12:54 / 24-05-2024
MEDİA müsabiqə elan edib
888 nömrəli iş - Akif Abbasov yazır
Tarix: 12-04-2024 20:47 | Bölmə: Akif ABBASOV
888 nömrəli iş

Akif ABBASOV

(hekayə)

Qapının zəngi çalındı. Zakir cəld geyinib gözlükdən baxdı. Milis işçisini görəndə ürəyi düşdü: «Səhərin gözü açılmamış xeyir ola?!» - deyə öz-özünə sual verdi. Qapını açdı. Sahə müvəkkili əlini gicgahına aparıb özünü təqdim etdi:

- Kapitan Cabir Sabirov, sahə müvəkkili.

Sonra:

- Zakir Həmidov sənsən? - deyə soruşdu.

- Bəli, mənəm.

- Mahmud Həmidov sənin qardaşındır?

- Qardaşımdır.

Zakirin həyəcanı get-gedə artırdı. Sahə müvəkkili də narahat idi. Ani sükutdan sonra, nəhayət, o, özünü ələ alıb həqiqəti söylədi. Onsuz da gec-tez deməli idi.

- Özünü ələ al. Sənə bəd xəbər verəcəyəm. Mahmud həlak olub.

Zakir eşitdiyinə heç cür inana bilmirdi. Dünən ailəsini də götürüb Mahmudgilə getmişdi. Qardaşının iki uşağı vardı. Birinin beş, digərinin üç yaşı olardı. Gecədən xeyli keçənədək oturub söhbət etmişdilər. Sonra da qatarla Mahmudu Bakıya yola salmışdı.

- Nə danışırsan? Bəlkə səhv edirsən? Mahmud rayonda deyil.

Milis zabiti əlini gicgahına apararaq fağır-fağır:

- Mən başqa bir şey əlavə edə bilmərəm, - dedi. - Səhər tezdən Bakıdan zəng edib növbətçiyə deyiblər.

Sahə müvəkkili getdi. Zakir bir müddət yerində donub qaldı. Özünü heç cür ələ ala bilmirdi: «Təki yalan olaydı. Axı niyə belə olsun?! Axı o, heç kimin toyuğuna kiş də deməyib. Bu ağır xəbəri anama, atama, Mahmudun uşaqlarına və arvadına necə çatdırım?! Təki yalan olaydı. Kaş ölməyəydi. Razıyam, şil olsun, şikəst olsun, amma kölgəsi ailəsinin, uşaqlarının üstündən əskik olmasın”.

Zakir ilan vuran adamlar kimi cəld çıxıb qapını örtdü. Pillələri düşərkən birdən ayaq saxladı. O, Mahmudgilə getmək istəyirdi, amma fikrini dəyişdi. Onu özü yola salmışdı. Məsələni yerli-yataqlı öyrənməmiş qardaşının arvad-uşağını narahat etmək istəməyib geri döndü və milis şöbəsinə zəng vurdu. Telefonda ciddi və rəsmi bir səs eşidildi:

- Növbətçi milis serjantı Vəli Vəliyev eşidir.

Zakir qəhərdən boğula-boğula:

- Sizi Mahmud Həmidovun qardaşı narahat edir. Zəhmət olmasa, deyin, onunla bağlı yeni məlumat öyrənə bildiniz?

Milis serjantı səsinə mülayim, qayğılı bir ahəng qataraq cavab verdi:

- Təəssüf ki, yox. Yeni məlumat əldə edə bilməmişik.

Açıq-aydın hiss olunurdu ki, o da Zakirin dərdinə şərik çıxır. Zakir sözünə davam edərək dedi:

- Sizdən bir xahişim var. Qardaşımın ölümü barədə onun ailəsinə heç nə deməyin. İndi mən Bakıya yola düşürəm. Görüm…

Yüngül minik maşını məsafəni təxminən üç saata qət edərdi. Zakir qərara almışdı ki, kənddə yaşayan valideynlərinə, qardaşlarına da bu barədə heç nə deməsin. Bəlkə yalan idi, anlaşılmazlıq baş vermişdi. Nahaq yerə hay-küy qaldırmaq niyə lazım idi?

O, Bakıya saat 12-də çatdı. Taksiyə əyləşib Daxili İşlər Nazirliyinə sürdürdü. Orada onu Bakı daxili işlər idarəsinə göndərdilər. Cinayət-axtarış şöbəsinin rəisi, polkovnik Şükürov pasportdakı şəkli Zakirə göstərdi:

- Qardaşındır?

