09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
Robotlar freskoların bərpasına kömək edəcək
Tarix: 01-12-2025 11:18 | Bölmə: Mədəniyyət


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "RePAIR" layihəsi qədim Pompey şəhərində tapılan artefaktların yığılması və freskoların bərpası üçün xüsusi robotlardan istifadə edəcək.

Reyting.az-ın məlumatına görə, İtaliyada fəaliyyət göstərən, nüfuzlu elm və təhsil müəssisəsi kimi tanınmış Ka-Foskari Universitetinin mühəndisləri tərəfindən hazırlanmış sistem süni intellektlə görüntü tanıma, "pazzl" yığma alqoritmləri, eləcə də yüksək dəqiqlikli robot manipulyatorlarına əsaslanır.

Robotun qolları kameralar vasitəsilə qədim fraqmentləri tanıyır və zərif səthlərə zərər vermədən onları tam birləşdirməyi bacarır.

Alimlər məşhur Vezuvi vulkanının 79-cu il püskürməsi, eyni zamanda, İkinci Dünya Müharibəsində baş verən bombardmanlar zamanı zədələnmiş antik tavan rəsmlərini, həmçinin 2010-cu ildə qəfil çökmüş tarixi "Qladiatorlar evi" abidəsinin freskolarını tamamilə bərpa etməyə çalışırlar.

Məlumata görə, artıq ilkin sınaqlar üçün obyektlərin surətləri də hazırlanıb.

Mütəxəssislər bildiriblər ki, bu proses itkin hissələr, eləcə də bir çox hazır nümunənin olmaması səbəbilə çətin "çoxlu qutusu olan pazzl" yığmağa bənzəyir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər