlarını bildiriblər.

Nitq və eşitmə məhdudiyyətli qızlar üçün təlim

Maraqlıdır ki, maarifləndirmə işi bununla bitmir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi dekabrın 12-də nitq və eşitmə məhdudiyyətli gənclər üçün “Elektron hökumət” mövzusunda təlim keçib. Təlim çərçivəsində elektron xidmətlərin ölkə vətəndaşlarının həyatındakı rolu, “Elektron hökumət” portalı və “Elektron imza” barədə məlumat verilib.

“Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan xidmətlər üzrə praktiki iş keçirilib. İştirakçılar portala giriş edərək yaşayış yeri haqqında arayış, diplom haqqında arayış və portalın köməkçi alətləri ilə tanış olublar. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimi” layihəsində 16-30 yaş arası bu sahəyə marağı olan 20 gənc xanım iştirak edir. Layihə çərçivəsində İKT sahəsində kompüter haqqında ümumi biliklər, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası və s. üzrə 12 təlim təşkil olunub. Sözügedən təlim “Elektron hökumət” Təlim Tədris Mərkəzində baş tutub.

“Gənclər və Elektron Hökumət” layihəsi

Nəzərə çatdıraq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi və Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyasının birgə təşkilatçılığı ilə “İnformasiya Cəmiyyətinin Təməli: Gənclər və Elektron Hökumət” layihəsi davam etdirilir. Layihə çərçivəsində növbəti təlimlərə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin dəstəyi ilə 12 yanvardan etibarən start verilib. Bakı Biznes Tədris Mərkəzində keçirilən tədbirdə layihə haqqında iştirakçılara məlumat verilib və layihənin növbəti mərhələsinin gənc sahibkarlar üçün keçirildiyi qeyd edilib.

Növbəti təlimlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Bakı və regional təlim mərkəzlərində davam etdiriləcəkdir. Təlimlər ölkənin 4 regionunu (Mingəçevir, Qazax, Göyçay və Şəki) əhatə edir. Təlimlərin keçirilməsində əsas məqsəd gənc sahibkarlar, gənclər təşkilatları və fərdi gənclərin ən çox istifadə etdiyi elektron xidmətlər üzrə biliklərinin artırılmasıdır.
Təlimlər 3 gündən ibarət olub, 6 mövzunu əhatə edir:

- www.e-gov.az portalı haqqında giriş;

- E-imza istifadəsinin texniki və hüquqi aspektləri;

- Məcburi dövlət sosial sığortası hesabatların təqdim edilməsi e-xidməti;

- Vergilər sahəsi üzrə e-xidmətlər;

- Statistika üzrə e-xidmətlər;

- Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər.

Bütün təlimlərdə iştirak edən şəxslərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaq.

Bütün bunlar onu göstərir ki, e-hökumət bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf xətti ilə yanaşı, gənc nəslin maariflərndirilməsi prosesi də pararlel aparılır. Yəqin ki, bu proses gələcəkdə İKT-nin inkişafına əlavə töhfələr verəcək.

Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}