Pasport Mahmudunku idi. Zakirin olan-qalan ümidi də boşa çıxdı. Polkovnik aydınlaşdırmağa başladı:

- Qardaşın qatarda, yatdığı yerdə öldürülüb. Cinayətdən çox gec xəbər tutublar. Vaqonlar depoya çəkiləndə kupeni təmizləyən qadın görüb. Cani qaçıb aradan çıxıb. Meyit morqdadır.

Zakir ləngimədən xəstəxanaya gəldi. Meyiti görəndə sinəsindən yanıqlı bir ah qopdu:

- Mahmud! Mahmud! Can qardaş!

* * *

Cinayət-axtarış şöbəsinin rəisi polkovnik Şükürov 888 nömrəli iş qarşısında olduğu halda fikrə getmişdi. Neçə vaxt idi ki, Mahmud Həmidovun ölüm işi ilə məşğul idi. Cinayətin izinə düşmək mümkün deyildi. Mahmud yataqda öldürülmüşdü. Boğazından endirilən qəfil bıçaq zərbəsindən sonra o, yerindən qalxmağa çalışmış, növbəti zərbəyə düçar olmuşdu. Qatil iyirmi səkkiz bıçaq zərbəsi endirmişdi. Meyitin təhqiqindən görünürdü ki, qatil naşıdır və çox cavandır. Cinayəti törədərkən hədsiz tələsmiş, qorxu içərisində olmuşdur. Elə qorxduğu üçündür ki, mərhumun hansı əzası tərpənmişdirsə, elə bilmişdi ki, bu saat durub onu boğazlayacaq və bu fikrin təsirilə zərbələri bir-birinin ardınca endirmişdi.

Qətldə məqsəd qarət olmuşdu.

Cani haqqında hələlik heç bir məlumat əldə edilməmişdi. Vaqonun bələdçisi dindirilmişdi. O, gənci xatırlamırdı. Mahmud iki nəfərlik kupedə gedirdi. Bələdçinin dediyinə görə, biletlərin hər ikisini ona Mahmud təqdim etmişdi. Yataq ağını da bələdçidən Mahmud alıb kupeyə aparmışdı.

Polkovniki neçə gün idi ki, bir sıra suallar narahat edirdi: «Cani ilə onun qurbanı – Mahmud qabaqcadan tanış idilərmi? Yoxsa bir-birlərinə vaqonda rast gəliblər? Orada tanış olublarsa, nə üçün hər iki bilet Mahmudda olub?! Yox, onlar bir-birlərini qabaqcadan tanıyırmış. Bəs elə isə başqa sual meydana çıxır: əvvəllər aralarında ədavət olubmu? Bax, bunları aydınlaşdırmaq gərəkdir. Bakıya nə üçün gedirlərmiş? Bəlkə ümumi məqsəd onları birləşdirib? Bu ümumi məqsəd nədən ibarət imiş? Yəqin sonradan aralarında inciklik düşüb».

Polkovnik yalnız bəzi məlumatları əldə etmişdi: Mahmudun barmağında üzük, qolunda saat varmış. Bunu ondan bilmək olurdu ki, üzüyün də, saatın da yeri meyitin qolunda və barmağında iz buraxmışdı. Vaqona girəndə Mahmudun əlində «Diplomat» çamadan olub. Bunu bələdçi görüb. Cani nədənsə onun gödəkçəsinə toxunmayıb. Amma cinsi şalvarını aparıb. Əlini mərhumun cibinə salıb-çıxarıb. Cibin astarı çevrildiyindən bunu asanlıqla təyin etmək olurdu. Həm də əli qanlı olduğundan astarda caninin barmaq izləri qalmışdı.

Polkovnik mərhumun qardaşını da danışdırmışdı. Onun söylədiyinə görə, Mahmudun heç kimlə ədavəti olmayıb. Kupedə isə ondan savayı başqasını görməyib. Kiminsə gödəkçəsi asılıbmış, deməli, yol yoldaşı, sözsüz, varmış. Mahmudla kupe yoldaşı tanış deyildi. Çünki qardaşının dilindən eşidib: «Görəsən yol yoldaşım kim olacaq? Yola çıxdın, gərək yol yoldaşın ürəyincə ola».

Polkovnik Şükürovun tapşırığına əsasən, Zakir qardaşının özü ilə götürdüyü əşyaları, onun geyimini təsvir etdi. Məlum oldu ki, onun əynində maral dərisindən gödəkçə varmış. Dərinin tüklü tərəfi içəriyə deyil, çölə tikilibmiş. «Diplomat» çamadana da eyni dəridən üz çəkilmişdi. Gödəkçə və çamadan bir ansambl təşkil edirmiş. Mahmudun qolunda yapon markalı elektron saat varmış.

O, suvaqçı idi. Ona görə də saatın şüşəsi sürtülmüşdü. Barmağına iri qızıl üzük taxmışdı. Üzüyün qaşı bir növ sandığı xatırladırdı. Açarı da vardı. Diplomatında yaraşıqlı bıçaq gəzdirirdi. Zakir buraya çatanda qeyd etdi ki, bıçağı gəzdirməklə heç bir pis niyyət güdmürdü, özü də yola çıxanda onu götürürdü. Yolda kimə bıçaq lazım olmur: çörək, pomidor, kolbasa doğramağa, butulka, konserv ağzı açmağa…

Zakir sevimli qardaşını bir də heç vaxt görməyəcəyini aydın dərk edərək, kövrəkcəsinə:

- Ümumiyyətlə, o, zövqlə geyinməyi xoşlardı. Kimsəyə «Gözün üstə qaşın var» deməzdi. Çalışardı ki, hamının karına gəlsin. Son tikəsini də başqasına verməyə hazır idi.

Polkovnik üzüyün və bıçağın şəklini Zakirə çəkdirdi və işin içərisinə qoydu…

…Təxminən bir ilə qədər vaxt keçmişdi. Axtarışlar heç bir nəticə vermirdi. Zakir bu müddət ərzində açmadığı qapı qoymamışdı. Hər dəfə milis şöbəsinə gələndə təəssüf hissilə bildirirdlər ki, hələlik tutarlı məlumat yoxdur.

Mahmudun ölümü ailəni sarsıtmışdı. Ana heç cür aram olmur: «Can bala, gözlərinə qurban, kaş mən öləydim sənin yerinə. Cavan ölən canına anan qurban! Yazıq tifillər! Uşaqların gözləri yollardan yığışmır!»

Mahmudun bütün şəkillərini yığıb gizlətmişdilər, ancaq ana tapıb qarşısına qoyur, ağı deyərək saçlarını yolurdu:

Qızıl gül olmayaydı.
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.

Hətəm kişi çubuğunu tüstülədərək, hey fikrə gedir, «Yaman yerdə belimi qırdın, oğul»,- deyə heç cür təskinlik tapmırdı. Bir də o boyda oğul itirən hansı ata bu tezliklə sakitləşə bilər?

Qatil də tapılmamışdı.

Günlər keçirdi. Artıq Mahmudun ilini də vermişdilər. Lakin oğul dağı, qardaş nisgili, ata həsrəti, ər dərdi ailəni tərk etmirdi. Belə günlərin birində Zakir teleqram aldı: «Təcili Bakıya gəl. Polkovnik Şükürov».

Zakir yola düşdü. Polkovnik onu gülərüz qarşıladı. Zakir onun sözlü olduğunu, qardaşı ilə bağlı nə isə yeni məlumat əldə etdiyini əlüstü başa düşdü. Bu, bütün ailənin arzusu idi. Mahmudun nə üçün, nə məqsədlə, kim tərəfindən öldürüldüyünü bilmək istəyirdilər. Polkovnik seyfi açıb şirmayı dəstəkli bıçağı stolun üstünə qoydu:

- Sənə tanış gəlir?

Zakir bıçağı tanıdı. Mahmudunku idi.

- Onundur.

- Səhv etmirsən ki?

- Əsla. Əldə düzəlib. Başqasında beləsi yoxdur.

Bu dəqiqləşdirmədən sonra polkovnik ayağa durub soyuducunu açdı. “Badamlı”dan stəkanlara süzüb birini Zakirin qarşısına qoydu. Digərini isə özü içdi və danışmağa başladı:

- Bıçaq təsadüfən əlimizə düşüb. Bir sərxoşu ayıltma məntəqəsinə gətirmişdilər. Ciblərini yoxlayanda bu bıçaq çıxdı. Deyir, bir vaqon bələdçisindən on beş manata alıb. Fikirləşdik ki, yəqin həmin vaqon bələdçisidir. Soruşdum sir-sifətini, yaşını, boy-buxununu. Uyğun gəlmədi. Marşrut da, vaqonun nömrəsi də başqa idi. Buna baxmayaraq, qətlin törədildiyi vaqonun bələdçisini çağırtdırdım. O, səfərdə idi. Gözlədik. Geri qayıdanda həm onun, həm də ayıltma məntəqəsinə düşən şəxsin dalınca adam göndərdim. Onları üzləşdirdim. Bir-birlərini tanımırdılar. Gənc həmin bələdçidən bıçaq almadığını, bələdçi də ona bıçaq vermədiyini söylədi.

Saxlanılan gəncdən soruşdum ki: «Həmin vaqon bələdçisini görsən tanıyarsan?». Dedi ki, tanıyar. Onu bir nəfər milislə dəmiryol vağzalına növbətçi qoydum. Vaqon bələdçisini şübhələndirmək lazım deyildi, sadəcə, güdmək, yaşadığı yeri, adını və soy adını, marşrutunu və vaqonu öyrənmək lazım idi. Saxlanılan gənc nə vaqonun, nə də qatarın nömrəsini xatırlayırdı.

Onlar Biləcəri stansiyasında növbə çəkirdilər. Bu çox vaxt alırdı. Gələn bütün qatarları gözdən keçirmək lazım gəlirdi. Ona görə də milis işçisi mülki geyimdə aşağıda – perronda dayanır, gənc isə atılıb birinci vaqondan minir, bufetdən konfet almaq bəhanəsi ilə vaqonları ötə-ötə bir-bir bələdçilərə göz yetirirdi.

Nəhayət, həmin bələdçini tapmaq mümkün oldu. Polkovnik ünvanı götürüb onun evinə getdi. O, iri gövdəli, 35-40 yaşlarında bir kişi idi. Vaqon bələdçisinin dediyinə görə, ona bıçaq bağışlayan gənci heç əməlli-başlı tanımır. Nə onun ünvanını bilir, nə adını, nə də soy adını. Onu Fedya kimi tanıyır.

Polkovnikin xahişi ilə vaqon bələdçisi həmin gənci təsvir etdi və sonra polkovniki inandırmağa çalışdı ki, o, həqiqətən “Fedya”nı yaxşı tanımır, təsadüfən tanış olublar, daha doğrusu, içki dostudurlar. Cəmi bir dəfə onunla görüşüb, ikinci görüşündə bıçağı ona bağışlayıb. Vaqon bələdçisinin bıçaqdan xoşu gəlib, başlayıb tərifləməyə, o da özünü əliaçıq göstərib.

- Saat neçədə gəlmişdi?

- Təxminən gecə saat üç radələrində.

Sonra polkovnik saat, üzük, çamadan barədə xəbər aldı. Bələdçi təsdiq etdi ki, həmin əşyaları görüb.

Polkovnik sorğu-sualı bitirib xudahafizləşdi. Çıxmaq istəyəndə bələdçi birdən yadına salıb, onu səslədi:

- Yoldaş polkovnik, burada bir zərf qalıb. Oğlan səhər ertə çıxıb getdi. Axşam oturub bu məktubu yazdı. Ancaq gedəndə nədənsə unutdu. Əvvəlcə istədim poçt qutusuna salım. Sonra fikirləşdim ki, bəlkə qayıdacaq. Özü yola salar. Günlər keçdi, gəlmədi. Mən də zərfi yola salmadım. Dedim, bəlkə fikrini dəyişib, daha məktubu yollamaq istəmir. Bax, eləcə də qalıb.

Polkovnik zərfi götürüb baxdı. Göndərilən ünvan yazılmışdı. Geriyə isə ünvan yox idi. Məktub Tümenə – Nataşa Yeqorovaya idi…

* * *

Gözəl biçimli qızı polkovnikə göstərərək: “Nataşa o qızdır”,- dedilər. Polkovnik qıza yaxınlaşarkən diqqətini onun qolundakı yapon markalı saat cəlb etdi. O, saatı soruşdu. Qız qolunu qaldırıb baxmaq istəyəndə polkovnik:

- Üzr istəyirəm, - deyib üsulluca onun qolundan yapışdı, qaldırıb özü baxdı. Lakin baxışlarını əqrəblərə deyil, saatın şüşəsinə zillədi. Şüşə Zakirin təsvir etdiyi şəkildə sürtülmüşdü.

Nataşa aşpaz işləyirdi. Saatın şüşəsi isə qum-sementlə çox iş görüldüyündən sürtülmüşdü. Polkovnik qızın gözlərinin içərisinə nüfuzedici tərzdə baxaraq:

- Bu saat sizə haradandır? - deyə xəbər aldı.

Qız müqavimət göstərdi:

- Siz kimsiniz? Nəyinizə lazımdır?

Tanımadığınız adamı sorğu-suala tutmaq mədəniyyətsizlikdir!

- Doğrudan? Onda gəlin tanış olaq.

Polkovnik özünü təqdim etdi. Qızın rəngi qar kimi ağardı. Dili topuq çaldı:

- Saatı dostum mənə bağışlayıb, - dedi.

Məlum oldu ki, həmin qatil yaxınlarda burada olubmuş. Birlikdə restorana gediblər, rəqs ediblər. O, yaxşı pul xərcləyirmiş.

Artıq həmin şəxsin ünvanı məlum idi. Polkovnik oğlanın yaşadığı rayona yola düşdü. Onu soraqladı. Ata-anasının dediyinə görə, artıq iki ay olardı ki, o, evə gəlmirdi. Polkovnik gedərkən həm xahiş, həm də xəbərdarlıq etdi:

- Xahiş edirəm, onun haqqında məlumatınız olan kimi yerli milis şöbəsinə xəbər verin. Bu, həm onun, həm də sizin xeyrinizədir.

Qatilin şəkli dərhal bütün milis şöbələrinə paylandı və az sonra o, ələ keçdi.

Hadisə belə baş vermişdi. İki nəfərlik kupedə gödəkçəsini asan bu adamın, sən demə, bileti yoxmuş. Daha doğrusu, bilet dalınca gedib, lakin qatarda yer olmadığını bəhanə gətirib ona bilet satmayıblar. Ona görə də gödəkçəsini götürüb vaqonu tərk etmək istəyib. Bunu görən Mahmud:

- Qonşu, deyəsən fikrini dəyişdin. Getməli olmadın? - deyə xəbər alıb.

Cavan oğlan:

- Bilet tapa bilmədim, dedi. - Amma dəqiq bilirəm ki, bu yer boşdur.

Mahmud əlini onun çiyninə qoyaraq:

- Ürəyini sıxma, dostum. Səninçin bu saat bilet taparam. Kassir mənim tanışımdır.

Mahmud gedir və həmin gənc üçün də bilet alır…

Sən demə, bu nəcib, xeyirxah addımı atarkən özü-özünə quyu qazır, özünü taleyin hökmünə buraxırmış. Xeyirxahının bahalı geyimi, qızıl saatı və üzüyü, yaraşıqlı çamadanı, pulu nanəcibin ağlını azdırıb.

Birlikdə yeyib-içiblər. Mahmud üzr istəyərək çimərlik paltarında yatağa uzanıb. Şirmayı dəstəkli bıçağı elə stolun üstündəcə ağzı açıla qoyub. Həm yorğun, həm də içkili olduğundan dərhal yuxuya gedib.

Mahmudu yuxuya verəndən sonra onun yol yoldaşı bir az əvvəl çörək kəsdikləri bıçaqla, öz bıçağı ilə onu qətlə yetirib. Qatil növbəti stansiyada sakitcə qatardan düşüb yoluna düzələ bilərdi. Lakin ələ keçəcəyindən qorxub.

Baş verən hadisədən gecə vaxtı heç kim xəbər tutmayıb. Mahmud köməksiz vəziyyətdə olub. Gecə vaqon təkərlərinin tıqqıltısı Mahmudun qışqırtısını, iniltisini udub. Həm də vaqon bələdçisi də daxil olmaqla, hamı yuxuda olub.

Zərbə Mahmudun boğazından endirilib. Cani pulları, çamadanı, saatı, üzüyü götürüb. Sonra növbəti stansiyada qatardan düşüb. Burada onu “Fedya” adlandıran “dostu” vaqon bələdçisinin qapısını döyüb. Heç nə olmayıbmış kimi səhərə qədər yeyib-içiblər, hətta öldürdüyü adamın bıçağını peşkəş verib. Mahmudun meyiti isə səssiz-səmirsiz Bakıya gəlib çatıb…

Müəllifin bütün yazıları - Akif ABBASOV



Bölməyə aid digər xəbərlər
7-04-2024, 11:26 Akif ABBASOV - Taksi - Hekayə
18-02-2024, 10:15 Akif ABBASOV - Acığa iş - Hekayə
15-02-2024, 08:42 Akif ABBASOV - Sükan - Hekayə
6-02-2024, 16:25 Akif ABBASOV - Kəlbətin - Hekayə

{sape_links}{sape_article}